Свобода людям, независимость нациям!

Yolunu azan 2 əsgər və azğınlaşmış düşmən-bizi Qafan və Qarakilsəyə girməyə təhrik edirlər

3424 13.04.2023 17:20 Колумнисты A A

 

Bilirik, Ermənistan beynəlxalq hüquq tanımır, faşist babaları Nijde kölgəsində olanlar, faşizm ideyalarının hökmranlıq etdiyi ölkənin vətəndaşları üçün hüquq anlayışı çoxdan o dünyaya göndərilib. Bəs Ermənistanı yeri gəldi-gəlmədi müdafiə edənlər, erməni separatizminin və terrorizminin qayğısına qalıb, onu ilbəil yükəltməyə çalışanlar nə deyir bu faktlara? Şahbuz rayonu istiqamətində pis hava şəraiti ilə əlaqədar azıb Ermənistan tərəfə keçən əsgərimizdən birinə verilən dəhşətli işgəncə faktlarını nəzərdə tuturam.

Bundan əvvəl Qarakilsədə saxlanılan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun sonrakı taleyindən xəbər yoxdur. 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlununsa əllərini bağlayıb, işgəncələr verən quduz ermənilər çəkinmədən bu kadrları sosial şəbəkələrdə yayıblar. Düşünürlər ki, buna görə heç bir beynəlxalq təşkilat onları çarmıxa çəkməyəcək, heç bir qurum bu faktlara görə Ermənistana sanksiya tətbiq etməyəcək, ordu və ölkə rəhbərliyinə qarşı sərt cəza çıxarılmayacaq, hətta Haaqa Məhkəməsinin müzakirə predmeti olmayacaq. Əgər bundan əvvəl 4 min azərbaycanlı əsir və girova görə Ermənistan cəzalandırılsa, heç olmasa məhv etdikləri mülki və hərbçilərimizlə bağlı məlumatları açıqlasaydı, sonuncu faktı gizlədərdi. Görür ki, etdiklərinə görə cəzalanmır, bir az da azğınlaşır, günahsız, silahsız, heç bir suçu olmayan azərbaycanlı əsgərlərə sitəm edir. Hələ bunlar gördüyümüz kadrlardır, kim bilir, digər əsgərimizlə bağlı da daha hansı vəhşiliklər törədiblər. Ermənilərin azərbaycanlı əsir və girovların şah damarına kerosin yeritmələri barədə faktlar hələ Birinci Qarabağ müharibəsi dönəmində məlum idi...

Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri məhz hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir.

Konvensiyada qeyd olunur: “Dərisinin rənginə, dininə, inancına, mənşəyinə, cinsinə, əmlak vəziyyətinə və ya hər hansı bir oxşar meyarlara görə yuxarıda göstərilən şəxslərə münasibətdə aşağıdakı hərəkətlər hər zaman və hər yerdə qadağan edilir:

a) insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə və s;

b) girov götürmə;

c) insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış;

d) sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək”.

Ermənistanda Axundov Hüseyn Əhliman oğluna verilən işgəncələr Cenevrə Konvensiyasına tüpürməkdir! İndi beynəlxalq hüquq işə düşsün, baxaq! Haradadır Qarabağ ermənilərinin hüquqlarından dəm vuranlar? Bakıda belə, 30 min ermənidən birinin burnu qanamadı bu illərdə! Haradadır Azərbaycanı Laçın yolunu kəsib, ermənilərə “humanitar fəlakət” yaşatmaqda ittiham edənlər? Əlibağlı yerə yıxılmış əsgərimizin ağzına vurulan təpik təkcə Azərbaycana vurulan təpik deyil, həm də beynəlxalq hüquq deyilən nəsnənin ağzına dəymiş sayılmalıdır, həm də Cenevrə Konvensiyasının! Laçın yolunda keçirilən 123 günlük dinc aksiya zamanı hər iki tərəfə hərəkət edən ermənilərdən birinə xətər toxunmadı. Əksinə, Azərbaycan əsgərinə yemək və siqaret üçün müraciət edən ermənini sovqatla yola saldıq. Şuşa altında ürəyi gedən erməni qadınları Azərbaycanın Təcili Yardım həkimləri Xankəndiyədək apardı, sağ-salamat ünvana çatdırdı. Azərbaycan əsgərinin döyüşlərdə yaralanmış erməni hərbçinin yarasını sarıması, qanının axmasına imkan verməməsi və həyatda saxlaması kadrlarını yaydıq biz. Bu, bizim etdiklərimiz, yaydıqlarımız, o da ermənilərin! İndi beynəlxalq hüquq varsa, ortaya çıxsın, desin, kimdir günahkar, kimdir haqlı, kimdir qansız, əclaf və qaniçən?! Vicdanı varsa, susmasın, desin! Ermənistanın Paris, ya Tehrandakı bacıları da baxsın bu kadrlara! Desinlər kişilikdəndirmi köməksiz insana belə zülüm vermək?! Azərbaycan əsgəri deyir azıb, üç gündür acdır. Ona yemək əvəzinə, işgəncə verirlər. Biz yedirib, kökəldib yola salırıq erməniləri...

Yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. “Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq”-Baş Prokurorluqdan bildirilib. İndi görək müraciətə beynəlxalq aləmdən reaksiya olacaqmı? Həmçinin Ombudsmanın baş vermiş cinayət faktı ilə bağlı beynəlxalq aləmə xitabı var. Adekvat cavab olacaqmı? Çətin! Bu vaxtadək görmədik...

Çıxış yolu isə yox deyil. Azərbaycan dövləti əsgərinə qarşı belə bir alçaqlığa göz yuma bilməz sözsüz ki...Heç bir ölkə hərbçisinə, özü də qeyri-döyüş vəziyyətində bu cür münasibət göstərilməsinə sakit yanaşa bilməz. Bir neçə il əvvəl İsrail dövləti bir əsgərinin taleyindən narahat olub, düşməninin başına od ələdi, sonda geri aldı hərbçisini. Azərbaycanın adekvat addımlarının olacağına inanırıq. Bu əsgər təkcə bir ailənin, bir hərbi birliyin deyil, Azərbaycan dövlətinindir. Qalib ordunun əsgərinə qarşı belə alçaq davranış cavabsız qalmayacaq! Əgər beynəlxalq oyunçular ortaya düşüb bu vandallığı dayandırmasalar, o halda Azərbaycan dövləti Azərbaycanın işgəncələr altında saxlanılan əsgərləri ilə birgə Qafanı...da azad edə bilər! Ermənilər və arxasında gizlənənlər ağıllarını başlarına yığmasalar, dərhal hərbçilərimizi geri qaytarmasalar, cinayətkarların cəzalandırılmasına qərar verməsələr, cavabları ağır olacaq! Söhbət Əliyevin əsgərlərindən gedir, ağılları başqa birisinə getməsin! Dünyada bütün Azərbaycan diasporu, diplomatik nümayəndəlikləri ayaqda olmalıdır, əldə əsgərlərimizin şəkilləri, ermənilərin özlərinin yaydığı özünüifşa kadrları! Bundan əvvəl, Dığ kəndində də Pikapla gəlmiş Azərbaycan əsgərlərinə hücum etdiklərini özlərinin yaydıqları videolarla təsdiqlədilər. Bunlar quduzlaşırlar gün-gündən, danışmağın mənası qalmır artıq!

Bu yerdə, hardadır Xankəndi-Gorus arasında haça-paşa olan, ağçi daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsi, niyə neçə gün ərzində Azərbaycan hərbçilərinə baş çəkməyib, onların təhlükəsizliyinə qarant olmayıb? Qobustandakı erməni terrorçuları unutmurlar bir an. Hardadır Avropa İttifaqının Ermənistandakı missiyası, niyə onlar bu vandallığa göz yumurlar? Haradadırlar?! Belə bir düşmənlə necə qonşu ola bilərik?!

Düşmən Azərbaycan ordusunu Qafan və Qarakilsəyə girməyə təhrik edir. Bəlkə də təkcə ermənilər yox...Səbrimizi daşırmasınlar! Azərbaycan əsgəri hərəkətə keçsə, sonra gec olacaq! Ermənistana vaxt verilməlidir: əsgərlərimiz dərhal geri qaytarılması üçün. Yəqin ki, belə də olacaq!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости