Свобода людям, независимость нациям!

Yetər və Qızbəsin etiraz elədiyi brifinq

1600 21.07.2023 11:10 Колумнисты A A

“Kişinin oğlu olar, igidin qızı”

(Azərbaycan ata sözü) 

Bugünlərdə Arvad-uşaq Komitəsinin (rəsmi adı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tipində ana dilimizə zidd bir şey olmalıdır) sədri, parlament sədrinin keçmiş müavini Bahar Muradova maraqlı açıqlama ilə çıxış elədi. Nədənsə cəmiyyət, media buna diqqət yetirmədi, halbuki, ən azından Ədliyyə Nazirliyinin siyasi partiyaları abort eləməsi, yaxud, kəndlərə maşın yolu olmadığı üçün at-eşşəklə dolaşan icra başçısının əhvalatı qədər vacib idi. Sözü uzatmadan Muradovanın ilk yarımilin yekunlarına həsr edilən brifinqdə söylədiyini yazıram: “Qız uşaqlarının ana bətnində məhv edilməsinə görə Azərbaycan artıq dünyada ilk sıralarda deyil”. Sitatın sonu.

Doğrudan da son 10-15 ildə ölkəmiz selektiv abortlara görə (uşağın cinsini qabaqcadan öyrənib qızları ana bətnindəcə öldürməyin elmi adı) dünya “liderlərindən” biri idi. Çin, Hindistan, Pakistan, Gürcüstan kimi dövlətlərlə eyni bədnam sırada. Bəzi illərdə hətta dünya 1-cisi olmuşduq. Məsələn, 2021-ci ildə Azərbaycanda hər doğulan 100 qıza 115 oğlan düşmüşdü. İkinci yerdəki Çində bu rəqəm 100-ün 110-a nisbətindəydi.

Yeganə “təsəlliverici” amil bu idi ki, düşmənimiz Ermənistan da selektiv abortlar üzrə həmişə yanımızda – ilk onluqda olardı.

Selektiv abortlar təkcə əxlaq, mənəviyyat baxımından da mənfi hərəkət deyil, dövlətin gələcəyi sual altına düşür. Çünki oğlanlar böyüyəndə evlənməyə qız tapmır, ölkədən gedirlər. Təbii halda doğulan qız və oğlan nisbəti adətən 50-50-yə nisbətində olur və cüzi dəyişir. Keçmişdə savaşlar olmayan zaman belə idi. İndi isə dölün cinsini sürətlə müəyyən etməyə imkan verən UZİ və sairə qurğular var, bu da qızları doğulmadan öldürməyə imkan verir.

Yeri gəlmişkən, selektiv abortlar üzrə dünyada pis ad çıxarmağımız cəmiyyətimizin daha bir ikiüzlülüyünün, riyakarlığının əlamətidir. “Ana segahı” oxudarlar, 8 martda min cür meymunluq edərlər, “Cənnət anaların ayağı altındadır”-filan-beşməkan... Eyni zamanda da qız uşağı doğulmasını istəməzlər. Həmişə də belə olub, əks halda minlərlə Kifayət, Bəsti, Yetər, Qızyetər, Qızbəs, Tamam, Oğlangərək (burda məsələ lap konkret qoyulmuşdur) qadın adları havadan yaranmayıb.

Əlbəttə, bunlar hamıya məlum, necə deyərlər, gündəlik həyat tərzimizdir, Amerika kəşf eləmirəm. Bəs görəsən komitə sədri hansı əsaslarla selektiv abortlar üzrə durumun yaxşılaşdığını iddia edir? Məncə bunu təsdiqləyən heç bir fakt, arqument, hər hansı statistika yoxdur. Yəqin düşünür kim-kimədir, mən də bir yandan gopa basım, çıxsın getsin. Statistika Komitəsinin 2023-cü ilə aid ən son əhali sayı açıqlaması apreldə olub və yanvar-fevral aylarını əhatə edib. 19158 uşaq doğulub, bunların 53,2 faizi oğlan, 46,8 faizi isə qız olub. Bu faizlər isə selektiv abortlar üzrə  “lider” olduğumuz illərdəkindən heç nə ilə fərqlənmir və ümumiyyətlə oğlan-qız doğulması nisbətinin 53-47 faizləri ətrafında dövr etməsi dünya praktikasında məhz selektiv abortun başlıca əlamətlərindən biri sayılır.

Müsəlman aləmində qız uşağının doğulması faciədir. Siz o “islamdan öncə qızları diri-diri basdırırdılar” nağıllarına çox aludə olmayın. Yoxsa dinin banisi tacir qadınla evlənməzdi. İndi həmin regionlarda imkanlı, müstəqil qadınlar neçə nəfər olar? Ritorik sualdır.

Qafqazın bütün xalqları – gürcülər, ermənilər və biz oğlan uşağı doğulmasına çox aludəyik. Döyüşçü istəyirik, qısa izahı budur. Uşaqları böyüdüb dalaşdırmaq arzusundayıq. Pis çıxmasın, xoruz, it boğuşdurmaq, qoç buynuzlaşdırmaq kimi.

Qaldı sədrin açıqlaması, onun çəhrayı eynəyi hansı UZİ işlədəndən aldığını bilmək istəyərdim.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости