Свобода людям, независимость нациям!

Yeriniz məlum...

1739 19.01.2023 10:50 Колумнисты A A

İki-üç gün qabaq Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verdi. Keçmiş nazir öz istefasının səbəblərini mətbuatla bağlamışdır. Deyir jurnalistlər çoxdandır məni tənqid edirlər, ona görə işdən çıxıram.

Əcaib istefadır. Rəhmətliyin qızı, tənqidə görə də işdən çıxarlar? Üstəlik, mətbuatın tənqidinə görə. Jurnalist kimdir axı sən onun yazı-pozusuna, videosuna fikir verirsən? Lazım gəlsə bas türməyə. O boyda nazirsən. Sən özünü müdafiə eləməyəndən sonra Almaniyanı necə müdafiə eləyəcəksən? Yəqin elə düz edib işdən çıxıbdır. İbrahim Məmmədov məhz bu vəziyyəti gördüyü üçün hələ 10 il qabaq AzTV-dən bəyan etmişdi ki, Almaniya dağılır.

Hər kəs tənqidə görə işdən çıxsaydı, onda gərək biz Azərbaycanda dövlət qulluğuna qoymağa adam tapmazdıq. Maşallah, bizim məmurlar dözümlüdür, əzmkardır, mübarizdir. İl boyu 525 qəzetin 525-i də bunları tənqid edir, di gəl işdən çıxmırlar. Çünki xalqa xidməti qarşıya məqsəd qoymuşlar. Dövlət qulluqçuları işdən çıxsa, xalqa qulluq edən olmaz. Xalq isə uşaq kimi şeydir. Gərək vaxtlı-vaxtında əmziyini, kaşasını verəsən, pampersini dəyişəsən, axşam efirdən nağılını oxuyub yatızdırasan. Xalqı özbaşına qoysan qaçar gedər başqa, yadelli məmurların xalqı olar. Ruslarda bu temada yaxşı ata sözü var, deyir əgər ər arvadı döyürsə, deməli, sevir. Sevməsə barmağının ucuyla da toxunmaz.

Ancaq millət də gərək mövzuları Nemət müəllimin efirdə dayandığı formada - kəlləmayallaq anlamasın. Yoxsa birdən görürsən hansısa bir dəli quyuya daş atır, yüz ağıllı məmur yığışır, daşı çıxara bilmirlər. Nəticədə saytlar səfeh başlıqlarla aşıb-daşır: “Quyudakı daş hansı nazirin villasından qopub?”, “Daş düşsün başınıza”, “Bu quyu daş saxlamaz, atam balası”, “Daşa görə susuz qalan bölgələr məlum oldu” və sairə.

Bunun tipik örnəyi son günlər fırlanmaqdadır. Guya zəhmətkeşlərimiz yaşayış yerini 60 gündən artıq müddətə dəyişsələr, polisdə qeydiyyatdan keçməlidirlər. Nəticədə camaat qorxu altındadır. Hər gün onlarla insan əsəb sarsıntısı keçirir...

Əlbəttə, belə şey yoxdur. Yəni sarsıntını nəzərdə tuturam. Ancaq yaşayış yeri qeydiyyatı haqda o cür maddə bizim qanunda həqiqətən var: “Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi, ərizə” (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqda qanun və əsasnamə, maddə 12).

Təzə qanundurmu? Yox. 1999-cu ildən var. Bu maddəni pozmağın cəriməsi qabaqlar 30 manat idi, indi xəbərim yoxdur.

Ölkəmizin imzaladığı beynəlxalq insan hüquqları konvensiyalarına və konstitusiyamıza görə Azərbaycan vətəndaşlarının ölkə daxilində sərbəst hərəkət azadlığı, o cümlədən azad yaşayış yeri seçmək haqqı var. O baxımdan, yuxarıdakı maddə və cərimə əslində absurddur, deyəsən, hökumət də bunu yaxşı başa düşür, əks halda, indiyə qədər tətbiqinə cəhd edərdilər. Şəxsən mən kimlərinsə kütləvi şəkildə qeydiyyatının yoxlanmasına, kütləvi cərimələrə rast gəlməmişəm. Çünki bu, faktiki mümkün deyil.

Birincisi, camaatın qeydiyyat yerində yaşamasını  iqtisadi baxımdan təşkil etməlisən. Məsələn, SSRİ-də zorakı qeydiyyat qanunu vardı, lakin adamlar pis-yaxşı yaşadığı yerdə işlə təmin olunurdu. Bu da ölkəni sərhədləri daxilində böyük həbsxanaya çevirmişdi, lakin mövzumuz indi bu deyil.

İkincisi, hesab edək lap qeydiyyat üzrə yoxlama başladı, polis adamları saxladı. Bir adamın, məsələn, Kürdəmirdən Bakıya gəlib qeydiyyatsız 45 gün, yoxsa 65 gün qaldığını necə müəyyən edəcəklər? Bunun üçün Kürdəmir-Bakı arasında əvvəlcə postlar qurulmalıdır, pasporta giriş-çıxış vizaları vurulmalıdır. Təsəvvür elədinizmi? Ümidvaram izah eləyə bildim. Əks halda, hər kəs “Bura dünən gəlmişəm, qeydiyyata düşməyə vaxtım var” deyib illərlə yaşayacaq.

Sadəcə, quzular eyni çəkidə qalsın deyə onlara ot verəndə hərdən canavarı da göstərmək lazımdır. Bu, artıq işin fəlsəfəsidir.

Yeri gəlmişkən, qanundakı “olduğu yer üzrə qeydiyyat” ifadəsi əslində çox fəlsəfi ifadədir. Cem Yılmaz demişkən, “hangimiz nerdeyiz ki?”

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости