Свобода людям, независимость нациям!

Yenə aylardan... Zəfər – Qara illərin, qara ayların, qara günlərin işıqlı sonu

2119 08.11.2023 00:34 Колумнисты A A

 İlk yayın vaxtı 02.11.2023/09:45

Bəzi ölkələrdə ayların adı ənənəvi, dünyada qəbul edilmiş ayların adından fərqli olur. Məsələn, qardaş Anadolu türkləri noyabra “Qasım ayı” deyirlər, qardaş türkmənlər isə noyabrı “Səncər ayı” adlandırırlar. Biz ay adlarını milliləşdirməmişik hələ.

Bəlkə heç gələcəkdə də olmayacaq. Amma 3 il öncə igid hərbçilərimiz bu aya yeni bir ad qoyublar, leksikona girsə də, girməsə də, lüğətə düşsə də, düşməsə də, bu ayın adı Zəfərdir.

Yenə aylardan Zəfər... Bu ay gələndə bu millətin ən çox işlətdiyi söz Zəfər olur.

İndiyədək bəlkə də gah sırsırasına, çox soyuq, rütubətli havasına, gah da işıldasa da, nə torpağı, nə də canı qızdırmayan günəşi ilə çox adamın xoşuna gəlməyən bu ay 3 il öncə bu günlərdən başqa çalar aldı, ölkənin növrağını, rövnəqini, büsatını dəyişdi. Nə sırsıra yada düşdü, nə səhərlərin ayazı, qırovu, nə də axşamların sazağı. 3 ildir noyabr allı-güllü maydan da gözəldir.

May demişkən, 3 il əvvələ qədər may girər-girməz, qanımız qaralardı. Daha 1 Mayda “mayovka”ya çıxan, mayın 2-də dünənki təntənəni davam etdirən yox idi. O günlər axırıncı dəfə 1992-ci ildə olmuşdu, elə orda da qalmışdı. Gözəl günəşli, ilıq havalı, al-yaşıllı, lalə-nərgizli may başlayanda bilirdik ki, bir həftədən sonra Şuşanın növbəti işğal günü gələcək, damarımızdan qara qanlar axacaq, ondan 10 gün sonra Laçının əldən getməsinin möhnətini yaşayacağıq, heç 28 Mayda da qırışığımız açılmayacaq.

3 il əvvələ qədər 28 May – İstiqlal günümüzü də birtəhər qeyd edirdik, sanki nəsə yarımçıq idi, nəsə çatmırdı, bayram ovqatına tam köklənə bilmirdik. Başlıca səbəb bu idi: Zəfər günümüz yox idi. Əvəzində zəhər günlərimiz çox idi.

Bəlkə də artıq çox adamın yadından çıxıb. Əslində elə yaddan çıxası günlərdir. Amma biz o qara günləri anmağa məcbur idik. 20 Yanvarın hüznünün qəhərini udmağımızdan 40 gün keçmədən boğazımızda 26 Fevralın acısını hiss edirdik, onun 40-ı çıxmamış Kəlbəcərin işğal günü - aprelin 2-si yetişirdi. Daha bir 40 gün tamam olmamış, Şuşa və Laçının itkisinin nisgilinə qapılırdıq. İyunda Ağdərənin işğaldan azad edilmiş kəndlərinin yenidən düşmən əlinə keçməsinin pərtliyinə dözürdük, iyulun 23-də Ağdamın, avqustun 23-də Füzuli və Cəbrayılın, avqustun 31-də Qubadlının, oktyabrın 29-da Zəngilanın işğal günlərini qüssə-kədərlə anırdıq. Sonra 20 noyabr – Qarakənd üzərində erməni terroru nəticəsində vurulan vertolyotda şəhid olan dövlət xadimlərimizin xatirələrini həzin ovqatla yad edirdik. 40 gün keçirdi, il bitirdi.

Fikir verirsinizmi, 3 il əvvələ qədər bizim ard-arda fərəhli bir 40 günümüz olmayıb, hər 30-40 gündən bir yeni faciəmizin, məğlubiyyətimizin ildönümünü yada salmalı, onların dərdini çəkməli olmuşuq. Uzun illər belə keçdi – qara günlər, qara aylar, qara illər yaşadıq. Üç il öncəyə qədər.

3 il öncə isə sanki dünya da dəyişdi, qəzavü-qədər də, millətin ruhu, ovqatı da, əsgərimizin hünəri-təpəri də. Günlərin rəngi, ayları havası, ilin aurası da dəyişdi.

İndi zəfərli günlərimizin arasında 40 gün yoxdur, cəmi 4-5 gün var. Bu, Cəbrayıl, o Suqovuşan, ondan sonra Füzuli, daha sonra Hadrut, ardınca Xudafərin, sırasıyla Qubadlı, mabədincə Zəngilan, axırda Mincivan. Lap axırda isə Şuşa. İgidlərimiz Şuşanı göydə götürdülər. Düşmən nəyə uğradığını şaşırdı və Şuşanın caynaqlarından necə xilas edildiyini hələ də dərk etməyiblər, hələ də sinirə bilmirlər – həm özlərinin fərsizliyini, həm də Qarabağın baş tacının öz sahibinə qayıtmasını.

Şuşa gerçəkdən də tacdır. O kimin əlində, başındadırsa, Qarabağın padşahı da odur. Şuşanın azad edilməsindən 3 il sonra Qarabağ xanının baş kəndinin də azad edilməsi göstərdi ki, elədir, Şuşa təkcə Qarabağın inzibati mərkəzi, qədim paytaxtı deyil, həm də ürəyidir.

Cəmi 44 günün içində ölkənin qara günlərinin çoxu sıfırlandı.

İndi Zəfər ayıdır. 3 il öncəyə qədər bütün aylarda ən azı bir ağlaşma günü yaşayan xalqımız həmin bu Zəfər ayının 8-də sonuncu dəfə sevincindən, fərəhindən ağladı, o göz yaşlarını şəhidinə, qazisinə həsr etdi və kiridi. O gündən bəri millətin çöhrəsində təbəssüm var. Ondan sonra bu xalq həmişə zəfər sədaları eşitməyə başladı. Şuşanın xilas edilməsi zamanı atılan güllələr Ağdamın, Kəlbəcərin, Laçının azad olunmasına da yetdi.

İndi külli Qarabağ əlimizdədir və biz zəfərimizin 3-cü ildönümünü kefiköklüklə, adi əsgərdən tutmuş baş komandana qədər bu möhtəşəm zəfərdə əməyi, xidməti olan hər kəsə minnətdarlıqla qeyd edirik.

40 gün əvvəl Xankəndinin azad olunması ilə başa çatan döyüşlərdə şəhid olan oğullardan birini tanıyırdıq – adı Qasım idi. Bu ay həm də onun ayıdır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости