Свобода людям, независимость нациям!

“Yaxşı təşkilatçı”nın pis ədəbi biliyi

1352 13.08.2022 17:45 Колумнисты A A

 

İH başçısının yazıçı Anarı “şair” adlandırması və onun “poeziyadakı xidmətləri”ndən danışması, əslində, çox kədərli, eyni zamanda satirik hadisədir.

Burada Anar müəllimin günahı yoxdur. Bunu ona görə yazıram ki, rayon başçısının bu səhvinə görə yazıçının özünü qınayanlar da vardı, deyirdilər, 40 il bir kabinetdə, bir kresloda oturanda axırı belə olar.

Bu başqa məsələdir, malı mala qatmayaq. Əsas məsələ “kresloya əbədi məhəbbət” nağılı deyil, o boyda rayona rəhbərlik edən adamın ömründə bədii kitab, ədəbi jurnal oxumamasıdır.

Onun tay-tuşlarının, universitet yoldaşlarının hamısı yazıçı Anardan (millət 1966-cı ildən bəri düz 56 ildir ki, ədibi “yazıçı Anar” kimi tanıyır) mütləq nəsə oxuyublar, oxumasalar da, ən azı “Təhminə” filminə baxıblar, o filmdəki sitatları əzbər bilirlər. Məsələn, müəllimin əsl kişinin fahişə və məlakə ilə davranışı barədə qızıl kimi sözləri var. Yaxud hamı bilir ki, nə vaxt tələsmək olmaz. Həyatdır da...

Ola bilər, Əziz müəllimi yazıçı Anarın mərhum valideynlərinin (Rəsul Rza və Nigar Rəfibəyli) hər ikisinin şair olması çaşdırıb, o da elə bilib ki, Anar da şairdir. (Bu yerdə AYB sədrinin köhnə şeirlərini yenidən çap edərək başçını “haqlı” çıxarmaq istəyənlərə də eşq olsun, savab iş görürlər).

Ümumiyyətlə, ədəbiyyatda belə transformasiyalar, transferlər çox olur. Məsələn, yazıçı Seyran Səxavət gəncliyində şair olub, hətta bir şeiri bu saat da dillər əzbəridir. Amma o, sonradan povest, roman, pyeslər də yazdı. Mərhum şair Fikrət Qocanın da bir romanı olmalıdır.

Türkiyədə Səbahəddin Əlini şair-yazıçı kimi təqdim edirlər, bəzən də ümumi şəkildə “yazar” deyirlər. Çünki rəhmətliyin şeirləri də çox məşhurdur, romanları da.

Belə baxanda başçını da qınamalı deyil. Kitab oxumağa vaxt vaaar? Dövlət işləri tökülür, qalır. Aztəminatlı ailələrin dərdi bir yandan, rayonun quruculuq-abadlıq işləri o yandan, hələ dövlətçiliyin möhkəmlənməsi istiqamətində həyata keçirilməsi vacib olan dövlət proqramlarının icrasına nəzarət mexanizmlərinin işlənib hazırlanması kimi prioritet məsələlərlə müntəzəm məşğulluq... nəysə, o məsələlər.

O olmasın, biz olaq, o qədər işi qırağa qoyub, “Gürcü familiyası”nı nə vaxt oxuya bilərik? Düzdür, gənc vaxtı oxumaq lazım idi. İndi olmayıb, olmayıb də. Görünür, müəllim şeir həvəskarı olub. Bu saat soruşaq, and içərəm ki, o, Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” misralarını əzbərdən bilir. Yaxud da “Azərbaycan deyiləndə ayağa dur ki”ni...

Sovet vaxtı ədəbiyyatdan, tarixdən başı çıxmayan, yazı yazanda “telefon” sözünü “telfun” yazan məmurların üzünü və aşağı ətraflarını yumaq üçün əla bir fikir uydurmuşdular, yeri gələn kimi deyirdilər: “Düzdür, filankəs savadsızdır, nitqində və yazısında çox səhvlər var, amma yaxşı təşkilatçıdır”. Nə qədər alim adamlar, mədəni ziyalılar o “yaxşı təşkilatçı” olan eşşəklərin ayağına verilrdi.

Elə çıxırdı ki, savadlı, ziyalı, mədəni kadrlar yaxşı təşkilatçı ola bilməzlər. Çox zaman onlara necə təşkilatçı olmalarını göstərmək üçün şans tanımırdılar. Savadlıdırsa, qurtardı, bundan təşkilatçı olmaz – hakim qənaət beləydi.

Ola bilər ki, əziz müəllim də yaxşı təşkilatçıdır, eyni zamanda bədii ədəbiyyatı bilməsə də, texniki və elmi ədəbiyyatı yaxşı bilir.

Ona qalsa, elə adamlar var, çox az kitab oxuyub, amma yazıçılar haqqında çox şeyi bilir. Məsələn, bir dəfə eləsinin birinə rast olmuşdum. Heminqueyin heç bir əsərini oxumamışdı, amma bilirdi ki, ağsaqqal qocalanda özünü tüfənglə vurub. Hətta məndən soruşdu ki, ingilis yazıçısı Somerset Moemi tanıyırammı. Dedim, tanıyıram, “Ay və qara şahı” romanı, əla hekayələri var. Adam dedi ki, bəs sən bilirsənmi, Moem cinsi azlıqlardan olub. Bilmirdim. Öz biliyindən məmnun halda dedi, bəli, məhz elə olub.

Amma yaxşı ki, gec də olsa, bunu bildim. Yoxsa, nə vaxtsa hekayələrini oxuduğum gənc yazıçılardan kiməsə “Somerset Moem kimi yazırsan” deyəcək, xətrinə dəyəcəkdim. Adam elə biləcəkdi ki, cinsi orientasiyasına işarə edirəm. Eybi yox, kimin yazısı Moeminki kimi olsa, deyərəm, Sveyq kimi yazırsan. İnşallah, Sveyq xətakün adam olmayıb.

Uzun sözün kəsəsi, kitab oxumaq erası sona yaxınlaşır. Tüfəng çıxandan sonra ox-yay erası bitdiyi kimi, smart telefonlar da kitabın, televiziyanın kitabını bağlayıb, ekranını söndürüb.

Vaxt vardı, yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanını o dövrün savadlı gənclərinin 90 faizi oxumuşdu. Bu saat da küçəyə çıxaq, soruşaq, yaşlı adamların çoxu deyəcək, hə, oxumuşam, yaxşı romandır. Amma eyni sözü gənclərdən soruşsaq, deyəcəklər, Əlibala kimdi, ala.

Maraqlıdır, Anarın yazıçı olduğunu bilməyən İH başçısının neçə yaşı var? Bəlkə o da post-Əlibala dövrünə mənsubdur?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости