Свобода людям, независимость нациям!

Yaşlı dinozavr

1388 17.01.2023 10:26 Колумнисты A A

Ukraynanın Dnepr şəhərində Rusiyanın raketi ilə vurulan binadan hələ də insan cəsədləri çıxarılır. Axırıncı dəfə baxanda 30 idi. İçində uşaqlar var. Bir qadın təsadüfən sağ qalmışdı. Xilasedicilər onu uçqunlar arasından çıxaranda yaşıl dinozavr oyuncağını qucaqlamışdı. Sonra xəstəxanadan sözləri yayıldı. Deyir heç bilmirəm sağam, yoxsa ölüyəm. Həyatımın mənası qalmayıb. Sevdiyi insan keçən payız işğalçı Rusiya ordusuna qarşı döyüşdə həlak olubmuş. Valideynlərinin binaya raket dəyəndən sonra sağ qalıb-qalmadığını isə bilmirdi.

Bütün tərəqqipərvər bəşəriyyət kimi, biz də keçən ilin fevralından bəri bu suala cavab axtarırıq: Putin niyə belə eləyir? Bu vəhşiliyin mənası nədir? Qoca dinozavr haçana qədər insanları udacaq? Zorla məhəbbət mümkün deyil axı. Son bir ildə Ukraynada öldürülən insanların - yüz minə yaxın şəxsin qohumları, yaxınları bu nahaq qanları unutmayacaq axı. Lap sən zor-güclə bütün Ukraynanı işğal elə. Orda təzədən imperiya qur. Xalqlar, insanlar əsarətlə barışmır. Yüz minlərlə ölsələr də, azadlıq istəyəcəklər.

Biz bunu əyani şəkildə görmüşük. Kommunist Rusiya, uydurma ittifaq olan SSRİ Azərbaycanı əsarətdə saxlamaq üçün Bakıda, Lənkəranda qırğınlar törətdi. “20 Yanvar”ın ildönümü ərəfəsində bunları yazıram. Axırı nə oldu? Bəlkə SSRİ yaşadı? Rusiya imperiyası da bu savaşlarla uzun müddət yaşaya bilməz. Bir aforizmdə deyilən kimi: “Qılıncla hakimiyyətə gəlmək olar, lakin qılıncın ucunda oturub hakimiyyətdə qalmaq olmaz”.

Eyni zamanda dünya ictimaiyyətinin Ukraynadakı müharibəyə laqeyd münasibəti heyrətləndiricidir. Çin, Hindistan kimi rejimlər aydındır, onlardan nəsə uman da yoxdur. Ən azı, milyonlarla uyğurları ilin-günün bu vaxtında tikanlı məftillərlə əhatələnmiş cəza düşərgələrinə repressiya edən bir rejimdən nə gözləyəsən? Çindən heç öz çinlilərinə fayda yoxdur - koronavirus epidemiyasının nəticələri bunu aydın göstərir. Bəs Rusiyadan tarix boyu təpik yemiş xalqlar, dövlətlər niyə susurlar?

2008-ci ildə Rusiya Tiflisi bombardman edəndə Ukrayna Gürcüstana hava hücumundan müdafiə qurğuları vermişdi. Çox ucuz qiymətə, faktiki bağışlamışdılar. İndi Ukrayna bu qurğuları geri istədi, lakin gürcülər vermədilər. Keçən il Gürcüstan hökuməti hətta Tiflisdən Kiyevə uçmaq istəyən könüllülərin təyyarəsini hava limanından buraxmamışdı. Putinin qorxusundan. Ancaq Rusiya sənin ərazində azı 2 separat rejim yaradıbsa, dövlət müstəqilliyinə ən böyük təhlükədirsə, niyə indi anti-Rusiya koalisiyasına qoşulmayasan? Ermənistan heç, o, 300 ildir Rusiyanın vassalı, çömçəsi, ara qarışdıranı kimi bölgədə fırlanır, biz də ki öz Qarabağ başımızın hayındayıq.

Qərbin adı çıxıb, onlar belə Ukraynaya lazım olan dəstəyi göstərmir. Hərbi yardımları damcı-damcı, üfürə-üfürə verirlər. Elə verirlər adam demək istəyir: “Allah kəssin sizin yardımınızı”. Lap əvvəldə, ümumiyyətlə, ciddi yardım etməmişdilər, yalnız bir neçə tankvuran qumbaraatanlar verilmişdi. Ukraynanın cəsur müqavimətini görəndən sonra yardımları artırdılar. Lakin 1 ildir dava gedir, hələ də müzakirə edilən mövzulara baxın: “Ukraynaya hərbi təyyarə, tank versək, Putin daha gərginləşər, əsəbləşib birdən atom atar”, “Uzaqmənzilli raketləri Ukraynaya verməyəcəyik, çünki onlar bu raketləri Rusiyanın içərilərinə atarlar”. Bəs görəsən, Rusiya Ukraynanın iç şəhərlərini sərbəst şəkildə raket, bomba yağışına tutanda niyə dünya gərginləşmir? Bu nə heyvərə sistem, planetar təhlükəsizlik rejimidir ki, BMT TŞ üzvü nüvə bombasını üzünə tutub qabağına çıxan istənilən dövlətə sərbəst raket yağdırmalıdır? Nəyə görə BMT özünü buraxmır? Elə bil 1943-cü ildir, Hitler, Çörçill, Ruzvelt, Mussolini və Stalin Vaşinqtonda iclas keçirir. Maraqlıdır ki, Qərb o vaxt lend-liz proqramı ilə SSRİ-yə verdiyi ağır silahların, texnikanın, aviasiyanın indi mində birini Ukraynaya vermir. Açıq riyakarlıqdır. Necə deyərlər, döyüş alnınıza yazılıb. Biz kef eləyək, kiyevlilər ölsün.

Hələ belə getsə bir də gördün “Nyu York Tayms”da məqalə çıxdı: “Bu kiyevlilər restoranda səs-küy salır. Urbanizasiya lazımdır. Özlərini kəndçi kimi aparırlar”. Çıxmazmı? Çıxar. Biz hazırda “ağıllınız kimdir - qabaqda gedən zəncirli” epoxasında yaşayırıq.  

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости