Свобода людям, независимость нациям!

Yaşar müəllimin hesabatı

2364 16.12.2022 21:43 Колумнисты A A

 

Deputat Musa Qasımlı “Müstəqiilliyin ilk illərində çobanları məktəb direktoru təyin edirdilər” kimi mübahisəli fikir deməsə də, bu yazını yazacaqdım – geci-tezi vardı.

İllər keçdikcə 1992-93-cü illərdə baş verən hadisələr, o dövrün ictimai-siyasi durumu ciddi təhriflərə uğrayır. Həmin dönəmi idealizə edənlər də var, “dözülməz, məşəqqətli illər” kimi təqdim edənlər də.

O vaxtlar nə hər şey “olduqca yaxşı”ydı, nə də “olduqca pis”.

Konkret mövzuya gəlincə, deyək ki, o dövrdə idman müəllimlərinin İH başçısı təyin edilməsi halları vardı, amma ali və orta məktəblərə rəhbərlik ən yaxşı müəllimlərə tapşırılmışdı, poliklinika və klinikaları ən yaxşı həkimlər idarə edirdi, hüquq-mühafizə orqanlarının səlahiyyətliləri də sırf hüquqşünaslardan ibarət idi.

Başqa, uzaq kəndləri bilmirəm, bizim kənddə, eləcə də qonşu kəndlərdə məktəblərə bir qədər gənc, amma kənd-kəsəkdə hörməti olan müəllimlər təyin edilmişdi. Bir çox kəndlərdə isə köhnə direktorlar qalıb işləyirdi, onlara bir söz deyən yox idi.

Əgər 1991-ci ildə Yaşar müəllim kəndimizdən köçüb Salyanın Qarabağlar kəndinə getməsəydi, o, ya İcra Hakimiyyətində mühüm postlardan birini tutacaqdı, ya icra nümayəndəsi olacaqdı, ya da məktəbdə direktor. 1992-ci ildə isə məktəb müəllimləri yığışıb tam şəffaflıqla keçirilən seçkidə Fariz müəllimi direktor seçmişdilər.

O istəməsə direktor vəzifəsinə Vəzir müəllim də təyin edilə bilərdi, Əhəd müəllim də, Avtandil müəllim də, Firdovsi müəllim də, Nizami müəllim də, Qulu müəllim də, Bələd müəllim də, Məqsəd müəllim də, qadınlardan Ziyafət müəllimə də, Sevda müəllimə də. Başqaları da. Hörmətli, nüfuzlu və savadlı müəllimlərimiz çox idi.

Müəllimlərimizin savadı və erudisiyası haqqında tez-tez çox adama fəxrlə danışdığım bir hadisəni misal gətirə bilərəm. 1986-cı ilin apreliydi, Çernobıl AES-də qəza baş vermişdi. Sovet mətbuatı AES-də radiasıya sızması və iki nəfərin öldüyü barədə məlumat yaymışdı. Amma bizim müəllimlər kəndin parkında “Kommunist” qəzetinin künclərindəki ağ yerdə radiasiya sızıntısına, zəncirvari reaksiyaya dair düsturlar yazdılar, Pripyat şəhərində yaşayan əhalinin təxmini sayını nəzərə alaraq, hesablama apardılar və dedilər ki, Çernobılda ən azı 10 min adam radiasiyadan ziyan çəkib və bu, sovet dövrünün ən ağır texnogen qəzasıdır. Çernobıla dair həqiqətlər çox-çox sonralar açıldı, amma onu hamıdan əvvəl bizim müəllimlər demişdi.

444332.JPG (39 KB)

                                        Yaşar müəllim şagirdləri ilə (1981-ci il)

O cür müəllimlərimizdən biri də Yaşar müəllim idi. O, həm də jurnalist idi, ölkə və rayon qəzetlərində məqalələri, lirik və satirik şeirlər çıxırdı. Yaşar müəllimin satirası Sabirin, Vahidin analoji şeirləri kimiydi.

Yaşar müəllim karikaturist-rəssam idi. İndiki karikaturaçılar onun çəkdiyi rəsmlərə baxsalar, mat qalardılar.

Yaşar müəllim dinlərin tarixini və fəlsəfəsini (söhbət hər üç dünyəvi dindən gedir) əla bilirdi, Quranı bir neçə dəfə oxumuşdu, mollalar ilk cümləsindəcə onun nə qədər bilikli olduğunu təsbit edə bilirdilər.

Rus dili müəllimydi Yaşar müəllim. Ancaq ana dilimizi, folklorumuzu, ədəbiyytımızı AMEA-da da onun kimi bilən ya bir olar, ya iki.

Yaşar müəllim yaxşı şahmatçıydı, heç kəs ona qalib gələ bilmirdi – bu, bir halda olurdu ki, qarşı rəqiblər birləşirdi, gedişləri tez-tez geri qaytarır və onu hövsələdən çıxarırdılar.

Ensiklopedik biliyə, hər cür yaradıcılıq qabiliyyətinə malik olmasıyla yanaşı, həm də çox dürüst adam idi Yaşar müəllim.

1990-cı ilin yanvar ayı idi, sovet-rus qoşunları Bakıda qırğın törətmişdilər və biz, cəbhəçilər şəhidlərə ehsan vermək üçün parka yığışan kişilərdən 2 min manat pul topladıq. Hər tədarükümüzü etdik, kəndin klubunda 500 nəfərlik ehsan süfrəsi açdıq, şəhidlərimizi yad etdik. Bütün bu işlərə ümumi şəkildə rəhmətlik Hacı müəllim (o şəhid Elnar və Toğrul Hacıyevlərin babasıdır), təşkilati işlərə isə Yaşar müəllim rəhbərlik etdi. Mərasimdən 2-3 gün sonra kimsə yığılan pulun təyinatı üzrə xərclənib-xərclənmədiyini sorğuladı və təxminən 15-20 nəfər yaxınlıqdakı məktəbin bir sinfində oturaraq Yaşar müəllimin hesabatını dinlədik. O, ehsan üçün kimlərin ianə vediyini, toplanan pulların nəyə xərcləndiyini, bütün əməliyyatları bir dəftərə qeyd etmişdi və səbirlə, bircə-bircə hesabat verdi. Məlim oldu ki, toplanan pulun hamısı təyinatı üzrə xərclənib və 3 manat 10 qəpik pul qalıb. Yaşar müəllim pencəyinin sol cibindən 3 manatı çıxarıb ortaya qoydu. Kimsə zarafatla “bəs 10 qəpik” dedi. Özü olduqca zarafatcıl, deyib-gülən adam olan Yaşar müəllim ciddi sifətlə “o da burda olmalıdır” dedi və əlini pencəyinin sol cibinə salaraq 10 qəpiklik sikkəni çıxarıb masanın üstünə qoydu. Şəkkaklıq edənlərin sifəti donuq qaldı.

3 məmurun Naxçıvanda yarım milyard manat dövlət pulunu talaması fonunda bu söhbəti xatırlamaq, yəqin ki, yerinə düşür.

Dediyim odur ki, belə müəllimlərimiz vardı. Onlar dura-dura hansısa çobanı, hətta ali məktəb qurtarsa da, camaatın sevimlisi olmayan müəllimi məktəb direktoru qoyardılarmı? Mümkün deyildi.

P.S. Yaşar müəllim Salyana köçəndən cəmi 1 il sonra Qarabağlar kəndinin icra nümayəndəsi olmuşdu. Heyif ki, o, uzun yaşamadı, parlaq xatirələr qoyub getdi.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости