Свобода людям, независимость нациям!

Yapon mafiyasından Amerikanı müttəfiq sayanlara ölüm hökmü

2699 08.07.2022 13:00 Колумнисты A A

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin seçki kampaniyası zamanı güllələnməsi diqqəti Yapon mafiyası Yakuzanın üzərinə cəmləyib.

Yaponiya hökuməti keçmiş baş nazir Şinzo Abeyə sui-qəsd cəhdindən sonra böhran vəziyyətindədir.

Abe 2012-ci ilin dekabrından, 2020-ci ilin sentyabrına qədər Yaponiya hökumətini idarə edib və ölkənin ən uzun müddət iş başında qalmağı bacarmış baş naziridir.

Abe müharibədən sonrakı pasifist konstitusiyaya yenidən baxılmasının qatı tərəfdarlarındandır.

Ölkə Konstitusiyanın 9-cu maddəsində Yaponiya “millətin suveren hüququ kimi müharibədən və beynəlxalq mübahisələrin həlli vasitəsi kimi güc tətbiq etməkdən və ya istifadəsindən əbədi olaraq imtina edir” yazılıb.

Bazar günü Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçiriləcək. Bu seçkilərdə də ölkədə 70 ildir dominantlıq edən LDP-nin böyük qələbə qazanacağı gözlənilir. Seçkilərdən sonra ölkə konstitusiyasına dəyişikliklə bağlı müzakirələrə start veriləcək.

Sui-qəsddən dərhal sonra Tokioda Böhran İdarəetmə qrupu yaradılıb. Yaponiyanın hazırkı baş naziri Fumio Kişida sələfi Abeyə sui-qəsd cəhdindən sonra seçki kampaniyasını dayandırıb.

Yapon mediası onun cümə günü şimaldakı Yamaqata prefekturasından dərhal Tokiodakı hökumət kürsüsünə qayıtdığını yazır.

Abe ucuz valyuta, borcla maliyyələşdirilən iqtisadi stimullaşdırma və struktur islahatları vədindən ibarət “Abenomiks” kimi tanınan iqtisadi siyasəti ilə ölkəni onilliklər boyu zəiflədən deflyasiya və durğunluqdan çıxartmağa çalışıb. Tənqidçilər bunun da öz növbəsində, bərabərsizliyin artmasına səbəb olduğunu deyirlər. Yaponiyada işçilərin üçdə birinin daimi işi yoxdur.

Yaponiya dünyanın ən sərt silah qanunlarına malikdir və dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur.

Ölüm hökmünün qüvvədə olduğu Yaponiyada siyasətçi qətli şok effekti verir.
Əhalinin böyük əksəriyyəti ölüm hökmünün tərəfdarıdır. 2019-cu ilin noyabrında keçirilmiş sorğuda iştirak edənlərin yalnız doqquz faizi ölüm hökmünün ləğv olunmasını istəyib. Sorğuda iştirak edənlərin 80,8 faizi xüsusilə ağır hallarda ölüm cəzasını zəruri hesab edib.

Yapon mətbuatı baş nazirə sui-qəsdin arxasında Yakuzanın durması ehtimalından yazır.

Yakuzalar Yaponiyanın cinayət sindikatlarının üzvləridir, bəzilərinin on mindən çox işçisi var. Yaponiyada kimsə güllələnəndə, adətən bu işin icraçısı yakuza olur. Çünki onlardan başqasının silah əldə etməsi və ölüm hökmünü gözə alıb, cinayət törətməsi qeyri-adi hal sayılır.

Yapon cəmiyyətində Yakuzaya nəsli kəsilmiş Samurayların davamçısı kimi böyük rəğbət var. Siyasi səhnədə ulu babası mafiya bosu olan siyasətçilər də var.

Birinci dünya müharibəsindən əvvəl Yakuza bosu olan Matajiro Koyzumi siyasətə keçərək, poçt naziri olmuşdu. Onun nəvəsi Yunşiro Koyzumi 2001-2006-cı illərdə Yaponiyanın baş naziri vəzifəsini icra edib. 2009-cu ildə Yunşiro siyasətdən təqaüdə çıxdıqdan sonra onun İcmalar Palatasındakı yerini oğlu Yuniçiro tutub. Yapon siyasi sülalələrində bu, adi hal sayılır. Hətta seçki dairələrindəki namizədliklər belə atadan oğula keçə bilir. Yerli əhali bu halı normal qarşılayır.

Yakuza ailəsindən çıxmış siyasətçi, keçmiş baş nazirin 40 yaşlı oğlu Yuniçito Koyzumi sui-qəsdə uğramış Abenin qatı rəqibi olub. Eyni partiyada olsalar da, Abenin siyasətini açıq şəkildə tənqid edib.

Keçən il keçirilən sorğuda yaponlardan hökumət başçısının kimin olmasını soruşduqda, yaponlar Abedən çox Koyzuminin adını çəkiblər.

İkinci dünya müharibəsindən sonra Yaponiya cəmiyyətində Yakuzanın hakimiyyəti daha da güclənib. Cinayət sindikatından modern mafiya strukturuna çevrilmiş Yakuzanı Yaponiyanın dərin dövləti sayanlar da var.

Dövlətin qanunla həll edə bilmədiyini Yakuza öz qanunlarıyla həll edirdi. Yaponlara görə, onlar hər yerdədirlər. Siyasət, biznes kimi bir çox sahələrə, eyni zamanda elm və cəmiyyətə də təsir etmək imkanları var.

Yaponiyanın müharibədən sonrakı dövrünü araşdıran tarixçilərin bir çoxu Yakuzanın ölkənin müharibədən sonrakı dövründə həlledici söz sahibi olduğunu yazırlar.

Silahlı hücuma məruz qalan Abenin baş nazirliyi dönəmində Yakuzanın nüfuzu xeyli zəifləmişdi. Pandemiya dönəmində bir çox dükanlar onlara xərac verməkdən imtina ediblər. Tokio polisinin məlumatına görə, paytaxtda Yakuza üzvlərinin sayı 300 nəfər azalıb. Ancaq paytaxtda hələ də 3000 üzvü olan Yakuzanı asanlıqla zəiflətmək mümkün görünmür.

İkinci dünya müharibəsinin ardınca Birləşmiş Ştatların təzyiqindən sonra yapon hökuməti hərbi xərcləri kəskin azaldıb. Hərbi xərclər ixtiraların maliyyələşdirilməsinə xərclənirdi. Məhz bu ixtiralar hesabına Yaponiya qısa müddətdə ayağa qalxa bildi.

Polislərin belə silah daşımaq icazəsi olmadığı dövrdə Yakuzanın ölkədə əmin-amanlığı qorumasından, rüşvətxorları ayağından asmasından, oğruların əlini kəsməsindən yazır yapon mətbuatı.

Yakuza qrupları fəaliyyətlərini qanuni ön şirkətlər vasitəsilə sürdürürlər. Qruplaşma haqqında sənədli film çəkmiş BBC bildirir ki, dəstə narkotiklərin qaçaqmalçılığından tutmuş, fahişəliyə və birja manipulyasiyasına qədər ölkədəki cinayət fəaliyyətinin bütün aspektlərində iştirak edir.

Abe Yaponiyanın müharibədən sonrakı dövründə sui-qəsdə məruz qalan üçüncü siyasətçisidir. Sonuncu hücum Naqasaki merinə qarşı törədilmişdi. 15 il əvvəl baş vermiş bu cinayətin arxasından da Yakuza qanqsteri çıxmışdı.

Şübhəsiz ki, Abe ölkənin ən mühüm siyasətçisidir. O, ölkədə 70 ildir hakimlik edən Liberal Demokrat Partiyasını ayaqda tutmağı bacarmışdı. İki ildir ki, səhhəti ilə əlaqədar rəsmi olaraq hakimiyyətdən kənarda qalıb.

İki il əvvəl bir neçə qalmaqaldan sonra istefa verən Abe xəstəliyinə baxmayaraq, partiya daxilində ən güclü fiqur olaraq qalırdı. Dövlət aparatında çalışan bir çox məmurlar işini ona borcludurlar. İndiki baş nazir Fumio Kişida da onun köməyi ilə partiya lideri seçilib. Ən son olaraq o, Rusiyanın Ukraynaya hücumuna cavab kimi müdafiə xərclərinin kəskin artırılmasının tərəfdarı olub.

Güman olunur ki, Yaponiyanın əzəli düşməni olan Birləşmiş Ştatları müttəfiq hesab etməsi keçmiş baş naziri Yakuzanın hədəfinə çıxarıb. Mətbuata sızan məlumatlarda Yakuzanın Xerosima və Nagasakiyə atom bombası atmış Amerikanı müttəfiq sayan siyasətçilərə ölüm hökmü çıxardığı bildirilir.

Elxan Həsənli, Sürix, Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости