Свобода людям, независимость нациям!

YANDIRILMALI PORTRETLƏR

6223 15.10.2009 09:45 Колумнисты A A

Belə olan halda hörmətli Akif Nağı niyə gedib Rusiya səfirliyi qarşısında Medvedyevin, Putinin şəkillərini yandırmır?
Tayyib Ərdoğanı və AKP iqtidarını biz də tənqid edirik. Bunu etmək, cəmiyyətin baş verənlərə təpkili olduğunu Türkiyədəki iqtidara və bütün dünyaya sərgiləmək mühümdür. Bütün Türkiyədə və başqa məkanlarda Azərbaycanla bağlı qəbul olunacaq qərarlara təsir etmək, qardaş ölkənin AKP iqtidarını təzyiq altında saxlamaq, bundan o tərəfə addım atarsa, Azərbaycanı birdəfəlik küsdürəcəyini nümayiş etdirmək baxımından da vacibdir. Amma Gülün, Ərdoğanın portretini yandırmaq yolverilməzdir. Türklük açısından xəyanətdir həm də. Türkiyə və türk düşmənlərini  sevindirməkdir. Azərbaycanı zəif düşürməkdir...
İqtidarlar gəldi-gedərdi. Onlar səhvlər yapa bilərlər. Amma Türkiyə, Azərbaycan, türk milləti dünya durduqca durası faktorlardır. Və ikinci bir Türkiyəmiz də yoxdur.
Heç Azərbaycanda Qarabağa Türkiyədəki qədər xalq, media və siyasət dəstəyi yoxdur. Hanı, olsaydı bir biz də görərdik.
Amma Türkiyə müxalifətinin, cəmiyyətinin, mediasının timsalında bu gün Azərbaycanın haqları dünya səviyyəsində qorunur. Dövlət Baxçalı da Türkiyədir, Dəniz Baykal da... Türk mediası tarixdə heç vaxt olmayan qədər üzünü Azərbaycana tərəf tutub. Aldığımız-verdiyimiz nəfəsi də dünyaya duyurur. Hansı ki, bizim əzilmiş, bitirilmiş mediamız bu mərhələdə bunları bacarmayacaqdı.
“Yeni Müsavat”ın, “Azadlıq”ın, lent.az-ın, “Turan”ın, APA-nın yazdığını dərhal, anındaca 80 milyonluq Türkiyəyə və bütün dünyanın xəbər məkanına ulaşdırır türk mediası. Bizi, aztirajlı Azərbaycan mediasını xəbər qaynağı yaparaq böyüdür, gücləndirir.
Bax, Azərbaycan və Türkiyə arasında münasibətlər bu nümunənin timsalındadır. Türkiyə təkcə mediamızı yox, Azərbaycanımızı da böyüdür. Türkiyə olmasa, bizi əzərlər -  bəlkə də çoxdan əzib bitirmişdilər də.
İndi Türkiyədə AKP hökuməti iqtidardadır. Bu iqtidar “kürd və erməni açılımı” kimi iki qorxunc və çox riskli layihənin icrasını aparır. Əlbəttə ki, bu layihələr harada türk varsa, onun mənafelərinə toxunur. Harada kürd və erməni varsa, onlara qol-qanad verir. Bu - bir gerçəkdir.
Buna qarşı dirənək, dayanaq, mübarizə aparaq. Amma Türkiyə Cümhuriyyəti baş nazirinin şəkillərini yandırmadan. Türkiyəmizin bir parçası olan Böyükelçiliyin üstünə getmədən. Türkiyə səfirliyinə qarşı əyləm yapmaq bütün türk dünyasına qarşı davranmaqdır. Azərbaycan türklərinin özünə qarşı çıxmaqdır.
Həm də “erməni açılımı” qədər də “kürd açılımı”na diqqət və etiraz etməliyik. Qarabağ necə türk-İslam torpağıdırsa, Türkiyənin hər parçası da o qədər Azərbaycan torpağıdır. Qarabağın ermənilərə, Türkiyənin də kürdlərə qapdırılmasının əleyhinə birgə çıxmaq, birgə davranmaq zamanıdır.
Bunu biz ancaq Türkiyəni arxamıza alaraq edə bilərik. Bunu biz ancaq Türkiyə mediası, cəmiyyəti, müxalifəti, hətta iqtidarı ilə əl-ələ tutaraq, onlarla daha da yaxınlaşaraq həyata keçirə bilərik.
Abdullah Gülün, Tayyib Ərdoğanın şəkillərini odlamaqla Azərbaycanda Türkiyə sevgisini artırmağın mümkün olmadığını cocuq da bilir. Bununla AKP iqtidarını və sayı ölkəmizin əhalisinin sayından çox olan AKP-liləri Azərbaycana qarşı çeviririk. Onlar düşünəcək və əmin olacaqlar ki, bunu Azərbaycan iqtidarı təşkil edib. Və buna mütləq cavab verəcəklər.
Yandırılmalı o qədər portretlər var ki... Ərdoğan onların sırasında varsa da ən axırıncılardandır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости