Свобода людям, независимость нациям!

Xroniki müqayisələrin dəyişməz "məğlub"u

1588 12.04.2022 09:05 Колумнисты A A

Düz 29 ildir ki, yeri gəldi-gəlmədi, əl atılan qiyaslamaların əlindən baş-qulağımız gedib. Yox, əslində hansısa prosesləri, hadisələri, hətta personaları analiz edərkən müqayisə aparmaq vacib və effektlidir, amma birincisi, bunu səthi etmək, bir-iki cümlə ilə başa gətirmək olmaz, hərtərəfli yanaşmaq lazımdır, ikincisi, bu zaman qərəzkarlıq olmamalıdır, sən ortaya, oxumuş adamlar demişkən, obyektiv gerçəkliyi çıxarmalısan.

Yoxsa əvvəlcədən nəzərdə tutursansa ki, iki cümlə yazacaqsan və Əbülfəz Elçibəyi, Fatih Terimi növbəti dəfə “neprav” çıxaracaqsan, bu, ədalətli müqayisə olmur, bu, yeni “qərəz və qəzəb kükrəməsi”dir.

Birinci cümlədə 29 rəqəmini, bundan əvvəlkində isə mərhum Elçibəyin adını əbəs yerə mətnə salmamışam, 1993-cü ildən bəri adı yersiz müqayisələrdə hallanan şəxs məhz rəhmətlik Əbülfəz bəydir.

Hələ 1993-cü ilini iyununda mərhum prezident paytaxtı tərk edib öz doğma kəndi Kələkiyə gedəndə, parlamentdə səlahiyyətləri alınanda, Surət (Allah onu öz bildiyi kimi eləsin) baş nazir olanda bir xeyli adam yazırdı və ya deyirdi: “Amma Salvador Alyende 1974-cü ildə Çilidə prezident sarayını tərk etmədi, sona qədər döyüşdü”.

Bu, bir cümlədə Alyende olurdu qəhrəman, Elçibəy isə fərari kimi qələmə verilirdi. Halbuki Çilinin 1974-cü ildəki durumu ilə Azərbaycanın 1993-cü ilin iyun ayındakı vəziyyətini hərtərəfli analiz etsək, ortaya iki dənə 400 səhifəlik kitab qoymalıyıq.

Sonra tez-tez olurdu ki, Konqoda, Malidə, Qanada, nə bilim, Seneqalda-meneqalda qara polkovniklər hücum edib prezidenti devirmək istəyirdilər: əgər devirə bilməsələr, mütləq bir xeyli adam deyirdi və ya yazırdı: “Bax, prezident belə olar, qorxmadı, qaçmadı, döyüşdü, qalib gəldi, yoxsa Elçibəy 1993-də...”

Bunu yazırlar, amma oturub hesablamırlar ki, həmin o vəzifədən dördəlli yapışan prezidentin öz hakimiyyətini “uğurla” qoruması üçün neçə min gənc əsgər bir-birini qırdı, qardaş qanı tökdü, ölkə dağıldı, viranə qaldı.

Yox, əgər qiyamçı polkovniklər prezidenti devirib güllələsəydilər və ya həbs etsəydilər, o zaman yenə Elçibəyin adı müqayisə müstəvisinə çıxırdı: “Gördünüzmü, prezident və komandası necə döyüşdü, axıracan təslim olmadı, amma o vaxt Elçibəy...”

Yenə də həmin məsələ. “Axıracan döyüşdü” də nə oldu? Tərəfdarlarının yarısı qırıldı, bir hissəsi didərgin düşdü, o biri hissəsi də türmələrə dolduruldu. İndi o dirəşən prezident yaxşı iş gördümü?

Hələ 3-cü variant da var: əgər banan ölkəsinin prezidenti qara polkovniklər tərəfindən devriləcəyini bilərək vaxtında, qansız-qadasız şəkildə aradan çıxıb qonşu ölkəyə qaça bilirdisə, “təhlilçilər” söhbətə başqa səmtdən girirdilər: “Bu diktatoru xalq seçməmişdi, sosial dayağı yox idi, qüvvələr nisbəti xeyrinə deyildi, Elçibəy isə xalq tərəfindən seçilmişdi, ona görə də...”

“Xalq tərəfindən seçilmişdi”sə, demək, variantı yoxdur, adam mütləq qırğına, vətəndaş müharibəsinə getməlidir, çünki xalqdan mandatı və eksklüziv hüquqları var.

Bir sözlə, illərdir dünyanın harasında bir prezident valı dəyişib diktatorluq edirsə, öz ölkəsinin müxalifətini əzirsə, ona qarşı çıxanları güllələyirsə, dərhal yada Elçibəy düşür. Özü də bunu o adamlar edirlər ki, Elçibəy qəddar və rəhmsiz adam olsaydı, məhz birinci onları güllələməliydi.

Hərçənd mərhum eks-prezidentə qarşı bənzər iddialar sürənlər arasında onun öz keçmiş komandasının üzvləri də var. Onlar bir ili yenicə tamam olan vaxt əldən çıxan və bir daha geri verilməyən hakimiyyətin davasını edirlər. Sadəcə, onlar o vaxt əllərində silah “axıracan döyüşən”lərdən olmadılar. Amma Elçibəy axıracan döyüşməliydi. Təkbaşına. Rembo kimi...

İndi keçmişdə diplomatik xidmətdə çalışmış bir nəfər çıxıb, Elçibəylə Zelenskini müqayisə edir və üstünlüyü ikinciyə verir.

Sanki eyni situasiyadır. Birincisi, indi 1993-cü il deyil, 2022-dir, dünya bu 29 ildə 29 dəfə dəyişib. İkincisi, Zelenskinin üstünə gələnlər öz xalqının oğlu deyil, yadelli işğalçılardır. Üçüncüsü, Zelenskini bütün dünya müdafiə edir, Elçibəyi isə heç qardaş Türkiyənin o vaxtkı başbilənləri müdafiə etmədi. Dördüncüsü, Ukraynada gedən müharibə hakimiyyət uğrunda deyil, vətən müharibəsidir. Beşincisi... altıncısı... yeddincisi... hətta axtarsaq, qırxıncısı da var.

Yəni hərtərəfli müqayisə aparası olsaq, yenə ortaya gərək hərəsi 350-500 səhifədən ibarət olan bir neçə kitab qoymalıyıq ki, oxucu yəqinlik hasil etsin.

Bu söhbət, nəhayət, bitməlidir. Son 102 ildə bu ölkədə kommunist və komsomolçu olmayanların hakimiyyəti cəmi 395 gün çəkib - 1992-ci ilin mayın 18-dən 1993-cü ilin iyun ayının 18-nə qədər. Vəssalam.

İndi duraq 1 ili 101 illə müqayisə edək? Düz gəlməz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости