Свобода людям, независимость нациям!

Xroniki mızıldanmalar

1662 13.12.2022 10:45 Колумнисты A A

 

Elimizin mız qoymaq kimi gözəl adəti var. Nə olur, olsun, nə baş verir, versin, lap istəyir, yüzdəyüz hər kəsin mənafeyinə uyğun, faydalı, bütün xalq üçün xeyirli-uğurlu bir iş görülsün, fərqi yoxdur, mız qoyanlarımız tapılacaq.

Göydə günəşə (“bu, nə istidir, adamın bağrı çatlayır” və ya “qaçıb girib buludun dalına, eləcə işıldayır, isti vermir”), əsən küləyə, yağan yağışa, qara mız qoyan camaatıq, ta nə olsun.

Söz yox, başqa millətlərdə də belələri var, amma onların mızqoyanları bizimkilərə çatmaz. Bizdə bu iş institutsional səviyyədədir. Mütəşəkkil mızqoyanlar dəstələrimiz var. Bu ölkədə mızqoyanlara qoşulmayanlara, bitərəf qalmaq istəyənlərə də mız qoyurlar, ictimai-siyasi fəaliyyətini şübhə altına alırlar.

Bir tərəfdən yaxşı şeydir, nəyinsə doğruluğuna şəkk eləyəndə, məqsədəuyğunluğunu sorğulayanda ortaya həqiqət çıxır. Heç kütləvi şəkildə “məəə” eləmək də bir şey deyil. Amma görəndə ki, bir iş görüldü, 30 il həsrətində olduğumuz, gerçəkləşdiyini gözlədiyimiz arzumuz, nəhayət, reallaşdı, buna niyə mız qoyaq axı?

Bax, budur, jurnalistlərimiz, qeyri-hökumət təşkilatlarımızın fəalları yığışıb gediblər, Laçın dəhlizində İrəvan-Xankəndi yolunu bağlayıblar, aksiya keçirirlər, bu iş dəstək verən xeyli adamla yanaşı, mız qoyanlar da var.

Söz yox, bu işi təşkil edənlər var. Əlbəttə, elə olacaq. Belə işlər təşkilatçılıq olmadan başa gəlmir. Amma baxaq, görək, bu aksiyanın məramı, məqsədi nədir, nəyə nail olmaq istəyirik.

Dünənə qədər biz deyildikmi, deyirdik, 3 milyon adam toplaşaq, Qarabağa yürüş edək, bu məsələni birdəfəlik həll edək? QAT fəalları ildə dörd dəfə toplaşıb Bakıdan Qarabağa getmək istəyəndə hələ Qaradağa çatmamış qabaqlarını kəsib geri qaytaran hökumətə hiddətlənmirdikmi? “Laçın yolunu ikicə gün bağlasaq, ermənilərin ağlı başına gələr” demirdikmi?

İndi o adamların qabağını kəsən yoxdur, hələ avtobus da veriblər, çadır da, termos da çay da. Gedib yolu da bağlamışıq. Ta nəyə qəzəblənirik, nəyə etiraz edirik?

1988-ci ildən bəri ermənilər minlərlə bu cür aksiyalar təşkil ediblər. Məgər onların bu cür hərəkətləri, oxumuş adamlar demişkən, spontan alınırdı? Xeyr. Siruşoya, Armenə dil verən vardı. Həm də təkcə dil yox, tezis, meqafon, konserv qutuları, eləcə də termos çayı.

Yaşayış uğrunda mübarizə belə olur: bir yerə qədər hərbçilər gedir, oradan o tərəfə estafeti diplomatlar götürür, sonra jurnalistlər meydana girir, bəzən də əliyalın, diliuzun xalqın işə qarışması lazım gəlir. Yəni gərək hər kəs əlini daşın altına qoysun. Vətən müharibəsi belə şeydir. O vaxt, 44 günlük müharibədə o zonanın kababçıları manqallarını Əhmədbəyli-Horadiz tərəfdə yol qırağında qoyub əsgər valideynlərinə pulsuz kabab paylayıblar ki, qələbəyə töhfələri olsun. (Hərçənd əsgər atasından artıqlaması ilə pul alan taksi sürücüləri də olub).

Ona görə də indi Şuşa tərəfdə erməni yolunu baş verənlərə ciddi-ciddi “bu dava vətən-torpaq davası deyil, sərvət davasıdır” deyənlər, ağzının bir tərəfinə ironiya ifadə edən mimika verərək, “yəqin orada “Bravo” açacaqlar” deyənlərin mızı adamı dilxor eləyir. Bu məsələdə də yox də. O qədər tema var ki, mikrorayon uşaqları demişkən, götürün, xırdalayın.

Məsələn, Bakıdan Tiflisə olan 10 manatlıq yolun təyyarə ilə 1110 (min yüz on) manat olmasına nəinki mız, hətta paz da qoymaq olar. Eləcə də koramal kimi səssizcə sürünə-sürünə yuxarı qalxan bazar qiymətlərinə, klinikalardakı pasiyent soyğununa, məktəblərdəki vəziyyətə, ta nə bilim, belə baxanda hər şeyə. Amma Qarabağın bizim olmasına, bu konfliktin birdəfəlik bitməsinə gətirəcək addımlara gərək dodaq büzməyək. Erməni o tərəfdə büzüşübsə, deməli, biz düz yoldayıq. 30 il başımıza açdıqları müsibətlərin cavabını 2 il yarımdır verməyə başlamışıq.

Bircə təsəlli var ki, bu məsələdə qoyulan mızların çoxu xainlikdən deyil, şakərdən, vərdişdəndir. Ona qalsa, dünən Gədəbəydə 50 yaşlı kişinin gənc qızla evlənməsi məsələsinə də xeyli mız qoyan vardı. Halbuki soyadı Şəkərbəyli olan oğlan (!) şəkər kimi adamdır, çox gənc görünür, qıza da azı 27 yaş vermək olar, real yaşı az olsa da, amma 17 də deyil. Bu 17 yaş söhbətini ona görə ortaya atmışdılar ki, mız qoymaq asan olsun. Ona görə də mızqoyonlar çox idi.

Belə görünür ki, bəzi adamlar 50 yaşlı kişiləri çox qoca hesab edirlər. Bunu onlardan özləri 50 yaşa çatanda soruşmaq lazımdır. Bir həmkarımız var, 30 yaşım olanda mənə “dayı” deyirdi, indi özünün 50 yaşı var, ona “əmi”, “dayı” deyənlərə acığı tutur. Yəni elə məsələlər var ki, mız qoymaq olmaz, mız qoyarsan, mız qoyarlar, qalarsan mızıldana-mızıldana.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости