Свобода людям, независимость нациям!

Xoşbəxt sırtıqlar

2028 09.06.2022 09:50 Колумнисты A A

Ruslarda tərcüməsi “sırtıqlıq ikinci xoşbəxtlikdir” anlamını verən bir ata sözü, məsəl var. Açığı, mən həmişə fikirləşirdim bu sözün başqa yerlərdə alternativləri, variantları yoxdur. Örnək üçün, bizim dildə “həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır” məsəli var, lakin bu, həmin mənanı vermir. Dünən internetdə axtaranda isə hollandlarda “abırsız adam dünyanın yarısını tutar” məsəlinin olmasını gördüm. Demək sırtıqlığın xoşbəxtliyin variantı kimi tanınması tək şimal qonşumuza aid xarakterik cəhət deyilmiş. Ürəyim yerinə gəldi. Qəlbimdə kök salan faşist düşüncələri qovaladım.

Ancaq şimaldan əsən küləklər bizdə bu qənaətin daim kök atmasına səbəb olmuşdur. Elə götürək son hadisələri - Ukraynaya qəddar, vəhşi hücumları. Rusiya, Putin rejimi Ukraynanın altını üstünə çevirir, hər gün yüzlərlə günahsız insanı öldürür. Ukrayna cavab atəşi açanda isə inciyirlər. Deyirlər, niyə belə edirsiniz.

Heyrətamiz həyasızlığa şahid olmaqdayıq, bəlkə dünya tarixində beləsi görünməyib. Rusiyanın “məntiqinə” görə onların tam ixtiyarı var Kiyevdən Odessaya, Mariupoldan Lvova qədər bütün Ukraynanı xaraba qoysunlar, ancaq ukraynalılar Rusiyanın Belqorod vilayəti bir yana, hətta işğal edilmiş Luqansk, Donetsk bölgələrinə də bomba ata bilməzlər. Bu tərəfdə yaşayan ruslar yaralananda dünya miqyaslı faciədir, o tərəfdə ukraynalı uşaqlar öləndə hesab elə cücü basdalayırsan. Sırtıqlıq miqyas tanımır.

Özləri Xəzər dənizindəki gəmidən-uçaqdan Kiyevə raket ata bilər. Ancaq ukraynalıların xaricdən 300 kilometr radiusu keçən raket almasına qəti yol vermək olmaz! Ən qəribəsi isə budur ki, xaricdəki o “insan haqları fəalları” da Rusiyanın bu sırtıq siyasətinə dəm tutmaqdadır. Bayden deyir, mən Kiyevə uzun mənzilli raket verməyəcəm, nə vermişəmsə, onu da Rusiya tərəfə atmayın. Şolts deyir, üzrlü sayın, heç özümüzdə raket yoxdur. Makron lap ağını çıxarır, deyir, Putinin qəlbinə dəyməyin, kövrək adamdır, arvadından təzə boşanıb.

Minlərlə insanın ölümünə bais olmuş alçaq haqda deyirlər: “Gəlin elə edək bu adam alçalmasın. Müharibədən hansısa sifətdə çıxa bilsin”. Aşağı, aşağı, bundan da aşağı?

Ukraynanı ərazisini işğalçıya verməyə çağırırlar. Anlamırlar ki, Rusiya imperiyasının gözü Ukrayna ilə doyan deyil. Onu udandan sonra, tamah dişini Moldovaya qıcayacaq. Sonra Polşaya. Sonra başqa-başqa Avropa dövlətlərinə. Göz doysaydı, dünyanın altıda biri ilə doyardı.

Lavrovun təyyarəsini Serbiyaya buraxmadılar, əcəb elədilər. Avropa hava məkanı rus faşistlərinə, raşistlərə bağlanıb. Rusiyanın xarici işlər naziri guya bundan incimişdir. Hollandiyadan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurub yüzlərlə insanı qətlə yetirən rejim indi Avropanı ona təyyarə dəhlizi verməməkdə suçlayır.

Üzeyir bəyin ünlü operasında təxminən Rusiyanın davranışı təsvir olunub: “Ey kimsən orda, aç qapını, aç qapını, gələk səni öldürək!” Dünyanın bütün xalqları rus ayısının qabağında əlini-qolunu qaldırıb kirimiş durmalıdır, bunlar da gəlib parçalamalıdır. Hansı qanacaq və qabiliyyətə görə? Buna cavab verən yoxdur.

Ən ünlü çarların varyaqdan, almandan, nə bilim, monqoldan dönmə olsun, ən ünlü şairlərin həbəş, şotland əsilli olsun, lakin ona-buna “qara ...” deyə həcv qoş. Bəşəriyyətə ən böyük “töhfən” araqla tüfəng olsun, onlar da plagiat... Yüz il öncə iki dənə roman yazıblar, hesab edirlər, dünya başqa kitabın arasını açmamalıdır. Paytaxtın göbəyində, 21-ci əsrdə meyiti mumiyalayıb nümayiş etdirirlər, sonra mədəniyyətdən dəm vururlar. 300 il qabaq Avropaya pəncərə açmışdılar, indi o pəncərədən də əsər-əlamət qalmayıb. Qarı daxmanın önündə, köhnə, yırtıq təknənin qabağında oturub. Lakin fors yenə dünyanı cırır. Kirimək söhbəti yoxdur. Hamımız bunlara borcluyuq.

Sırtıqlıq nəinki ikinci, hətta üçüncü, dördüncü, beşinci... xoşbəxtlik imiş.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости