Свобода людям, независимость нациям!

Xan yadigarının xilaskarından şəhid əmanətlərinə Xankəndi salamı

1750 22.12.2023 14:05 Колумнисты A A

İlk yayınlanma vaxtı: 21.12.2023

Son illər yazılarımızı bir qayda olaraq bu girişlə başlayırıq: daha bir tarixi gün yaşadıq... 21 dekabr 2023-cü il də fərqli tarixi günlərdən biri oldu. Hamımızın nəzər-diqqəti ölkəmizin başkəndinin 329 km-liyində yerləşən Xankəndiyə dikilmişdi. 1991-ci ilin 26 dekabrında Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunan və 32 il ərzində həsrət qaldığımız Xan yadigarına!

Möhtəşəm bir gün oldu. Təkrar-təkrar efirdən izləməklə doymaq olmur Xankəndi çəkilişlərini. Xankəndisizliyə susamış adam kimiyik, içirik, yanğımız sönmür. Həm də bəziləri uzun illər ərzində Xankəndi haqqında başqa fikirləri beynimizə yeritməyə çalışmışdılar axı, guya Xankəndi məsələsi bir başqadır, onu məsələn, Şuşa ilə, ya Cəbrayılla eyniləşdirmək olmaz. Necə ki, “vasitəçilər” uzun müddət təlqin etməyə çalışırdılar: Qarabağ məsələsi ilə Abxaziya, Cənubi Osetiya, Dnestryanı arasında fərq var, ayrı məsələlərdir. Azərbaycan dövləti, dövlətin lideri, Ali Baş Komandanı bütün iddiaları alt-üst etdi, Dəmir Yumruğu ilə! Prezident və Birinci xanım Şuşadan, yeni yaşayış binalarına baxış keçirəndən sonra gəlmişdilər Xankəndiyə. Ondan əvvəl də Xocalıda, Xocavənddə, Qırmızı Bazar qəsəbəsində, Daşaltıda olmuşdular. Üstəlik, separatçı-terrorçu rejim üçün “donor” rolunu oynayan, bu gün Bakı həbsxanasında “çay içən” Ruben Vardanyanın Azərbaycanı təhdid etdiyi min illik çinar ağacının nəhəng gövdəsi önündə dayanıb revançistlərə və onların arxasındakılara mesaj vermişdi dövlətimizin başçısı.  

d45bef7e-00b1-36cd-a96b-be299c65.jpg (658 KB)

Xankəndi stadionu tarix boyunca belə möhtəşəm görkəmdə olmamışdı, belə büsata bürünməmişdi. Xankəndidə futbol bayramı idi bu gün. Xankəndiyə bir neçə saatlıq səfər etmiş azarkeşlərin hansı hissləri keçirdiyi təsəvvür etmək çətin deyildi, “Yeni Müsavat” Media Qrupunun iki əməkdaşı Əli Rəis və Məhəmməd Türkməndən tutmuş, Mətbuat Şurasının sədri Rəşad Məcidə, millət vəkili Aqil Abbasa, 55 il öndə Xankəndini tərk etmiş Xalq artisti Fəxrəddin Manafova, jurnalist həmkarımız, 35 ildən sonra yenidən doğulduğu şəhərə ayaq basan Nurşən Quliyevədək, digər minlərlə bacı-qardaşlarımıza qədər...Bizlər efirdən izlədik, hər kəsin üzü gülürdü, çöhrədə hüzur, sevinc, əllərdə bayrağımız. Adamlar Xankəndiyə doya-doya baxmağa çalışırdılar, şəkillər çəkdirirdilər. Dövlət Himnimizin oxunması da tamam başqa idi, şövqlə, qürurla, sanki səslərinin dağları aşması üçün daha ucadan... “Şəhidlər ölməz, Vətən bölünməz” nidası da bu bayramın özəl parçası oldu oyun boyunca...Digər möhtəşəm səhnələr, mənzərələr də var idi, saymaqla bitməz.

8 Noyabrda Xankəndidə keçirilən hərbi parad, ondan əvvəl, 15 oktyabrda Prezidentin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və məlum çevrələrə son xəbərdarlıqlarını etməsi də şərəf tariximizin başqa səhifələridir. Millətimizi buraya qədər gətirənsə Ali Baş Komandan və onun etimad göstərdiyi qüdrətli Ordumuzun 19-20 sentyabr antiterror tədbiri oldu, heç 24 saat da çəkmədi, sarsaq xunta rejimi cəzasını aldı. Azərbaycan Ordusu düşmənin 30 ildən artıq müddətdə işğalda saxladığı Xankəndi şəhərini azad edərkən bu şəhərdən artqı bir kərpicin belə düşməməsi üçün əlindən gələni etdi. Səbəb bəlli idi: Xankəndi Azərbaycandır, Azərbaycanındır! Həm də bu şəhər Azərbaycan xalqının vergiləri, dövlət vəsaiti hesabına tikilib! 

67d1bbd8229b8eb430e0e45f6b66f653_4450691.jpg (301 KB)

21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu, sıradan bir futbol oyunu deyildi, bizim üçün Dünya, Avropa, Olimpiya çempionatlarının finalından da üstün hadisə idi. Xanın yadigar kəndi, şəhəri azı son əsrdə ilk dəfə idi azərbaycanlıların, doğma insanların isti nəfəsini, hərarətini, səsini bu qədər yaxından duyurdu, hiss edirdi. İmperiyanın Cümhuriyyətimizi süquta yetirməsindən sonra azərbaycanlılar doğma şəhərlərindən didərgin salınmışdı, 1828-ci ilədək buralarda ins-cinsi olmayan hayların sayı kosmik sürətlə artırılaraq sonda Xankəndi “erməni şəhəri” statusunu almışdı. Təbii ki, 1991-ci ilin dekabrınadək, Kərkicahan qəsəbəsi işğal olunanadək qovulan 15 minədək azərbaycanlının evləri yağmalanandan sonra...

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin, Xankəndi həsrəti ilə dünyasını dəyişən minlərlə vətəndaşımızın, şəhidlərimizin ruhları şaddır, Xankəndi öz sahibinə qovuşub, nəinki sahiblərini gözləyir, artıq idman yarışına evsahibliyi edir!

Bəli, dövlət başçımızın söylədiyi kimi, bütün Azərbaycan xalqının sevincinə səbəb olab unudulmaz bir hadisəydi budəfəki futbol oyunu. Həm də ona görə ki, ilk dəfəydi işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi! 

Screenshot_4.png (375 KB)

Bakıda keçirilən klublararası oyunları üzləmək üçün stadiona bəzən bir neçə yüz azarkeş gəlir. Amma 6 min azarkeşin bu qədər məsafə qət etməsinə nə qışın soyuğu, nə uzaq yolçuluq – üzmumilikdə 650 km – nə gecənin yuxusuzluğu, nə digər məsələlər mane olmadı. Əksinə, son saatlaradək Xankəndiyə getmək üçün nə qədər əlavə müraciətlər oldu, sosial şəbəkədə oyunu canlı izləmək fürsəti qazananlara həsəd aparanları müşahidə etdik. Bu, xalqın Xankəndi sevgisidir! Bu, həm də “Qarabağ” və Mərkəzi Ordu İdman Klubuna olan məhəbbətin, sayğının ifadəsidir. Biri 30 illik işğal dönəmində Avropanın idman arenalarında Qarabağımızın rəmzlərindən biri olan “Qarabağ”, digəri Qarabağ azad edən müzəffər ordumuzun komandası!

Xankəndi Fatehinin stadiondakılara xitabən “Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!”-deyərək sözə başlamasının özü belə tarixə düşəcək kəlmələrdir. Xankəndi neçə onilliklərdir belə xoşgəldinlərə tamarzı qalmışdı, eləcə də Xankəndi həsrətində olanlarımız. Artıq Xanın kəndinin, şəhərinin müasir sahibi dövlət başçısı, Prezident EV SAHİBİ olaraq xoş gəlmisiniz deyir vətəndaşlarına, bundan gözəl nə ola bilər?! 

photo_2023-12-21_21-11-32.jpg (104 KB)

Xankəndi stadionu şəhidlərinə böyük ehtiramını sayğı duruşu ilə ananda yüz km-lərlə uzaqda olanlarımız da sükut içində ehtiramını efadə etdi, nəfəs belə dərmədən... Kövrəldən və qürurlandıran mənzərəydi. Bu Qələbənin memarı, Xankəndi Fatehi, Ali Baş Komandan “bu gün şəhidlərimizin övladları və ailə üzvləri bizim yanımızdadır, gəlin hamılıqla bir yerdə onları salamlayaq”-deyərək şəhid övladlarına sarı döndü, onları alqışladı, azarkeş ordusu və komanda heyətləri ilə birlikdə. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsinin daha bir ilki oldu: ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva məhz şəhid övladları ilə birlikdə izləyirdilər bu tarixi matçı. Qalib Sərkərdə bir daha yüksək tribunadan hər kəsin ürəyindən xəbər verən fikirlər söylədi. Bildirdi ki, “Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Ölkə başçısının qeyd etdiyi kimi, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Çünki “Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır!” Bu həqiqətləri diplomatiya və siyasət dili ilə başa düşməyənlərə çatdırmaq üçün “futbol dili”ndən istifadə baxımından olduqca mühüm hadisə idi. 

photo_2023-12-21_21-11-31.jpg (123 KB)

Dövlətimizin rəhbəri qısa müddətdə qurulan Xankəndi stadionunda keçirilən bu oyunla həm də torpaqlarımıza bəd nəzərlərlə baxmaqda davam edənlərə yerini göstərdi: “Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır”. Aydın olmadısa, başa salmaq üçün əlavə tədbirlər də görülə bilər, hərçənd Azərbaycan dövləti bunu istəmir və əbədi sülh tərəfdarıdır.

Prezident xalqımıza da rahat olmaq, eyni zamanda arxayınlaşmamaq mesajını vermiş oldu. Bəli, Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər! Dövlətimiz quruculuq-abadlıq işlərini bütün Qarabağda aparır. Eyni zamanda Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri davam edir.

Əsaslı təmir olunan Xankəndi stadionundan separatizm simvolikasını əks etdirən bütün yazıların tarixin zibilxanasına atılmasının Xankəndi stadionunun tribunasından səslənməsi də bəzilərinə dərs olmalıdır, xüsusilə də 4 il əvvəl “Qarabağ Ermənistandır”-sayıqlayana...

Azərbaycan dövləti qurucu dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Özü də Ermənistanın bu qədər vandallığının qarşılığında dövlətimiz idman arenalarını belə unutmur. Prezident növbəti müjdəni verdi: “Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”.

Zəfərimizin mənbəyinin də növbəti dəfə ünvanı elan olundu, bu dəfə Xankəndidə: “Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!”

Prezidentin yüksək tribunadan səsləndirdiyi “Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!”-sözləri qürurvericidir, həm dosta, həm də düşmənə xitabdır. Dostlar Azərbaycanın qazandığı ədalətli nəticəyə görə daim sevinəcək, düşmənlər çatlayacaq. Təbii ki, Xankəndidəki oyun “Xankəndi bizimdir, əbədi bizim olacaq” mesajı olmaqla yanaşı, düşmənçilik, ədavət tərəfdarı olanlara “bitsin bu qovğa, adam olun, qonşu olaraq yaşayaq”- səslənişidir. Azərbaycan dövləti bununla demək istəyir ki, Azərbaycanın Xankəndi şəhəri bundan sonra Qarabağ Universiteti olaraq elm və təhsil mərkəzlərindən biri olacaq, eyni zamanda idmanın beşiyinə çevriləcək, rifah ünvanı kimi nişan veriləcək. Bu, bəşərə ünvanlı barış mövqeyidir. Təbii ki, qətiyyətli mövqenin məntiqi yekunu olaraq! Anlasınlar! Əks təqdirdə, meydandakı topu günün birində yenə də odsaçan toplar, mərmilər əvəzləyə bilər! 

Screenshot_6.png (463 KB)

Cənab Prezidentin Xankəndi stadionunda komanda üzvləri ilə bir-bir görüşməsi, daha sonra meydandakı topa ilk zərbəni – özü də Ordu komandasına sarı vurmasının da rəmzi mənası var. Biriləri də sadəcə “top” deyib, keçməsinlər, düşünsünlər, daşınsınlar, anlasınlar! Bu oyunda rəqiblər yox idi, baxmayaraq ki, çox gərgin mübarizə getdi, azarkeş ordusu MOİK adlı daha bir mübariz komandamızı kəşf etdi. Gördük ki, Ordumuz təkcə mükəmməl döyüşmür, həm də möhtəşəm oyun oynayır. Son dəqiqədəki yeganə qollar “Qarabağ” mərhələ adladısa, birlik mesajları verildi yekunda. Çünki Ordu da, Qarabağ da BİZİMDİR! Həm də bu, bir Zəfər oyunu idi.

“Qarabağ” futbol mübarizəsində böyük nailiyyətlər qazandı bu illərdə. Özü də hansı çətinliklər yaşadı. Ermənilərin hikkəsinin əsirinə çevrilən ölkələrin hakimlərinin ədalətsiz qərarları ilə üzləşdi, mərhələ adlamağa qoymadılar...Yadımızdadır, hətta bəzi oyunlarda meydança üzərinə separatçı hayların əski parçası bərkidilmiş dronlar uçurulmuşdu...

Bu oyunda isə separatçılardan əsər-əlamət yox idi, dronlarımız Azərbaycan bayrağı ilə bəzədilmiş Xankəndi stadionunu yüksəkliklərdən çəkirdi...

Az sonra Xankəndinin əsl sahibləri, sakinləri evlərinə dönəcək, burada əbədi yaşayacaq bu əmanət yurdun sahibləri, övladları. 7 fevralda isə Xankəndidə də seçki məntəqələrində səsvermə olacaq, Xanın əmanətini düşməndən geri qaytaran Sərkərdəyə!

Bayramın, Zəfərin mübarək, Azərbaycan! Xankəndiyə hər zaman xoş gedək, xoş gələk!

 

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости