Свобода людям, независимость нациям!

Xalqı qırğına verənlər

1848 21.07.2022 09:30 Колумнисты A A

“Yaşamaq yanmaqdır, yanasan gərək”

(Bəxtiyar müəllim)

Həmişə pis xəbərlər vermək olmaz. Hörmətli Mətbuat Şurası sədri Əflatun müəllim də bugünlərdə biz yazarlara tövsiyyələrini açıqlamışdır. Deyir intiharlar haqda yazmayın, göstərməyin, danışmayın.

Xalqda intiharlara xüsusi maraq oyadan mətbuat imiş. Kimsə özünü damdan atır, biz də bunu yazırıq, nəticədə hamı başa düşür ki, damdan hoppanmaq olarmış. Ona qədər elə bilirmişlər bizim ölkədə dama çıxmaq qadağandır, hökumət icazə vermir.

Yaxud kimsə dənizə tullanır, boğulub ölmək üsulunu seçir. Biz bu haqda qəzetdə yazmasaq, dənizə girmək millətin ağlına gələrdimi? Gəlməzdi. Çünki dədə-babadan xalqımıza yaxşı məlumdur ki, dənizdir, dağdır, meşədir, bulaqdır, şəlalədir, yaylaqdır - belə şeylər hökumət adamlarına, bəy və xanlara məxsusdur. Rəiyyətin, kasıb-kusubun canı çıxsın, qıraqdan baxsın, zibillikdə eşələnsin, səhraya getsin.

Əlbəttə, bu o demək deyildir ki, hökumət xalqı fikirləşmir. Qətiyyən. Xalqın istirahəti üçün də parklar qayırılmışdır. Orda səhərdən axşamacan skameykada oturub semiçka çırtlaya, dinc istirahət edə bilərsən. Bu məqsədlə çoxlu müasir işıq dirəkləri də basdırılıbdır. Park xalqa, meşə hökumətə. Bulaq məmurun, kanalizasiya xalqın. Şəlalə başçının, zəlalət qaçqının. (Qafiyə üçün yazdım, fikir verməyin, boş söhbətdir. Bu dəqiqə qaçqınlar ağıllı evlərdə, hökumət ağılsız evlərdə yaşayır. O dərəcə hörmətimiz qalxıb).

Ancaq Əflatun müəllimin bir fikri ilə razı deyiləm ki, guya Avropada, inkişaf eləmiş ölkələrdə intiharlar daha çoxdur. Mən bu geniş yayılmış yalanı ifşa edən yazı yazmışam, görünür, heç bir xeyri olmayıbdır. Ona görə məcburən 2019-cu ilin aprelində “Özünü öldürən skandinavlar haqda mif” başlıqlı həmin yazıdan bir hissəni təkrar dərc edirəm: “Dünya Səhiyyə Təşkilatının (DST) intihar statistikası var. Ən son belə hesablamalardan biri (183 ölkə arasında aparılıb) 2016-cı ilə aiddir və orada ilk onluğa bütün Avropadan cəmi 1 dövlət düşüb - Litva. SSRİ-də keçmiş müttəfiqimiz olan Litvada hər 100 min nəfərə 25,7 intihar olur. Ümumən, ilk 10-luq belədir: Qayana, Lesoto, Rusiya, Litva, Surinam, Fil Dişi Sahili, Qazaxıstan, Belarus, Cənubi Koreya, Uqanda. Gördüyümüz kimi, ”iqtisadi vəziyyətin intihara təsiri yoxdur, yaxşı yaşayanlar daha çox özünü öldürür" mifi də burada yalana çıxır. Finlandiya 31, İsveç 50, Norveç 76, Danimarka isə 89-cu yerdədir". Sitatın sonu.

Başqa tərəfdən, biz axı təkcə intiharları təsvir eləmirik, min dənə başqa temalarda da yazırıq. Məsələn, oğru məmurlardan. Hüquqsuz insanlardan. Qara qüvvələrdən və sairə. Lakin hələ bir dəfə də görmədik məmur düz yola gəlsin, xalq oğru olsun. Yaxud insanların hüquqsuzluğu məmurlara təsir eləsin. Qara qüvvələr ağarsın. Nə sirrdisə, yeganə təsir gücümüz intihar istiqamətindəymiş. Allah. Allah. Adam lap qorxur. Bəlkə biz Əzrayılın yerdəki köməkçiləriyik? Əflatun müəllim Mətbuat Şurası adından bir bəyanat da o biri dünyaya göndərməyə borcludur.

Qarşıdan tozanaqla, qan-tər içində gələn Milli Mətbuat Günü bayramı ərəfəsində bizə açıq-aydın işarə vururlar ki, qələtinizi eləyin, heç zaddan yazmayın. Nə ölüdən, nə diridən. Nə oğrudan, nə doğrudan. Eləcə eşələnin. “Ortasına dəymə, qırağından kəsmə, doğra, doyunca ye” - belə ata sözümüz vardır. 

Bu tərtibat xalqa da aiddir. Ona dolayısı ilə deyirlər ki, sizi nə yaşamağa, nə ölməyə qoymayacağıq. Maraqlı konseptdir. Təxminən Zəngilan aeroportu kimi. Bugünlərdə bir ağıllı dostumuzla onun tikilmə məqsədini müzakirə edirdik, sonucda belə qərara gəldik ki, yəqin oradan İsrailə camış qatığı aparılacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости