Свобода людям, независимость нациям!

Xalqı narahat edən şeylər – audiovizual və individual baxış

1015 05.07.2022 16:07 Колумнисты A A

 

Deyirlər, xalqı nələrin narahat etdiyini bilmək istəyirsənsə, ölkənin mediasına bax, çünki mətbuat cəmiyyətin güzgüsüdür.

Hazırda medianın üstünə sosial şəbəkələri də gəlmək lazımdır, özü də əsasən Feysbuk və Tvitteri. O birilər lazım deyil. O birilərdə xalqı nəyin narahat etdiyini bilmək olmur, eləcə görürsən ki, bir çox insanları psixoloji problemlər, bəzilərini də içlərindəki cinlər narahat edir.

Orası da var ki, bu güzgü heç də cəmiyyəti olduğu kimi göstərməyəcək, bir az çatı, sınığı, bir az nahamarlığı var, həm də bədənnüma deyil. Amma biz əlimizdə olana şükür edək, təzədən durub “Əyri güzgülər krallığı” nağılı yazmayaq.

Budur, mediada və sosial şəbəkədə yazılanları oxuyuruq, məlum olur ki, hazırda xalqı ən çox narahat edən şey bahalıqdır. Hamı gileylənir ki, ucuz ölümdən başqa hər şeyin - ərzağın, geyimin, müayinə-müalicənin, təhsilin, əyləncənin, istirahətin, səyahətin, canım sizə desin,hər cür xidmətin qiyməti qalxıb, daha dəqiqi, ikiqat dəyişib. Axtarsaq, ölüm ucuz olsa da, “oformit”i bahadır, amma bu, öləni narahat etmir, onu ölü yiyəsindən soruşmaq lazımdır.

Bir də kidneppinqin qiyməti qalxmayıb, hətta xeyli düşüb. “Kidneppinq” adam oğurlamağa deyirlər, bilirsiniz. Bu günlərdə bir nəfəri oğurlayıblar, qaytarmaq üçün cəmi-cümlətanı 500 manat istəyiblər, amma onu da ala bilməyiblər, tutulublar. Bu, dünya praktikasında ən ucuz kidneppinq əməliyyatıdır. Bundansa adamı teleqülləyə aparsaydılar, orda “səni burdan atacağıq” deyə qorxudaraq, boynuna qonaqlıq qoysaydılar, daha urvatlı olardı. Heç olmasa, tutulanda altından “zarafat edirdik, narahatlıq üçün üzr istəyirik” deyə çıxa bilərdilər.

Ayrıca quru sərhədlərin bağlı qalmasından və təyyarə biletlərinin baha olmasından xeyli narahat olanlar var. Bu problem yalnız çox varlıların, bir də kasıbların vecinə deyil. Varlılar ona görə narahat olmurlar ki, təyyarə biletinin qiyməti 10 min dollar olsa da, onlar onsuz da gedib İbizada, Seyşeldə, Malyorkada-filanda dincələcəklər. Kasıblar isə ona görə narahat deyil ki, burda-bura Lökbatandan Şıxova, Biləcəridən Novxanıya çimməyə gedə bilmirlər, təyyarə bileti lap 15 min dollar olsun, nələrinə lazımdır.

Ancaq ortabab adamlar var ki, onlar əvvəlki illərdə yayda Antalya tərəflərə 1 həftəlik tətilə gedərdilər, alver məqsədi ilə Dərbəndə, müalicə üçün Təbrizə, işləməkdən ötrü İqdıra adlayardılar, indi gedə bilmirlər. Əl-qoyun, diz-qarın qalıblar və bu səbəbdən çox pəjmürdə və əndişəlidirlər.

Sonra baxırsan ki, bir xeyli adam da pensiyaların kəsilməsindən yana narahatdır və hesab edirlər ki, bu işlərə baxan nazirlik qurunun oduna yaşı da yandırıb. Nazirlik də narahatdır ki, xalq bu istiqamətdə yeridilən siyasəti yanlış anlayır, əslində hər şey aztəminatlı ailələrin mənafeyinə xidmət edir.

Xalqın bir yarısının Şuşaya getmək ehtirası sönüksə də, o biri yarısının narahatlığı artıq platonik yanğı halına çatıb. Ona görə də bu şəhərə dövlət xətti ilə gedən bəzilərinin itdən alınıb itə verilməsi proseduru davam edir. Çoxları ora layiq deyilmiş. Sanki onlar Şuşadan qayıdandan sonra Şuşeyi adı alacaqlar – Məşədi, Kərbəlayi kimi bir şey. Bircə hamı bir “kruq” gedib-gəlsəydi, bəlkə bu töhmət-təhniz kampaniyası səngiyərdi.

Hərdən yoğunlayan İran amili də bir xeyli adamı narahat edir. Xalqın əksəriyyəti bu işə “gəlmişdilər, gördük dəə” prizmasından yanaşsa da, oxumuş adamlar deyirlər, siz bilmirsiniz, qumlu mollaların əlinə hakimiyyət düşsə, onda bilərsiniz, kran nədir, çınqıl-sement, kəndir nədir. İnşallah, o cür inşaat sektoruna işimiz düşməz.

Yerli televiziyalardakı bayağı verilişlər onlara baxanlardan çox, baxmayanları narahat edir. Ona görə ki, baxmayanlar silsilə səyliklərin fraqmentlərinə baxmaq zorunda qalır, baxanların halına acıyırlar. Namxuda, düşüklüklər o qədər şiddətlidir ki, millətə “Ay bəri bax” mahnısı oxuyurlar. Audiovizual Şurası telekanallar sarıdan qətiyyən nahat deyil, deyir ki, düz yoldadırlar.

Ukraynada gedən müharibənin doğurduğu narahatlıq ötüb-keçməyib. Düzdür, guya bizə isti-soyuğu yoxdur, amma fevralda o müharibənin istisi buraları qarsırdı, indiki qızmar yayda müharibəyə soyuq yanaşmağımızın səbəbi odur ki, savaş əsas vaxtda bitmədi, əlavə vaxta getdi, indi ümid penalti seriyasına qalıb. Kim, türkün sözü, füzəni sərrast vursa, qalib o olacaq.

Yerdə qalan şeylər ciddi narahatlıq doğurmur. Onlar xroniki narahatlıqlardır, olan şeydir. Ona qalsa, ABŞ-ın indiki səfiri rahat adama oxşayır – tədbirdə rəqs etməsindən elə görünür. Bundan əvvəlkilər isə tez-tez narahat olurdular, gündə bir neçə dəfə durub, qazaxlar demişkən, derətxanaya gedir və rahatlaşıb qayıdırdılar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости