Свобода людям, независимость нациям!

Xalq üçün gerçək tiryək – din xadiminin narkotacir çıxması biabırçılığı

2051 13.04.2024 09:00 Колумнисты A A

 İlk yayınlama saatı - 02.00

***

Neftçalada mədrəsə axundunun narkotacir kimi həbs edilməsi sıradan bir hadisə deyil.

Rayonda Kərbəlayi Samid kimi tanınan bu adamın - Salamov Samid Şakir oğlunun, üstəlik, ruhaniyyat təhsili alan şagirdlərə dərs deməsi daha ağırlaşdırıcı haldır. Gör, gələcək ruhani xadimləri kim yetişdirirmiş?

Axund Samidin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilməsi isə onun göstəricisidir ki, bu şəxs öz mühitində tanınan və hörmət yiyəsi olan biridir.

İndi bu şəxs narkotik maddələr satmaq üstündə yaxalanıb. Adının çəkilməsi, vəzifəsinin göstərilməsi, dini rütbəsinin qeyd olunması ondan xəbər verir ki, istintaqın əlində daşdan keçən maddi sübutlar var. Yoxsa şübhəli şəxsin adının bu şəkildə hallandırılması düzgün olmazdı.

O da istisna deyil ki, axundun yaxın dostlar və əqidədaşlar çevrəsi bu tutqu və ittihamın əsaslılığını şübhə altına ala, bunun “son illərdə dindarlara qarşı aparılan təqib-təzyiq kampaniyasının tərkib hissəsi” kimi qələmə verə, onu “İranla gərginləşmiş münasibətlərin zərərçəkəni” elan edə bilərlər. (Azərbaycanda fəaliyyət göstərən bir çox din adamlarının İranla bağlılıqları sirr deyil).

Belə iddialar həmişə olur. Hamı məsumdur, heç kəsin təqsiri yoxdur. Həbsxana haqqında məşhur və trivial epizod var: günahsız yerə həbsə düşən şəxs hücrə (kamera) yoldaşlarına günahsız olduğunu deyəndə onlar hamılıqca gülüşür və deyirlər: “Burada biz hamımız günahsızıq”.

Yəni bu qaydadır, ən ağır və açıq cinayətlər törətmiş adamlar belə özlərinə bəraət qazandırmaq üçün müxtəlif ifadələr səsləndirirlər: “Öz hərəkətləri ilə məni onu vurmağa təhrik etdi”; “Affekt vəziyyətdə olmuşam, neçə bıçaq vurduğumu xatırlamıram”; “İşsiz, pulsuz idim, oğurluq etməyə vadar oldum”; “Şeytan yoldan çıxardı” və s.

Narkotik alveri üstündə tutulanların da arqumenti var, onlar adətən, normal iş tapa bilmədiklərini, bu işə başlarını birtəhər dolandırmaq üçün qol qoyduqlarını deyirlər.

İndi axund nə deyəcək? Aydın məsələdir ki, mədrəsədə dərs deyən, az qala hər gün hüzr məclislərinə gedən, ianələr qəbul edən bu adamın dolanışıq problemi olmaz. Adi qəbristanlıq mollaları belə peşələrindən və güzəranlarından gileyli deyillər.

Demək, Kərbəlayi Samid bu yolla daha çox pul qazanmaq istəyib. Çünki çoxdan bəllidir ki, narkotik maddə alveri dünyanın ən gəlirli 4-5 qanunsuz fəaliyyət (silah alveri, qumarxana, insan alveri) növündən biridir.

Bəlkə də o, yaxın illərdə narkotik alverindən qazandığı pullarla Həccə hetmək, hacı olmaq fikrindəymiş. Adətən, axundlar Kərbəlayi olaraq qalmırlar, titullarını artırırlar.

Ümumiyyətlə, dünyanın heç yerində din xadimlərinin adının bu cür (hətta istənilən cür) cinayətlərə qarışması normal qarşılanmır. Çünki onlar cəmiyyət qarşısında öz üzərlərinə əməli-saleh, müdrik, dürüst, halal olmaq öhdəliyi götürürlər. Onların digər fani insanlar kimi hərəkət etmək lüksü yoxdur.

Məsələn, adi adamlar ilboyu spirtli içkilər qəbul edə bilərlər, heç kim bir söz deməz, amma hansısa molla bir parç spirtsiz pivə içsə, qalmaqal qopar, adamın şəkli sosial şəbəkələrdə min dəfə paylaşılar.

Dünyanın başqa ölkələrində də din xadimləri ilə bağlı qalmaqallar tez-tez olur, burada təəccüblü bir şey yoxdur. Vatikanın yepiskoplarının bir işi də rahiblərin pedofiliya cinayətlərinə reaksiya bildirməkdir.

Ancaq narkotik maddə alveri dünyanın hər tərəfində ciddi şəkildə təqib olunan və ciddi cəzalandırılan cinayət növüdür və bu suçla ittiham olunan din adamlarını sayı minimaldır.

Ölkəmizə keçirilən narkotik maddələrin böyük hissəsinin teokratik rejimli İrandan ötürüldüyünü nəzərə alsaq, axundun narkotik maddə ilə ilişməsinə siyasi çalar vermək də mümkündür.

Çoxdan bəllidir ki, İran hökuməti öz ölkəsinin ərazisində narkotik maddələri yayan, necə deyərlər, gəncləri zəhərləyən narkotacirləri əfv etmir, edam edir, ancaq ölkə xaricinə çıxarılan narkotik maddələrə göz yumur, bu işə “qoy kafirlər zəhərlənsin, qəhr olsun” prizmasından yanaşır. Elə olmasaydı, az qala günaşırı İrandan ölkəmizə narkotik maddə keçirmək istəyənlərin qarşısı elə o tayda alınardı, amma onlar gəlib burada yaxalanırlar, təbii ki, yaxalanmayanlar da olur.

Hərtərəfli araşdırılsa, sırasında neftçalalı axundun da olduğu narkomafiya şəbəkəsinə bu ölümsaçan məmulatların İrandan gətirldiyi ortaya çıxacaq. Yox, əgər axund yerli mal satırmışsa, o zaman məsələnin miqyası bir az dəyişir, cinayətin mahiyyəti isə dəyişmir.

P.S. Bu yerdə trivial “Allah qapısını açsın” yazmaq da olmur, çünki adam Allah adından danışa-danışa günah iş tutub, hər hansı bir tövsiyə Yaradana ağır gedər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости