Свобода людям, независимость нациям!

Xalça qiymətinə alça

2288 28.03.2023 09:37 Колумнисты A A

Başlıqda şişirtmə-filan yoxdur, inanmayan yolunu Sədərəkdəki və ya Babək prospektindəki xalça dükanlarından salsın, orada 195 manata, hətta daha ucuz qiymətə xalçalar görəcək. İkisini alsa, daha ucuz verərlər.

195 manat bir şey deyil, 1 kilo alçanın qiymətidir. Burada da yalan söhbət yoxdur. Şəkildə hər şey aydın görünür. Adı çəkilməyən, amma qiymətləri görünən market həmin alçadan 20-22 dənəsini (360 qram) şəffaf plastik qaba doldurub, qiymətini də yazıb, yapışdırıb üstünə - 70, 20 manat. (Ola bilər, axırdakı 20 qəpik plastik qabın puludur, alçaya dəxli yoxdur).

Əlbəttə, başqa illərdə də alçanın bu qiymətə, daha baha, 400 manata olduğu da olub. Çünki bu vaxtlar alçanın tarçıx vaxtı deyil, nadir tapılır. Amma alçaya yerikləyən hamilə xanımlar üçün sezon-mezon fərqi yoxdur, ürək istəyirsə, alça gəlməlidir.

Alça mütləq gəlməlidirsə və o şəhərdə yalnız bir-iki adamın əlindədirsə, o zaman niyə ucuz olmalıdır? Ürəyi istəyən qoy, 200 manata alsın. Bir kilo ala bilmirsə, 360 qram alsın. Bəlkə də tanışlıqla, 100 və ya 50 qram da almaq olar. Bir şey ki, heç kəs bunu yeyib doymaq üçün almır, ürək qarşısıalınmaz halda istədiyi üçün alır. Ta burasını ancaq yerikləyənlər bilər.

Mağaza sahibi və ya alçanın topdansatışı ilə məşğul olan sahibkar qiymətin fantastikliyindən gileylənənlərə bircə kəlmə deyə bilər ki, ürəyiniz istəmir, almayın, sizi məcbur edən yoxdur.

337536110_3060816454214547_8352462209579219816_n.jpg (71 KB)

Təbii ki, belə deyərlər və haqlı görünərlər. Kapitalizmdir. Kommersiya dünyasıdır.

Amma bu, nəyə oxşayır? Elə bil bir uzaq rayondur, dağ başıdır, qar hər yanı basıb, yollar bağlanıb və qəsəbədə bir nəfərin kor bağırsağının üçüncü sancısı tutub, partlamasına az qalıb. Qəsəbədəki xəstəxananın yeganə cərrahı da dirəşib ki, 10 min manat verin, xəstəni əməliyyat edim. Variant yoxdur. Əlac kəsilib. Gərək versinlər. İndi həmin cərrah vicdansızdır, ya deyil?

Yəni söhbət alçanın, ya da nəyinsə bahalığından getmir, söhbət insanların ehtiyacından sui-istifadə edərək hansısa bir əmtənin 200 (hətta 400) qat baha sırınmasından gedir.

Alça nədir ki? Heç nə. İki aydan sonra kilosu 2 manat olacaq, ondan 10 gün də keçəcək kilosu 50 qəpiyə düşəcək. Daha sonra onu ağacdan dərib əlini tikana deşdirən, bazara aparıb su qiymətinə satan da olmayacaq, eləcə ağacın üstündə qalıb, saralacaq, qızaracaq və yerə töküləcək (hərçənd ola bilər, ağac sahiblərinin içində qabiliyyətliləri də olacaq, alçanı çadıra çırpıb 40 litrlik bidonlara dolduracaq və alça arağı çəkəcək).

Bu 2-3 aydan sonra olacaq, amma indi alçanın 1 dənəsi təxminən 3 manatdır. Üç dənəsini duzlayırsan, atırsan ağzına, xırçıldadırsan, 9 manat gedir. Sizi iştaha gətirmək olmasın, alça elə şeydir ki, başladınsa, gərək azı 5 dənəsini yeyəsən – dişin qamaşana qədər.

Özü də möhtəkirliyin bu növü tək bizdə deyil, bu, beynəlxalq məsələdir. Çünki dünyanın hər tərəfində turş şeyə yerikləyənlər olur və turş şeylərin şahı alçadır. Məşhur türkiyəli aktyor Əsər Yenənlərin bahalı alçaya dair bir videoçarxı var: toyunda gəlinin boynuna alça kolyesi asır, sonra onun da sinəsinə “çeyrək altın” yerinə 1 dənə alça bağlayırlar. Yəni alça bu qədər qiymətlidir.

Biz yerə 1 mm (millimetr) qar düşən kimi 1 manatlıq yolu 5-10 manata qaldıran taksi sürücülərinin həmşəhərlisi olduğumuz üçün belə şeylərə təəccüblənmirik (yeri gəlmişkən, bəlkə də son illər sırf o kəmfürsətlərin üzündən Bakıya qar yağmır). Hətta yaşıl rayonlardakı “ailəvi istirahət mərkəzi”ndə bir quzunun kababının qonaqlarımıza bir cöngənin qiymətinə sırınmasına da təhəmmül edərik.

Xüləs, imkan verək, camaat pul qazansın. Ta bilmirəm bu nə dərəcədə “əsaslandırımış qiymətlər” qrafasına girir və belə şeylərin bir sorğu-sual edən idarəsi varmı.

Bu mövzuda kəndimizdə olmuş bir əhvalat var. Deməli, sovet vaxtı rəhmətlik kirvəmiz C. müəllim öz maşını ilə dörd nəfəri rayon mərkəzinə aparırmış. Birdən arxada oturanlardan biri deyir, xəbəriniz var də, filankəsin oğlu filankəsin qızını qaçırıb. Heç demə, qaçırıldığı deyilən qız da öndə oturan ağsaqqalın bacısı qızıymış. Ağsaqqal qayıdıb deyir, balam ağıllıdır, qoşulub qaçmaz. Baməzə cavabları ilə məşhur olan kirvəmiz deyir, əşi, nə qaçmaz, qızın ürəyi turş alça istəyir e, artıq. Bu söz onun ağzından çıxan kimi ağsaqqal şilləni tutuzdurur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости