Свобода людям, независимость нациям!

Vurulmuş itə görə kollektiv məsuliyyət

2249 28.04.2022 09:50 Колумнисты A A

İlin-günün bu vaxtında heç yaxşı olmadı, gərək buna imkan verməyəydik. O yaramaz sürücü də düz iş görmədi, hüquq-mühafizə orqanları da hərəkətsizlik etdilər. İndi yaxşı oldumu, xalqın sənətkar qızı itinin avtomobillə vurulmasına görə acıq edib ölkədən getdi, özü də bir daha geri dönməmək ümidilə...

Bunu siz elədiniz, yəni biz elədik. Öz mərhəmətsizliyimizlə, daşqəlbliliyimizlə, mentalitetimizlə. Sənətçi xanımın kövrək qəlbini sındırdıq, o da əlini üzünə tutub getmədi, əlini qaldırıb “aleeey, kül başınıza” deyib getdi.

Biz o iti qorumalıydıq. Nə biləydik ki, sükan arxasındakı bir qatil o vəfalı məxluqun canına qıyacaq, nəticədə biz perepektiv vəd edən, gələcəkdə bəlkə də toyların yaraşığı, kraliçası olacaq bir müğənnini itirdik. İndi o gedib qürbət ölkələrdə özünə yeni it alacaq, yeni həyat quracaq, uğurlar qazanacaq, məşhur olacaq, biz isə məlul-müşkül qalacağıq.

Bəlkə də bir gün o, yaşadığı ölkədə “ulduz” olanda soydaşlarımızdan biri ona yaxınlaşıb tanışlıq verəcək, onunla həmvətən olduğunu deyəcək, bax, o zaman xanım üzünü turşudacaq ki, mənə yaxın gəlməyin, siz mənim itimi öldürmüsünüz.

Bəli, biz o itin ölümünə görə, kollektiv məsuliyyət daşıyırıq. Ağır dərddir, heç çəkiləsi möhnət deyil.

Amma neynəyəsən, həmişə olduğu kimi, yenə şəkkak adamlar var, iti öldürülmüş xanım müğənninin ölkəni bu səbəbdən tərk etməsinə şəkk edirlər, deyirlər, bu, ciddi səbəb ola bilməz. Hətta istehza edib gülənlər də var ki, haqqı ilə bərabər özü də tapdanan yüzlərlə adamın olduğu ölkədə mühacirət səbəbi bir itin vaxtsız ölümü ola bilməz, bu bəhanədir.

Kim bilir? Ölkəni tərk etmək məsələsi belədir ki, belə şey heç vaxt səbəbsiz olmur. Özü də həmişə tutarlı səbəb olur. Amma sən əsl səbəbi deyirsən, demirsən, başqa məsələdir. Çox adam demir, ölkəni daha yaxşı yaşamaq üçün tərk etdiyini bildirmir, ən yaxşı halda “burda məni yaşamağa qoymurlar, haqlarım pozulur, həyatıma təhlükə var” deyir, öz hərəkətinə ictimai-siyasi don geydirir.

Görünür, belə daha rahatdır. Amma buradan hökumətlə dava-qırğındaymış kimi getmək, ölkənin əleyhinə pis-pis danışmaq, müsahibə vermək nədir, üstündən 2-3 il keçəndən sonra diaspor təşkilatı quraraq, sığındığın ölkədəki səfirliyimizə gedib əməkdaşlıq təklifi etmək nə? Bəs bunların əlindən qaçıb getmişdin axı, nə oldu?

Uzun illər öncəydi, redaksiyamıza iki nəfər gəlmişdi, hörmətli bir adamın adını verdilər, dedilər ki, Almaniyaya mühacirət etmək istəyirlər, qəzetdə haqlarında məqalə dərc olunmalıdır ki, burada onları mitinqlərdə döyüblər, həbs ediblər, indi də təqib edirlər.

Düzü, adamlarda heç mitinqə çıxan sifət yox idi, amma yenə də soruşduq ki, o hadisə hansı mitinqdə, neçənci ildə olub, sizi hansı polis bölməsinin təcridxanasında saxlayıblar. Bəylər bir-birinə baxdılar, dedilər, konkretləşdirməyin, ümumi şəkildə yazın. Dedik, olmaz, gərək dəqiq yazaq. Belə olanda onlar səslərini alçaldıb səmimi şəkildə etiraf etdilər ki, ömürlərində bir dəfə də mitinqə çıxmayıblar, həmişə yaxşı işlərdə işləyib, pul qazanıblar, amma indi Almaniyada iş qurmaq istəyirlər, dostları çağırır, deyirlər ki, siyasi mühacir kimi gəlməyiniz daha yaxşı olar.

Sonralar belə adamlar çoxaldı, hərə bir bəhanə ilə bir-birinin bəhsinə ölkəni tərk etdi. Onların heç biri ölkəni “itimin qatili tapılmır” deyə getmirdi, əllərində daşdan keçən sənədlər, fotoşəkillər vardı. Bəzilərinin işləri alındı, ilişib qaldılar, bəzilərinin daş dələn sənədləri miqrasiya idarələrinin daşqəlbli məmurlarından keçmədi, axırda bir xeylisini təyyarələrə doldurub geri göndərdilər.

Söz yox ki, müğənni xanımın mühacirəti siyasi və sosial səbəblərlə bağlı deyil, nəsə başqa səbəblərlə bağlıdır. Onun açıqlamasında bir mentalitet söhbəti var, güman ora gedir. Bəlkə də yaşadığı yerdə qızı yola vermirlər, adına söz-filan çıxarırlar, ona görə də o, “mentalitetinizi başınıza çırpın” deyir.

Maşınla vurulmuş itə görə olsaydı, o, öz kədərinə bürünər, incə qəlbinə daş basar, küskün baxışlarla, susqun şəkildə, səs-səmirsiz gedərdi.

Təcrübə deyir ki, siz siz olun, heç vaxt adamı çox tərifləməyin ki, adı qulağına dəyməsin, ulduz xəstəliyinə tutulmasın, kimisə layiq olmadığı halda başınızın üstünə  qaldırsanız, sonra sizi ayaqaltı edəcək.

P.S. İtin vurulması isə güman ki, öz məsuliyyətsliyi üzündən olub. Tülkülər də yol keçirlər, niyə heç vaxt vurulmurlar?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости