İran ətrafında gərginlik və qeyri-müəyyənlik davam edir. ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların olduğunu təsdiqləsə də, prosesin gedişi ilə bağlı müsbət və ya mənfi bir söz deməyib. Bu da qeyri-müəyyənlik və suallar yaradır.
Dünən Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani Tehrana gedərək Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüşüb. Bəzi mənbələr əs-Saninin Tehrana Trampın ultimatumunu apardığını yazır.

Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani
Dünən həmçinin bir neçə dövlət başçısı ilə telefonla danışan İran prezidenti Məsud Pezeşkian bildirib ki, regionda geniş miqyaslı müharibə həm ABŞ, həm də İrana zərər verəcək. Eyni zamanda İran prezidenti dövlət televiziyasında çıxışı zamanı xarici güclərin İrandakı etirazlardan hakimiyyətə qarşı istifadə etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ, İsrail və Avropa liderləri İrandakı iqtisadi problemlərin İranda xaos və vətəndaş müharibəsi və ölkəni parçalamağa çalışır.
Sahədə isə vəziyyət getdikdə daha da gərginləşir. İran, Rusiya və Çin fevral ayının sonlarında Hind okeanının şimalında birgə dəniz təlimi keçirməyə hazırlaşır. Bununla bağlı artıq Çin hərbi gəmilərinin bölgəyə yola düşdüyü xəbərləri yayılıb.
Məsud Pezeşkian
Həmçinin SEPAH dəniz qüvvələri fevralın 1-dən etibarən Hörmüz boğazında iki günlük hərbi təlimlərə başlayır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ı Hörmüz boğazında gərginlik yaratmaqdan çəkinməyə çağıran bəyanat yayıb.
Şənbə günü axşam saatlarında İranın əsasən Fars körfəzi sahili rayonlarında (Bəndər Abbas və Əhvaz şəhərləri də daxil olmaqla) baş verən partlayışları bəzi media orqanları ABŞ hücumu kimi qiymətləndirsə də, rəsmi mənbələr “qaz sızması” və texniki qəza olaraq açıqlayıb.

Bu gün isə İslam İnqilabının 47-ci ili münasibəti ilə çıxış edən dini lider Ayətullah Seyid Əli Xamenei ABŞ-ın regiona ordu yığımasını ciddi təhdid olaraq qəbul etmədiklərini, ancaq İrana hücum olarsa, bütün regionu bürüyəcəyini deyib.
Xameneinin bu çıxışı həm də ABŞ və İran arasında “razılaşdırılmış atış” iddialarına cavab hesab oluna bilər. Məsələ ondadır ki, son günlər ortaya atılmış iddialara görə, Vaşinqton 2020 və ötən il iyunda olduğu kimi, İrana məhdud zərbə endirir, əvəzində isə İran ABŞ-ın regiondakı bazalarından birinə (2020-də İraq, 2025-də Qətərdəki – K.R.) raket atmaq və bununla da dayanmaqla bağlı gizli danışıqlar aparır.
![]()
Ali dini liderin çıxışı bu ehtimala nöqtə qoyur, əgər amerikalılar İranı vursalar cavab məhdud olmayacaq, İran ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alacaq.
Qeyd edək ki, son günlərdə dünyanın bir sıra ekspert və media mərkəzləri ABŞ-nin İrana hücumu ilə bağlı mümkün ssenariləri yazırlar. Hazırda ortada bir neçə daha real toqquşma ssenarisi mövcuddur.

Əvvəlcə onu qeyd edək ki, ABŞ-nin hazırda İran ətrafında, yəni körfəz və Yaxın Şərq regionundakı hərbi qüvvələrinin sayı Əfqanıstan və ya İraqda olduğu şəkildə quru əməliyyatı da daxil olmaqla müharibə üçün yetərli deyil. Bir neçə gün əvvəl dövlət katibi Marko Rubio regionda 40 min ABŞ hərbçisinin olduğunu bildirdi, son ehtimallar isə ümumilikdə regionda 50 minədək amerikalı hərbçinin olduğu ilə bağlıdır. Bu isə geniş miqyaslı quru əməliyyatı üçün yetərli deyil. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə ABŞ-İran gərginliyi zamanı regionda 120 mindən çox ABŞ hərbçisi vardır. Bu səbəbdən də İrana qarşı ənənəvi hücum müharibəsinin olması ehtimalından danışılmır. Yerdə qalan variantlar isə bir neçədir.
1. Razılaşdırılmış zərbələr. 2025-ci ildə İrana və ya 2017-ci ildə Suriyaya qarşı əməliyyatda olduğu kimi, nüvə obyektləri və etirazçılara divan tutan hərbi birləşmələrin qərargahları kimi obyektlər vurulur və ABŞ prezidenti missiyanın uğurla nəticələndiyini elan edir. İran isə cavab olaraq bir və ya iki ABŞ bazasını raket atəşinə tutur.
2. ABŞ İranın raket, nüvə və hərbi komanda mərkəzləri, əsas komandanlar və siyasi rəhbərliyini vurur, bunun ardınca İranda kürd, ərəb, bəluc silahlı qrupları hökumət qüvvələrinə hücumlar təşkil edir, ölkədə xaos və ikinci İraq və ya Suriya ssenarisi baş verir. Bütün region xaosa yuvarlanır. Bu ssenariyə indi Türkiyə ilə yanaşı region ölkələri ehtiyatla yanaşır.
3. İrana qarşı Venesuela ssenarisi təşkil olunur, hərbi və siyasi (eləcə də dini) rəhbərlik sıradan çıxarılır, hakimiyyətin yumşaq ötürülməsi – güman ki, rejimin öz içindən bir qüvvəyə - baş verir. Vətəndaş müharibəsi və xaos olmur. Lakin bu ehtimal çox zəifdir, əksər ekspertlər qəbul etmir. Çünki əvvəla, İranda Venesueladan fərqli olaraq hərbi-siyasi və dini rəhbərlik daha yaxşı qorunur. Üstəlik, hakimiyyət hələlik içəridən böləcək qüvvə yoxdur. Üçüncüsü, bu vəziyyətdə İranda hakimiyyətin SEPAH-ın əlinə keçməsi riski var ki, bu da daha qatı və sərt hərbi rejimin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, bu kimi bir neçə başqa ssenarilər də düşünülsə də, bunlar daha çox yazar və ekspertlərin ehtimallarıdır, Pentaqonda və Tehranda hansı ssenarilərin hazırlandığını heç kim bilmir. Bilinən odur ki, hərbi əməliyyatlar baş versə, İran ordusunun ilk addımlarından biri Hörmüz boğazını bağlamaq olacaq. Bu isə dünya bazarına çıxan 20 faizi, LNG-nin (sıxılmış qaz) isə 30 faizdən çoxu məhz buradan çıxdığı üçün neft və qaz qiymətlərində fantastik artım baş verə bilər ki, bu da ilk növbədə ABŞ prezidentinin maraqlarına ziddir.
Üstəlik müharibənin qısa “atışla” yekunlaşmaması və uzun müddət davam edən hərbi qarşıdurmaya çevrilməsi ABŞ hakimiyyəti üçün risklidir. Artan hərbi xərclər və daxili etirazlar ABŞ prezidenti üçün ciddi sınağa çevrilə bilər. Nəzərə almaq lazımdır ki, son həftələrdə Rusiya və Çindən İrana böyük partiyalarla silah və texnika daşınıb. Bu da mümkün qarşıdurmanın risklərini artırır.

2025-ci il Yəmən əməliyyatı göstərdi ki, hazırkı ABŞ administrasiyası uzun müddətli hərbi kampaniyaya hazır deyil. Halbuki Yəmən İrandan qat-qat kiçik və zəif ölkədir.
Bütün bunları nəzərə alanda İran ətrafında gərginliyin iki mümkün ssenarisi görünür. Birincisi, yaranmış gərginlik danışıqların bərpa olunması ilə dayanır. Bunun üçün Tehran müəyyən bir vəd və razılıq verməlidir.
İkincisi, İranın bir sıra hərbi obyektlərinin vurulması. Tramp İranla bağlı açıqlamalarda çox qabağa gedib, üstəlik bir tərəfdən İsrail hakimiyyətinin və lobbisinin təzyiqi, digər tərəfdən isə Avropa ölkələrinin açıq çağırış ABŞ prezidentini fakt qarşısında qoyub. Bu səbəbdən də İrana gözlənilməz hava zərbələri endirib və müəyyən müddətdən sonra birtərəfli qaydada dayanmaq. Bu mərhələdə amerikalılar həm də İranın müqavimət gücünü test etmiş olacaq. Sonrakı addımlar da Tehranın reaksiyasından asılı ola bilər. Bu bir qədər Yəmən ssenarisinə bənzəsə də, hər şey İranın cavab reaksiyasının miqyası və gücündən asılı olacaq.
Xüsusi olaraq Musavat.com üçün




