Свобода людям, независимость нациям!

Vilyam Şekspir İmişlidə

2071 12.04.2022 09:30 Колумнисты A A

Yaxud bağbanın pensiya vaxtı çatanda

Bu yaxında bir xəbər başlığı oxumuşdum: “Heç bir iş görmədən ayda 1000 avro qazanır”. Hansısa yapondan söhbət gedirdi. İnternetdə sayt açıb, orada camaata məsləhət verir. Daha dəqiqi, Yaponiyada tənhalıqdan əziyyət çəkən adamlar bu yoldaşa zəng vururlar, danışırlar, hesabına müəyyən qədər pul ödənir və sairə.

Guya çox böyük, matah iş olubdur. 1000 avro nə puldur? Bizdə buna yiyə durmayan bağbanlar var. Yeri gəlmişkən, mən keçən yazımda bəzi oliqarxlarımızın villa qarovulçularına qızıl diş qoydurmasını misal üçün, sözgəlişi yazmışdım, bundan sonra əziz dostlardan biri telefon açıb gerçək əhvalatlar nəql elədi, matım-qutum qurudu. Məncə, sizin üçün də maraqlı olar.

Deyir, mənim bir tanışım vardı, həkim komissiyasında çalışırdı, el arasında “VTEK” deyilən şeydən danışır. Yaxşı da pul alırmış, ancaq bir gün həkim ərizə verir işdən çıxır. Dostum çox təəccüblənir, soruşur niyə çıxmısan, adam deyir: “Bilirsən, mənim çalışdığım rayonun ərazisində - Bakı kəndlərində olduqca dəbdəbəli villalar var, hərəsi də hansısa məmurundur. Həmin bu məmurların bağlarında da daim işləyən azı 3 nəfər olur: bağban, sürücü, qarovulçu. O adamlar yaşlanır, pensiya vaxtı çatanda məmurlar bu şəxslərə pensiya əldə etmək üçün bizim üstümüzə göndərirlər. Məcbur oluruq saxta sənədlə bunlara pensiya yazaq. Mən başa düşdüm ki, bir gün bu prosesin zibili çıxacaq, ona görə aralaşmaq qərarına gəldim”.

Gözəldir. Bu bizim ağlımıza gəlməzdi. Dövlət büdcəsini soyub-talamağın üsulları tükənməzdir. Həm özləri oğurlayır. Həm saxladıqları muzdlu işçilərə sonradan dövlət hesabına pensiya kəsirlər. Xalq adamı belə olur.

Ancaq ardı da var. Dostum deyir, mən qabaqlar bir şirkətdə çalışırdım, şirkətimiz məişət avadanlıqlarını təmir edir, quraşdırırdı. Bir gün bizi parlamentin o vaxtkı spikeri Oqtay Əsədovun villasında, hansısa əlavə tikilidəki soyuducu qurğunu təmir eləməyə yolladılar. Getdik, təmir elədik, xərclər 70 manat tutdu. Lakin pulu bizə vermək istəmədilər. Şirkətin müdiri ilə əlaqə saxladıq, müdir dedi, eybi yoxdur, rəhbərliklə danışdım, siz çıxın gəlin. Sən demə, bizim şirkət həm də Milli Məclisin yeməkxanasında təmir-tikinti işləri aparırmış və az sonra həmin 70 manatı oradakı işlərin üzərinə “yazıb” götürdük.

Bəh-bəh... Sonra biz fikirləşirik ki, bəzi məmurlar nə üçün şişir, boynu yoğunlayır, ətrafında dönməz şəkil alır. Bu cür yaşasaq hər birimiz enə verərik. Peysər yarım kilometrə çatar. Niyə çatmasın? Hətta villanda soyuducunun motorunu da dövlət büdcəsi və Milli Məclisin hesabına basa bilirsənsə, Nazim Hikmət demiş, “yaşamaq gözəl şeydir, qardaşım”...

İmişlinin keçmiş icra başçısı Vilyam müəllimin məhkəməsi davam edir. Orada növbəti oğurluq rəqəmləri səsləndi, deyir Vilyam müəllim hər ay DOST mərkəzində işçilərdən 140 nəfərin maaşını cibinə qoyurmuş. Tək bir mərkəzdə bu qədər “ölü can” saxlayırmış. Əsl dramaturq budur ey. Vilyam Şekspir. Sən də deyirsən ölü kəlləsi elə getdi, Ofelya belə gəldi, Cülyetta filan, Otello behman oldu... Bizim Vilyam müəllim heç bir iş görmədən tək bir idarədə (burada təkbir deyək, müqəddəs ayın şərəfinə) 140 nəfərin maaşını basırmış.

Dünya mətbuatı isə ayda 1000 avro alıb qocalarla danışan yapondan yazır. Mövzu burada çürüyür, dünya ictimaiyyəti bu ədalətsizliyə susur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости