Свобода людям, независимость нациям!

Villa dövranı

2122 20.02.2023 11:31 Колумнисты A A

 

“Dövlətin malı dənizdir,

Onu yeməyən donuzdur”

(türk ata sözü)

Öncə mən mütləq qeyd edim ki, epiqraf verdiyim ata sözünü ilk dəfə Rafiq Əliyevdən eşitmişəm. Rafiq müəllimi xatırlayanlar olar, keçmiş iqtisadi inkişaf nazirimiz Fərhad müəllimin qardaşıdır, vaxtilə “Azpetrol”un müdiri işləyirdi, 2000-ci illərdə qardaşı narıncı inqilabların əsiri olub türməyə düşəndə Rafiq müəllimi də tutmuşdular. İndi Milli Şuranın sədri işləyən Cəmil Həsənli isə Fərhad müəllimin hüquqlarını müdafiə komitəsinin sədri idi. Taleyin keşməkeşlərini görürsünüzmü? Hətta indi, qəfildən ağlıma bir fikir gəldi ki, əgər o vaxt narıncı inqilabımız baş tutsaydı, Fərhad müəllim yenə türməyə düşəcəkdi. Saakaşvili kimi. O baxımdan, Bakı qədeşləri demişkən, vaxtında türməsini yatdı, çıxdı, indi öz işləriylə məşğuldur, hardasa Sumqayıt tərəfdə zavod işlədir, xeyirli-uğurlu olsun.

Nəsə, söhbət köhnə kişilərin danışığı kimi çox uzandı, həmin 2005-ci ildə Rafiq müəllim həmin ifadəni məhkəməsində söyləmişdi. Hansı mənada, açığı, indi heç yadıma gəlmir. Sadəcə, müəllifin haqqını vermək istədim. Bizdə plagiat olmur, biləsiniz.

Bir də bu məsəlin Türkiyədə ikinci versiyası, dublikatı var: “Dövlətin malı dənizdir, Onu yeməyən kərizdir”. Kəriz Türkiyədə axmaq, ağılsız adama deyirlər. Əslində heç türk sözü deyil, fars dilindən alınmadır. Bunu da hazırda qızışmaqda olan “Türk dili varsa, Azərbaycan dili nəyə lazımdır” diskussiyasının ocağına yağ tökmək üçün əlavə elədim. 

Yeri gəlmişkən, bu dil məsələsi çox vacib məsələdir. Hələ dahi klassikimiz yüz il qabaq “Anamın kitabı” əsərində mövzuya dərindən toxunmuşdur, kitab oxumadığımız üçün vaxtaşırı üstünə qayıdıb qırışırıq. Bir də onun “Sirkə” hekayəsi var, orda əsərin qəhrəmanları “balıq”, yoxsa “balıx” demək lazımdır mövzusu üzərində dalaşırlar. Prinsipcə, dil çox mübahisəli mövzudur, burada qəti hökm vermək olmaz. Dilimiz öləcək, yoxsa qalacaq, hansı dildə danışmalıyıq və sairə - bunları bizdən asılı olmadan (həm də bizdən asılı olaraq) zaman özü həll edir. Lap gələcəyə baxsaq, heç ingilis dili də lazım olmayacaq, süni intellektin hakim olacağı dövrdə proqramlaşdırma dilləri önə çıxacaq. Fortran, Paskal, Beysik, Piton kimi proqramlaşdırma dillərini öyrənməliyik.

Dilin xalq üçün önəmini bayaq ona görə mübahisəli adlandırdım ki, tarixdə hunlar qədər ad qoyan bəlkə beş-on camaat var, di gəl bu gün heç kim hunların dilini bilmir. Çünki yazıları olmayıb, kitab-dəftər qoyub getməyiblər. Yalnız bəzi kənar mənbələrdə qalmış 10-15 sözə görə hunların türkdilli xalq olması versiyası var. Başqa heç nə. Eyni zamanda, latın dili qalır, latın xalqı isə yoxdur.

Qayıdaq epiqrafa. Bildiyiniz kimi, son çağlar MTN generallarının müsadirə edilmiş mənzilləri, mal-mülkləri özlərinə qaytarılır, bu da cəmiyyətimizi çox dilxor etmişdir, xeyirdə-şərdə, efirdə-ekranda, qəzetdə-jurnalda, məktəbdə-bazarda, qatarda-taksidə ancaq bu mövzuda diskussiya gedir. Generalların zərər vurduğu adamlara kompensasiya ödəmək yerinə, müsadirə edilənləri qaytarmaq böyük dilxorçuluq yaradıb, ədalət məhkəməmizin nüfuzuna toz qonub. Zarafat deyil, elə general var 30 milyon manatlıq evlərini qaytarıblar.

Ancaq sən demə bu işin görünməyən tərəfi varmış. Təzəlikcə etibarlı qaynaqlardan sızan maraqlı informasiya almışam. Deyir sadəlövh (bax: kəriz) olmayın, o mülkləri heç kimin MTN generallarına qaytarmaq fikri yoxdur. Bəs neyləyirlər? Hə, bax bu maraqlıdır. O evlər, villalar müsadirə edilmiş, dövlət nəfinə keçmişdi. Belə olanda evlər tenderə çıxarılmalı, satılıb pulu dövlət büdcəsinə-filana keçməlidir. Lakin bu hökumətə sərf edirmi? Yox. Ona görə də əlaqədar orqanlar generalların müsadirəyə etiraz ərizələrini təşkil ediblər, onlar mülkləri müvəqqəti, bir neçə saniyəlik (sənədləşmə üçün) geri alır və sonra yuxarıdan gələn göstərişlə hara, hansı fonda, kimin adına keçirmək lazımdırsa keçirirlər. Yiyəsi satırsa, bağışlayırsa nə demək?

Hətta bəzi general və polkovniklər bu maraqlı məzhəkəyə qatılmaq istəməyəndə onların qarşısına təzə cinayət işləri qoyublar. Deyiblər yeni zərərçəkənlər peyda olub, sən demə o vaxt MTN-in mağarasına bu biznesmen yoldaşları da salıb yolmusunuz. İndi ürəklənib istintaqa müraciət ediblər. 

Ümid edirəm tezliklə o ikinci əldəki “general və müdirləri” də basarlar, evləri təzədən müsadirə eləyərlər. Təbii prosesdir. Böyük bəy demişkən.

Bizdə bunun elmi adı “Villaların təbiətdə dövranı” gedir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости