Свобода людям, независимость нациям!

Vətənpərvər kərə yağı

4333 12.06.2022 17:40 Колумнисты A A

“Əynim parıldayır,
Qarnım quruldayır”
(Azərbaycan ata sözü – Reyxstaqın divarına əsgər Məmməd müəllim tərəfindən yazılmışdır)

Almaniyanın dağılması haqda növbəti xəbəri almışıq. Qəzetdə yazmışdılar: Almaniyada inflyasiya xalqı bezdirmişdir, qiymətlər günbəgün ərşə yüksəlir, hətta ucuz mallar satan dükanlarda da bahaçılıqdır. Misal da verilmişdi, oradakı populyar “ALDİ” mağazalar şəbəkəsində kərə yağı 2,29 avrodan 2,99 avroya yüksəlibdir. Ən çox bahalaşma bunda imiş. 300 qram “Qaudi” pendiri 2,49 avroya qalxmışdır. 500 millilitr şampun 0,75 avrodan 0,95 avroya qalxıbdır və sairə.

Yazıq alman xalqı. Bəs indi nə yeyib-içəcəkdir? Başını yuya bilməyəcək, bit düşəcək. Bizimki kimi uğurlu hökuməti də yoxdur dərdinə dərman eləsin. Müqayisə üçün, bizdə kərə yağının kilosu hazırda 20 manat ətrafında fırlanır. Avroya çevirsək 11 avro. Almaniyadan 3 dəfə baha. Şampunun 400 qramını isə artıq 7-8 manata alırıq. Bu da avro ilə 4 avro edir. Almaniyadan 4 dəfə baha. Başqa məhsulları hesablamağa heç həvəs qalmadı.

Təbii ki, zəhmətkeşlərimiz özlərinə sual verirlər: “Niyə bizdə hər şey bütün dünyadan bahadır, həyatımız isə sivil dünyadan keyfiyyətsizdir?” Yuxarıda yazdım, səbəb hökumətimizin bahalı olmağıdır. Bizimkilər daha patriotdur, vətənpərvərdir. Vətən məhəbbətini kərə yağının qiymətinin üstünə gələndə o qiymət çıxmalıdır. İqtisadiyyatda qiymət necə formalaşır? Xərclər, vergilər-zad, üstəgəl mənfəət, qazanc, bərabərdir malın qiyməti. Bizdə isə hər malın qiymətində, dəyərində vətən sevgisi faizi də vardır. Elə mal var onun sevgi faizi azdır, endirimlə satmaq olur. Məsələn, siçan dərmanı. Toyuq qanadının ucu. Nə bilim, dünənki qəzet. Avqust ayının axırında Xaçmaz pomidoru... Elə mal və məhsullar da var ki, orda endirim qəti mümkün deyildir. Kərə yağı, təyyarə biletləri, antrikot, icra başçısı keçmək, prokuror köməkçisi, yağlı saçlar üçün şampun, ütülmüş dana kəlləsi və sairə həmin elitar, aristokratik, milli dəyərli, vətənpərvər məhsullar çevrəsinə daxildir.

Bir dəfə Berlinə hətta geyi mer qoymuşdular. Millət biabır olmuşdu. Bakıda geyi mer qoymaq olarmı? Olmaz. Oğrunu, qulduru, axmağı, zırramanı, reketi, nə bilim, anasının əmcəyini kəsəni biz şəhər başçısı qoymağa hazırıq, lakin gey-mey söhbətində dözümsüzük. Kərbəlayı demişkən, qeyrətimiz, namusumuz var.

Ulu babalarımız bu cür ticarət işlərində həmişə vətənpərvər olmuşdur, nəticədə bu dəqiqə ən uzun xalçamız “Viktoriya-Albert” muzeyində, ən qədim dastanımızın iki surəti də Drezden və Vatikandadır. Belə prinsipial münasibəti “İtə ataram, yada satmaram” ata sözümüzdə əks etdirmişik.

Bir məsələ də var ki, Almaniyada 3 avroya satılan kərə yağı bizdə 11 avroya satılan kərə yağı qədər sağlamlığa faydalı ola bilməz. Ən birinci ona görə ki, bizim kərə yağı halaldır, almanların kərə yağı isə kafir məhsuludur. Mirzə Cəlil “Usta Zeynal” əsərində bu problemi yaxşı təsvir eləmişdir, orada müsəlman usta erməninin qabında qarışdırılan sementin murdar olduğunu açıqlayırdı. Bəlkə yalan deyir? Biz özümüz çalışmalıyıq rüşvəti manatla alaq, verək. İmişlinin icra başçısı Vilyam müəllimi oğurluğu avro ilə elədiyi üçün tutmuşuq.

İkincisi, bizim kərə yağını neftdən qayırırlar, bu dəqiqə də dünya bazarında neftin qiyməti göydə uçur. Təbiidir ki, inək südündən alınan kərə yağı neftdən alınan kərə yağından ucuz olacaqdır.

Üçüncüsü, Almaniyada haçansa MTN adından nazirlik yaradılıbmı? Yox. Frankfurtda Akif Çovdarov işləsəydi, görüm orda dünya maliyyə mərkəzini necə qururdular. Hətta Mövlam Şıxəliyev də bəs eləyərdi.

Dördüncüsü, almanlar 41-45-də gəlmişdilər, gördük də. Dərəbəylik idi. Hərə qaçıb öz kəndində gizlənmişdi. İndi bilmirəm nə istəyirlər. Sən hələ get Gəncə Avtomobil Zavodu kimi zavod tik, sonra danış.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости