Свобода людям, независимость нациям!

Vətəni sevməyin məbləği

1654 08.07.2023 13:25 Колумнисты A A

Bu günlərdə şanlı hüquq-mühafizə orqanlarımız bir nəfər ictimai fəalı tutub qoduqluğa salmışdır, 4 aylığına. Hələ bu 4 ay istintaq müddətidir, ondan sonra yəqin minimum 4 il həbs-zad olacaqdır. Fəalın cinayəti isə hansısa qazilər və şəhid ailələrinə qarşı dələduzluq, onlara dövlətin ayırdığı vəsaitləri basıb yeməkmiş.

Görünməmiş hadisədir. Əlbəttə. Azərbaycanda qazilərə çatacaq pulları kim yeyə bilər? Mümkün deyil. Hətta təklif edirəm yoxlamaq üçün, ekskrement... üzr istəyirəm, eksperiment olaraq küçənin ortasında (məsələn, lap mərkəzi İstiqlaliyyət küçəsi olsun, özü də baş tərəfində, Filarmoniyanın dalında) bir diplomat pulu açıq formada qoyaq, üstünə də yazaq: “Bu pullar şəhid ailələri, qazilər və müharibə veteranları üçün nəzərdə tutulmuşdur”. Sonra çıxaq gedək, yenə məsəl üçün, ya Bali adasına, ya da Qəbələyə, bir ay kefin gələn dincələk, qayıdıb gələndə yolumuzu salaq Filarmoniyanın, türkün sözü, dalından. Nə görəcəyik? Görəcəyik pullar cağbacağ yerində durur, bir nəfər belə bir manata tamah salıb götürməmişdir. Bəlkə uzağı amansız Bakı küləyi pulları az-maz yerindən tərpədib üstünə toz qondurmuşdur. Şair demişkən: “Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!”

Yazı çox küləkli olmasın deyə, keçirəm sözümün canına. Yuxarıda yazdığım kimi, bizdə sosial ödənişlər daim dövlətin və xalqın diqqət mərkəzindədir. O baxımdan kiminsə qazi-şəhidlərdən oğurluq eləməsi marağımı çəkdi. Üstəlik, oğrunun adresi fantastik dərəcədə yerinə düşmüşdü: sən demə, bu yoldaş...

Yox, oxucuları bir qədər də intizarda saxlamaq istəyirəm. Gəlin düşünək, qazi-şəhidlərə qarşı dələduzluq edən təşkilatın adı, sizcə, nə olsa yaxşıdır? Bir-iki variant verin. Əvəzinizə düşünürəm: bəlkə Sosial Müdafiə Nazirliyidir? Yaxud Yanıqpəyə rayon icra hakimiyyəti? Bəlkə Qayıdış Komitəsidir? Yainki Arvad-Uşaq Nazirliyi? Tapmadınız.

Doğrusu, anlayıram, bunu tapmaq çətindir. Çünki şəhid-qazilərə ayrılan pulları əkişdirməkdə suçlanan yoldaş nə az, nə çox, “Vətənpərvərlər” İctimai Birliyinin sədriymiş! Nə qədər gözəldir... Yox, əlbəttə, oğurluğun gözəl olduğunu təbliğ etmirəm, bunun üçün orta məktəblərimizdə “AUE jizn voram” mahnısıyla məzun törəni qayıran kollektivlər vardır. Mən, sadəcə, təşkilatın adındakı və fəaliyyətindəki gözəlliyə heyranam. Necə də üst-üstə düşmüşdür... Yoxsa bəzən baxırsan adamın adını Cəsarət qoyublar, lakin yanında şar partlayanda altını batırır.

Uşaq vaxtı kənddə dəlləyimiz vardı, hansı üsul desən də saçı öz bildiyi kimi qırxardı və prinsipcə bircə üsulu vardı - keçəl eləmək, bax, həmin bu kişi bir dəfə küləyin qovduğu sellofan torbadan qorxub evinə qədər qaranəfəs qaçmışdı. Lakin rəhmətliyin ismi-şərifi Xanəhməd idi.

Mövzudan uzaqlaşırıq, ancaq Xanəhməd kişinin oğlu Firudin sinif yoldaşım olub, gözəl uşaq idi, Qarabağda dava başlayanda xeyli vuruşmuşdu. Sonra çörək dalıyca Rusiyaya getdi, orda da bir qonşu kəndçimiz 1000 rubl borcu verməmək üçün onu namərdcəsinə öldürdü. 

Bəli, Vətənpərvərlər Təşkilatının müdiri çox “vətənpərvər” hərəkət törədibdir. Yazının sonunda Saltıkov-Şedrinə sırınan “Əgər Rusiyada vətənpərvərlikdən danışırlarsa, deməli oğurlayırlar” afyorizmini və Tolstoya yamanan “Patriotizm əclafların son sığınacağıdır” məsəlini yazmaq olardı, lakin qeyd etdiyim kimi, bunların müəllifləri başqalarıdır. Ona görə yazını açıq buraxıram, bitirmirəm.

Görünür vətənpərvərlik elə mövzudur ki, haqqındakı müdrik fikirləri də əkişdirməyə istər-istəməz meyl yaranır. Yenə şair demiş: “Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz”.

P.S. Heyf ki, xəbərdə Vətənpərvərlər Təşkilatımızın sədrinin şəhid və qaziləri neçə manatlıq “sevdiyi” göstərilməmiş, bizi bir növ nigaran buraxmışlar. Məbləğ vacibdir. Məhəbbət pulla ölçülmür, ancaq pulun miqdarıyla ölçülə bilər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости