Свобода людям, независимость нациям!

Vətən müharibəsi günlərində siyasi səfərbərliyin səbəbi nə idi: onu kim və niyə etdi?

2123 20.02.2021 22:20 Колумнисты A A

 

Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri

Giriş: 19 fevral tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərlərinin iştirakı ilə videokonfrans keçirildi. Videokonfransın mövzusu "Siyasi dialoqun Azərbaycan modeli" idi. Həmin konfransda mənə də söz verildi. Çıxışımın mətnini saytdakı köşə bölümümdə yayınlamaq qərarına gəldim.

***

‘’Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi’’

Artıq əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda işlək siyasi dialoq mühiti mövcuddur.

Ermənistanın tam təslimiyyəti ilə bitən möhtəşəm qələbəmizdən keçən 100 gün müddət göstərdi ki, Azərbaycandakı siyasi həmrəylik davamlıdır, qalıcıdır; bu həmrəylik olduqca vacib və ümummilli sahələri əhatə edir, 44 günlük Vətən müharibəsi günlərində isə hətta yaxşı çalışan milli müdafiə silahı (mexanizmi) kimi faydalar verdi. Bu mexanizm düşmənin və ona dəstək verən dövlətlərin, təşkilatların cəmiyyətimizə yönəlik informasiya təxribatlarının, dezinformasiya əməliyyatlarının qarşısının alınmasında bir növ, informasiya məkanımızı qoruyucu zireh rolunu da oynadı. Məlumdur ki, millətin bölünməsi adətən siyasi düşərgələrdən başlayır, bu seqmentdə birlik-bütövlük təmin olunduqda isə, rəqibin hər hansı təxribatına imkan qalmır.

Səmimiyyətlə və vaxtında başladılan siyasi islahatlar Vətən müharibəsində öz böyük faydasını verdi. Bir il əvvəl və ondan da öncə dağınıq şəkildə, intolerant bir mühitdə fəaliyyət göstərən, dövlətlə və öz aralarında heç bir dieloji proses olmayan siyasi təşkilatlar artıq məqsədyönlü milli siyasətin, dövlət maraqlarını müdafiə etmək üçün aparılan kursun vacib elementə çevrilmişdilər.

Tovuz hadisələrində və ondan sonra aparılan Vətən müharibəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bir siyasi səfərbərlik hadisəsi gerçəkləşdirdi. Ölkədə hərbi səfərbərliklə paralel aparılan bu proses dünyaya və düşmənə, tarixə, o cümlədən də, xalqımıza verilən önəmli bir mesaj idi. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar iki dəfə ortaq bəyanatı imzalayaraq, Ali Baş Komandana, onun apardığı siyasətə və Vətən müharibəsinə QEYDSİZ-ŞƏRTSİZ dəstək verdiklərini bəyan etdilər. Bu, Azərbaycan tarixində bir ilk idi. Bu faktın tarixi əhəmiyyəti ilə yanaşı, bir informasiya dəyəri də var idi. Öncəliklə, düşmən ölkənin dövlət və hərbi aparatını, o cümlədən də xalqını təsirləndirəcək bir xüsusi əhəmiyyətə malik faktdır. Daha sonra isə Azərbaycanı müşahidə edən diplomatik korpus və bəzi məqamlarda “açıq qapı” axtaran böyük güclər öz mesajını almış oldu.

Bəzi hallarda siyasi partiyalar, onlara bağlı media quruluşları və liderləri düşmən qüvvələri, dövlətləri üçün ictimai rəyə, xalq kütlələrinə çıxmaq, öz məkrli niyyətlərini, təxribatlarını həyata keçirtmək üçün açıq qapı sayılır. Bu, yalnız bizdə belə deyil, dünyanın çoxpartiyalı sistemi olan əksər ölkələrində belədir. Hakimiyyət maraqları, eləcə də digər fiqrə - korporativ maraqlar siyasi təşkilatları xarici kəşfiyyat, düşmən qüvvələri üçün cazibə nöqtələrinə, ondan sonra da cəmiyyətə çıxış dəhlizinə çevirir. Bu dəhlizlərdən cəmiyyətə və xalq kütlələrinə çıxış imkanı əldə edən düşmən elementlər bəzi hallarda informasiya təxribatları ilə tank və topların verdiyi zərərdən daha artıq zərər verirlər. Azərbaycanda hərbi əməliyyatlar və Vətən müharibəsi dönəmlərində Prezidentin tapşırığı ilə vaxtında aparılan siyasi səfərbərlik nəinki bu qapıları bağladı, hətta onları “dəmir-beton” istehkamlara çevirdi, düşmən təxribatlarının planlaşdırılmasına imkan vermədi.

Azərbaycanda ötən ilin bu günləri ilə müqayisədə yeni siyasi konfiqurasiya mövcuddur, deyə bilərik.

Ötən ilin ilin ilk aylarındaca Azərbaycan Prezidenti ölkədə başladılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi siyasi islahatların vacibliyi haqqında açıqlamalar verdi və həm də təxirəsalmadan, sözdən işə keçdi.

Əvvəllər Azərbaycanda siyasi dialoq mövzusu xarici təşkilatların inhisarında idi və onlar bu məqamdan proseslərə təsir etmək üçün faydalanırdılar. Yadımdadır, “Ərəb baharı”nın yaşandığı illərdə və ondan sonra da ATƏT-in Bakı ofisi siyasi partiyaları, iqtidarla müxalifəti bir araya gətirməyə cəhdlər etmişdi. Təbii ki, alınmadı; öncə müxalifət arasında kimin əsil müxalifət olması ilə bağlı çəkişmələr başladı, sonra iqtidar partiyası və ona yaxın olanlar hansısa şərtlər irəli sürdülər...

Nəhayət, o gün gəldi, siyasi dialoq bir ATƏT hadisəsi yox, Azərbaycan hadisəsi oldu, heç bir ön şərt qoyulmadan, ölkədə mövcud olan bütün siyasi partiyaların rəhbərləri ilə təmaslara başlandı.

Və ... cəmi bir neçə görüş, ardından da bu görüşlər barədə yayılan xəbərlərdən dərhal sonra sanki möcuzə baş verdi. Siyasi sferada illərlə mövcud olan intolerant mühit aradan qaldırıldı. Bir-birini qəbullanmayan düşərgələr arasında qarşılıqlı tanıma və qəbullanma, çoxdan gözlənilən dieloji proses başladı. İlk dəfə idi ki, fərq qoyulmadan hər bir siyasi komponentə bərabərhüquqlu əsasda dialoq təklif olunurdu.

Bu cür yeni metod hər bir siyasi partiya təmsilçilərini, onun elektoratını aparılan siyasi islahatların iştirakçısına, hətta qəhrəmanına çevirir, ən azından, özlərini bu cür hiss etməyi təmin edirdi.

Siyasət dieloji prosesə məhkumdur, yalnız bu zaman faydalı olur, yalnız bu halda birləşdirici və milli elementə çevrilir. Azərbaycan iqtidarı, Prezidentin qurduğu yeni şöbə, onun islahat komandası bunu ötən ilin ilk baharında, dünyanı və ölkəmizi pandemiya bəlası caynağına almasına rəğmən, koranavirusun prosesə müxalifətçiliyinə baxmayaraq, başlatdı və bacardı. Prezident İlham Əliyev Ermənistanın hücumlarını dəf etmək, torpaqlarımızı işğaldan qurtarmaq məqsədi ilə Azərbaycan dövləti adından verdiyi qərarla müqəddəs Vətən müharibəsinə başlayanda, artıq ilımlı siyasi mühit və onun verdiyi nəticələr ortada idi. Zaman gələcək, onun özü, müzəffər Ali baş Komandan olaraq Şuşa şəhərində etdiyi çıxışlarda bu barədə danışacaq və bütün bu siyasi islahatları, siyasi mühitin mülayimləşməsini, düşərgələrarası münasibətlərin yaxşılaşdırılmasını sistemli, öncədən düşünərək, Azərbaycanın maraq və mənafelərini nəzərə alaraq başlatdığını bir strateq olaraq belə açıqlayacaqdı: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”.

Hər kəsə uğurlar arzulayıram!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости