Свобода людям, независимость нациям!

Vəkil istehsalında artım

1450 02.07.2022 11:20 Колумнисты A A

Prokuror İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevə məhkəmədə 13 il azadlıqdan məhrumetmə cəzası istəmişdir. Məncə bundan narahat olmaq lazım deyil, Vilyam müəllim özünü yaxşı aparsa bir-iki ilə azadlığa çıxa bilər.

Ölkəmizdə korrupsiya, vəzifə səlahiyyətlərini aşmaq kimi cinayətlər yetərincə yüngül kateqoriyadan sayılır. Əgər sakit dursa, özünü dövlətçiliyimizə uyğun aparsa, bir də görərsən Vilyam müəllim Azdramada oturub adaşının yazdığı pyesə baxır. Hərçənd, ikinci hadisənin ehtimalı çox azdır, çünki orada repertuarda əsasən Hüseynbala Mirələmovun “Əlləməli telefon” draması yer tutmaqdadır.

Bəs ağır cinayətlər hansıdır? Divara şüar yazmaq. Mitinqdə qışqırmaq. Canım sənə desin, bulvarda video çəkmək, nə bilim, kiməsə plastik su butulkası atmaq. Belə şeylərə görə tutulanlar bizdə adətən, necə deyərlər, “zəngdən zəngə” içəridə yatır. Biz belə şeyləri bağışlamırıq. Yoxsa pul əkişdirmisən, saxtakarlıq eləmisən, pensiyaçıların, yetimlərin, yoxsulların malını yemisən... Nə olsun? Xırda işlərdir. O qədər general-meneral vardı, bu statyalarnan tutulmuşdu, hamısı qısa müddətdə çölə buraxıldı, hətta bəziləri prokuroru məhkəməyə verib pullarını geri istəyir. Haqları çatır. Sən adamı oğurluğa görə niyə tutursan? Bu bəyəm günahdır? El adətimizdir.

Hüquq-mühafizə işlərimizin dramaturgiyasını öyrənməliyik. Harda əl çalmaq, harda sakit durmaq, hansı aktda pərdə düşəcək, haçan aktyorlara gül, haçan çürük pomidor atmalısan... Bunlar hamısı incəsənətdir və güman edirəm Vilyam müəllim bu səhnə önü və səhnə arxası sirlərdən agahdır.

Yeri gəlmişkən, dramaturgiya yazdım, ağlıma gəldi, dünən bir aktyorumuz şantajla üzləşdiyini açıqlamışdır. Deyir kimsə bunu erotik videolarla qorxudub pul almaq fikrindəymiş.

Əcəb işdir. Aktyorun video ilə şantaj olunması da təzə çıxdı. Halbuki, dünyanın başqa ölkələrində aktyorların sənəti, işi elə video çəkdirmək olur. Hər cüründən. Bizdə isə aktyorlar o qədər işsiz-gücsüz, avara qalıblar, o qədər dövlət büdcəsi, icra hakimiyyətinin mükafatları, fəxri adlar və medallardan asılı vəziyyətə düşüblər ki, indi onları video ilə şantaj etmək mümkündür.

Baxarsınız, bir az keçsin, qəzetçiləri yazı ilə, müəllimləri dərslə, prokuroru hüquqla, hakimi qanunla, həkimi sağlamlıq, naziri xalqa xidmət, “Azərsu”nu su, “Azəriqaz”ı qaz, “Azərişıq”ı elektronlarla şantaj etmək mümkün olacaqdır. İstiqamət buna doğrudur.

Gələcəkdə vətəndaşların insan hüquqlarının qorunması istiqamətində də bizləri parlaq günlər gözləyir. Bunun əlamətlərini hiss edirik. Srağagün 102 vəkil and içərək işə qəbul olunmuşdur.

Fısqırıq, dəhşət. Hər gün 102 vəkil istehsal eləsək, məhkəmələrdə, polis orqanlarında hüquqlarımız zirvəyə qalxmazmı? Dünyanın harasında bir gündə 102 vəkil and içir? (Məncə bu rəqəmin özü də simvolik olaraq seçilmişdir, dara düşərkən, vəkil lazım gələrkən hara zəng etməyimizi bildirir. Hökumət xalqı sevməsə, onun pisliyini istəsə vəkillərin sayı 101, 103, 166 yük taksisi və sairə olardı). Nəticədə adam başına düşən vəkil sayı üzrə hazırda Sinqapurdan geridə, Burundidən azca öndə, Nikaraquanın böyründə, Fil Dişinin isə altındayıq. 

Məsələn, yaxın gələcəkdə Vilyam müəllimi təzədən tutsalar (təki sağlıq olsun), onun hüquqlarını müdafiə eləməyə 102 vəkil qalxacaqdır. Atalarımız demişkən, yerdən göyə küp düzsələr, altdan da birini çəksələr, onda gəl daramduruma bax... 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости