Свобода людям, независимость нациям!

Vədlərinə əməl etməyən baş nazirin Azərbaycan və Rusiyaya kəllə atmaqlığı

1395 19.02.2024 16:43 Колумнисты A A

Qozbeli qəbir düzəldər, misalı tam yerinə düşür. Münxendə, Almaniya kanslerinin təşəbbüsü ilə keçirilən görüşdən sonra yenə də bəzi optimistlər güman edirdilər ki, Nikol Paşinyan nəhayət, bundan sonra sülhün əldə olunması üçün normal mövqe ortaya qoyacaq. Axı, həm də Almaniyaya səfər etməzdən öncə Zəngilan istiqamətində əl atdıqları xain təxribatın cavabını artıqlaması ilə almışdılar. Amma görünür, yenə də dərs olmayıb…

NİKA.jpg (65 KB)

Dərs olsaydı, Nikol Paşinyan Münxendə erməni diasporası ilə görüşdə 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın artıq işləmədiyini bəyan edərkən “Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə” ittiham eləməzdi. Bu adam 10 noyabr bəyanatını – kapitulyasiya aktını bilinmədi qorxusundan harada imzaladı, masanın altındamı, ya… İmzaladı, öhdəlik götürdü ki, Qarabağdakı ordusunu dərhal çıxaracaq. Amma sonra iddia etdi ki, mənim ordum deyil. Hansı ki, “bəyannaməni imzalamasaq, 25 min nəfərlik ordumuz mühasirəyə düşəcəkdi”, deyən də Paşinyan idi. Üstündən 3 ilə yaxın vaxt keçdi, nəinki Ermənistan ordusunun qalıqlarını çıxartmadı, hətta ərazilərimizə silah-sursat, mina daşınmasını sürətləndirdi. Üstəlik, Ermənistan büdcəsindən hər il yarım milyon dollar vəsait ayırdı cinayətkar rejimi saxlamaqdan ötrü. Nəhayət, Azərbaycan imzalanan sənədin 4-cü bəndini də təkbaşına reallaşdırmalı oldu, xunta rejiminin kökünü kəsdi, Paşinyanın hərbçilərini ağ bayraq qaldırmağa vadar etdi. Öz gözündə tiri görməyən Nikol Azərbaycanı günahlandırır. Hələ sözügedən bəyannamənin sonuncu bəndi icra olunmayıb bu günədək, Naxçıvana quru yolumuzun açılması məsələsi həllini tapmayıb. Normallaşma ilə bağlı addım atmalı olduğu halda, Azərbaycana şər atır Paşinyan!

NİKOLİ SON.jpg (66 KB)

Özü də təkcə Azərbaycana şər atmır, Rusiyanı da ittiham edir. Erməni baş nazir iddia edib ki, Qarabağdan ermənilərin köçməsinə görə Rusiya sülhməramlıları günahkardır. Adam nə qədər utanmaz olar ki, bu sözləri deyər. Bəli, Rusiya hərbi kontingenti günahkardır, amma bunu Ermənistanın deməyə haqqı yoxdur, bunu söyləməyə Azərbaycan haqq edir. Çünki məhz Rusiya hərbi kontingentinin nəzarəti altında Qarabağın erməni ordu hissələrinin mövcud olduğu hissələrinə Laçın yolu ilə silah-sursat və mina daşındı uzun müddət. Azərbaycan bu günlərədək mina terroruna görə əziyyət çəkir, buna şəraiti yaradan rus hərbçilər oldu, pul qarşılığında separatçı-terrorçu qüvvələrə hər cür cinayət törətmək imkanı yaratdılar. Əslində üçtərəfli sənədə görə, Rusiya hərbi kontingenti Qarabağa daxil olduğu andan buradakı erməni hərbçilər ərazidən çıxarılmalı idi. Amma bu, baş vermədi, bir çox hallarda Rusiya hərbi texnikasının müşayiəti ilə Xəlfəli, Kosalar yolundan silah-sursat, yanacaq, mina daşındığını gördük, toqquşmalar zamanı qəhrəman hərbçilərimiz şəhid oldu, yaralandı. Hətta bir sıra hallarda, məsələn, Fərrux əməliyyatı zamanı Rusiya hərbi komandanlığı Azərbaycan ordusuna mane olmağa cəhd göstərmişdilər. Bütün bunları unutmamışıq. 2020-ci ilin 10 noyabrından sonra bölgəni tərk edən erməniləri sonradan avtobuslara doldurub yenidən Qarabağa daşıyan da Rusiya hərbi komandanlığı olmuşdu. Paşinyanın yaddaşı bu qədərmi gedərmiş? Azərbaycan dövləti 3 il ərzində Qarabağdakı mülki ermənilərə qanunlarımız çərçivəsində, təhlükəsiz şəraitində yaşamağı təklif etdi, Azərbaycan vətəndaşı olaraq, amma onlar kimlərinsə fitnə-felinə uyub, bundan imtina etdilər, çıxıb getdilər. Rusiya hərbçiləri erməniləri bir-bir ağacamı bağlayıb saxlamalıydı? Doğrudanmı erməni baş nazir bu qədər bəsit düşünür? Axı, onun özü də ötən il etiraf etmişdi ki, Qarabağdakı erməni sakinlərə Azərbaycan tərəfdən hər hansı təzyiq olmayıb, özləri gediblər. İndi nə baş verdi? Bəlkə Münxen havası Paşinyana pis təsir edib, anti-rus havasına girib? Özü də Paşinyan Ukrayna məsələsinə görə də Kremlə qarşı mövqe sərgiləyib, hətta Moskvada qıcıq doğurub bu yanaşma.

MÜNXEN EN SON.jpg (223 KB)

Yeri gəlmişkən, Paşinyanın Münxendəki anti-rus davranışları 2016-cı ilin aprelini xatırlatdı. O zaman Aprel döyüşlərində sarsıdıcı zərbələr aldıqdan sonra Serj Sərkisyan özünü Almaniyaya yetirib, kansler Merkelə Rusiyadan şikayətlənmişdi, bildirmişdi ki, onların başını köhnə sovet silahları ilə aldadıblar. İndi də Paşinyan. Bunlar təzə ağa tapanda “köhnəsini doğrayıb ulduz edirlər”, köhnə adətləridir.

Bununla işimiz yox, o Rusiya, o da Ermənistan özləri bilər. Amma Paşinyanın məhz Azərbaycan Prezidenti ilə görüşdən, məhz bu görüşün ardınca XİN başçılarına qarşılıqlı təmaslarla bağlı təlimat verilməsindən sonra prosesi “0” nöqtəsinə qaytarmaq cəhdi qəbulolunmazdır! Artıq rəsmi Bakı mövqeyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməsi təəssüf doğurur.

AYXAN SON.jpg (56 KB)

Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi”nə dair sərsəm yanaşmasına da cavab verilib.

Sitat: “Bu isə bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”.

Bəli, Ermənistanla dayanıqlı sülhün əldə olunması üçün ilkin şərt sülh müqaviləsinin imzalanması olmamalıdır, əvvəlcə Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası dəyişdirilməli, Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları çıxarılmalıdır! Paşinyan Azərbaycanı, yaxud Rusiyanı ittiham etməklə suları bulandırmağa, diqqəti əsas hədəfdən yayındırmağa çalışır. Xülasə, götürdüyü öhdəliyə əməl etməyən erməni baş nazir Azərbaycan və Rusiyaya kəllə atmaqla nəyəsə nail olmağa çalışır. Dəmir Yumruq üçün darıxan adama çox bənzəyir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости