Свобода людям, независимость нациям!

Vasif müəllimin dözümü

1705 11.07.2023 12:12 Колумнисты A A

“Sızlar yada düşəndə, ürəyimin telləri,

Tələbəlik illəri"

(xalq mahnısından)

Rəhbərliyin təzə qərarı var, Azərbaycan xaricdən gəlib bizim universitetlərdə oxumaq istəyən 3-cü dünya dövlətlərinin sakinlərinə qrant verəcəkdir. Həmin gənclərin taksidən yemək-içməyə, hoteldən dəftər-qələm xərcinəcən hamısını ödəyəcəyik. Nazirlər Kabinetinə tapşırılmışdır, adambaşına qrantın məbləğini hələ ölçürlər. Güman edirəm babat rəqəm olar. Ən azı əlaqədar orqanlar üçün kağıza yazılanın bir hissəsini qapazlamaq imkanı yaradılar. Hamının balası var.

Sözgəlişi, bizdə bu “şapka” məsələsi çox maraqlı məsələdir. Birdən görürsən hansısa futbol komandamıza guya məşqçi tapılmır. Yaxud “filan yerdən oyunçu almaq istədik, gəlmədi” kimi açıqlama verilir. Liqamız zəif imiş, yol uzaqdır, nə bilim, məşqçinin arvadı mətbəximizi bəyənmədi... Bunlar hamısı boş arqumentdir. Çörəyi qulağının dibinə yeməyən hər bir azərbaycanlı dərhal başa düşür ki, əcnəbilərlə “şapkada” - “sənə bu qədər maaş verəcəyik, ancaq kağızda ikiqatı (məsələn) yazılacaq” razılaşa bilməyiblər. Dünyada heç də hamı adının çirkli pul yuyulması, gizli iqtisadiyyat kimi işlərdə hallanmasını istəmir. Düzgün adamlar da var, “əmin olun” - Hacıbala müəllim demişkən. 

Əlbəttə, ölkəmizdə yerli tələbələrin yataqxana, təqaüd, təhsil problemləri köklü şəkildə həll olunub, qalır indi Anqoladan, Tonqadan, Burundidən gələnləri oxutmaq. Tələbələrə aylıq 100 manatdan çox təqaüd verilir. Azı 30 dönər yemək imkanı var. Hamı Bakıya köçdüyündən, artıq rayonlu tələbə qalmamışdır, yataqxana da lazım olmur. (Kökündən həll deyərkən bunu nəzərdə tuturdum). Bir az ictimai nəqliyyat bahadır, onu da piyada getməklə yola versinlər. Mənim yadımdadır, biz sovetin vaxtında 5 qəpiyə qənaət etmək üçün bəzən Dərnəgüldən “Gənclik” metrosuna piyada gedərdik. Nəticədə aramızda beynəlxalq idman ustaları yetişmişdi. Bunlardan şahmat üzrə beynəlxalq usta Loğman Quliyevi xüsusi qeyd edə bilərəm.

Dərnəgül yazdım, xatirələr oyandı. O vaxt Energetika Texnikumunda oxuyan bir afrikalı tələbə vardı, motosikletini yataqxananın qabağından oğurlamışdılar, bu da öz dillərində nəsə bağırırdı. Belə şeylər respublikamızın müsbət imicini təbliğ etmək üçün indi də vacibdir. Hər tələbə təqaüd qrantı hesabına Bakıdan nə qədər Azərbaycan həqiqətləri alıb ölkəsinə aparacaqdır. Anqolanın keçmişdə bir prezidenti var idi, Joze Duş Santuş, 1960-cı illərdə Bakıda “AZİ”-ni, indiki Neft Akademiyasını oxumuşdu, sonra 38 il bunu prezidentlikdən çıxara bilmədilər. Rəhmətliyin qızı İzabella xanım isə 1973-cü ildə Bakıda doğulubdur, dünyanın ən pullu beş arvadından biridir, fəxrimizdir. İndi qrant verəcəklərimiz sırasından bu cür şəxsiyyətlər yetişsə, nə gözəl...

Ancaq bu qrant söhbəti olanda bizim hökumət adətən Qərbi, Avropanı, Soros əmini söyür. Qrant almaq bizdə mənfi, kişiliyə yaraşmayan, mentalitetə zidd əməllər sırasındadır. Qrant alan adam tanıyıram, 50 yaşındadır, evlənə bilmir, heç kim qızını ona vermir. İndi güman etmək olarmı ki, məsələn, Burundi vətəndaşı Ndayişimie Bujumbura Azərbaycanda təhsil alıb ölkəsinə qayıdanda ona “Yad təsirə düşüb, bütün günü muğamat oxuyub xaş yeyir” deməyəcəklər? Deyərlər, hələ o tərəfə keçərlər. Biz qrantı havayı yerə verməyəcəyik ki. Bizim də öz dövlətçilik məqsədlərimiz var, ideyalarımızı yaymaq istəyirik. Şair demişkən: “İtə ataram, yada satmaram”.

Sonda cəmaətimizin diqqətini bir mühüm fakta yönəltməliyəm. Bu fakt Məhkəmə Hüquq Şurasının tərkibi haqda yeni əsasnaməyə aiddir. Naxçıvan Ali Məhkəməsinin bir üzvü həmin Şuranın tərkibinə girməliydi. Lakin keçən ayın ortasında bu maddəni dəyişiblər. Daha naxçıvanlı hakimin MHŞ üzvü olması vacib deyildir.

Vasif müəllim və dünya birliyi bu ədalətsizliyə 26 gündür dözür. Dəqiq rəqəmdir, saymışam.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости