Свобода людям, независимость нациям!

Utanmasan, populyar olmağa nə var?

4614 07.12.2023 09:27 Колумнисты A A

 

O gün bir simsar-həmkarla söhbət edirik, sayt rəhbəri olduğuna görə deyir, eyni xəbərləri, eyni cür yazıları verməklə fərqlənmək olmur, mənə maraqlı və populyar müsahiblər de, uşaqlar onları danışdırsınlar, intervü alsınlar.

Onun bu təvəqqesinin qarşısında 3-4 dəqiqə fikirləşəndən sonra ağlıma Baboş və Balaəli gəlir.

Bəradər əvvəlcə qıyqacı baxır, elə bilir, zarafat edirəm. Amma mən zarafat etmirdim. Adları çəkilən şəxslərin ölkədə nə qədər populyar olması heç kəsə sirr deyil. Videolarının baxış sayı milyona çatır, keçir. Ta populyarlıq necə olur ki?

Onlar ona görə populyardırlar ki, tamaşaçılara danışdıqları, etdikləri, yedikləri maraqlı gəlirlər.

Balaəli desən, ölkədə istənilən şairdən populyardır, camaat onun meyxanalarını, deyişmələrini əzbərdən bilir. Təkcə “Çitraxuda, çitraxuda” nəyə desən, dəyər.

Baboşun qatıqyemə videosunun baxış sayı 100 min civarındadır. Maraqsız olsa, baxarlar?

Ancaq saytını populyarlaşdırmağı düşünən qardaş bu adamlardan müsahibə götürmək ideyasını yaxın qoymadı. Hərçənd yaxşı olardı. Məsələn, Baboşa sual vermək olardı ki, həyata yenidən gəlsəydiniz, yenə də Baboş olmaq istərdinizmi. Kim bilir, necə cavab verərdi. Yaxud Baləlidən soruşmaq olardı ki, meyxanalarını yığıb kitab şəklində nəşr etdirməyi düşünürmü. O qədər sual var ki. Xəlayiq bu saat o suallara cavab axtarır.

Qardaş dedi, yox, mənə ciddi, əsl sənətkarlar, elm adamları lazımdır. Bax, bu istiqamətdə daha dərin fikirləşmək lazım gəldi. Yoxsa o Baboşdan müsahibəyə razılaşsaydı, ona başqa populyar adlar da deyəcəkdim: “Rəisim” mahnısı ilə məşhurlaşan Müjgan, kamera qarşısında durub rəqs edənlər və başqaları. Sosial şəbəkələrdə fenomenlər dolub-daşır. Populyar olmağın düsturu çox bəsitdir: utanmamaq. Utanmasan, fenomen olmaq çətin deyil.

Amma qəfildən yadıma düşdü ki, populyar olmasa da, maraqlı adamlar var. Birinin adını çəkdim: Rafiq Əzimov, “Yeddi oğul istərəm” filmində Şahsuvar rolunu oynayan aktyor. 1970-ci ildə çəkilmiş o gözəl filmi ərsəyə gətirənlərin çoxu rəhmətə gedib. Sağ qalanlar isə korifey rejissorlarla, bəstəkarlarla, aktyorlarla işləyiblər, hərəsinin bir kitablıq maraqlı söhbəti var.

Bəs onlar populyardırmı? Yox. Baboşu, Baləlini, Müjganı tanıyan yeni nəsil onları tanımır. Axtarsan, məlum olar ki, indiki nəslin 95 faizi nə əsl sənət əsərləri olan filmlərimizə baxıblar, nə də o filmlərdə oynayan aktyorları tanıyırlar.

Bu saat heç Bülbülü, Əbülfət Əliyevi, Fatma Mehrəliyevanı da tanıyan yoxdur. Nəsillərarası rabitə qırılıb. Tamam başqa filmlərə baxan, başqa musiqilər dinləyən bir nəsil yetişib. Onlarla oturub söhbət edəndə görürsən ki, eyni dildə danışsaq da, arada qarşılıqlı anlaşma problemi var. Yenilər tamam başqa düşüncədə, dünyagörüşdə, bilgidədirlər. Mədəniyyət, incəsənət, ədəbiyyat xüsusunda ortaq mövzu yoxdur.

Ən pisi odur ki, biz bu gedişatı dəyişmək gücündə deyilik. Bu, elə belə də davam edəcək. Çox yox, 10 ildən sonra pərvazlayan yeni nəsilin yanında Balaəlinin, Baboşun, Müjganın adını çəkəndə deyəcəklər, onlar kimdir. Çünki 10 ildən sonranın öz fenomenləri, Ceko-meko, Ayka-maykaları olacaq.

Ötən əsrin 60-cı illərində Bakıda bir gözəl və komplekssiz xanım varmış, adı hamının dilində-ağzındaymış. Çox populyarmış: burdan getdi, ordan gəldi, onu filankəs saxlayır, adına restoran tikdiriblər, filan-bəsməkan. Bu gün onu xatırlayan varmı? 3-5 qoca kişi, 4-5 jurnalist. Vəssalam. Çünki dövran dəyişib və ortada gözəl xanımdan bir iz qalmayıb. Şair əbəs deməyib ki, hər aşiqin dövranı var.

İndiki fenomenlər də müvəqqəti populyardırlar. Bunlardan gerçəkdən maraqlı müsahibə götürmək mümkün deyil. Hansısa ağıllı, ibrətamiz bir söz demək qabiliyyətləri yoxdur. Dedikləri, danışdıqları, oxuduqları, zatən, ortadadır.

İndikilər öz populyarlıqlarını asan bir şəkildə pula çevirmək istəyirlər. Kim ağlına nə gəlirsə, çəkir, Tik-toka yerləşdirir. Bəziləri populyarlaşmağı bacarır, bəziləri yox. Hər gün bu işə yeni-yeni girişənlər olur, eşidiblər ki, İnternetdə pul var.

O gün tv-də göstərirdilər, Türkiyədə fenomen ər-arvad cütlük sosial şəbəkələrdə ağlaşma qura-qura o qədər pul yığıblar ki, hazırda Avropa ölkələrinin birinə yerləşiblər və 10-15 ev alıb, yaşayırlar.

Bax, fenomen elə olur. Yoxsa 47 filmə çəkilmiş, tamaşalarda Otello, Hamlet, şah Qacar rolu oynamış, fenomenal istedada malik xalq artistlərimiz vardı, işə metro ilə gəlib-gedirdilər. Maşallah, indiki fenomenlərin hamısı imkanlıdır. Sadəcə, ortada sənət, yaradıcılıq yoxdur. O da, deyəsən, heç kəsə lazım deyil.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости