Свобода людям, независимость нациям!

Uşaq ekrandan çıxmayacaq

1490 25.08.2022 10:30 Колумнисты A A

Yaxud qlobal marşrutlarda yerimiz və yurdumuz

Başımız fövqəladə hadisələrə qarışdı, bir ciddi işdən diqqətimiz yayındı. Google Map tətbiqi Bakı şəhər avtobuslarını öz xəritələrinə qaytarmışdır! İndi yenidən marşrutun nömrəsini Google-da yazanda onun hansı cəhənnəmə yollandığını görmək mümkündür. Xalqımızın gözü aydın olsun, düşərli-minərli olsun, həmişə toya, şadlığa-şitliyə gedəsiniz, amin.

Hərçənd, Bakı ŞİH, Nəqliyyatın İntellektula İdarəçiliyi İdarəsi (bu, axırıncı dəfə deyəsən ya polisə, ya  Akademiyaya tabe etdirilmişdi, sonra izi itirdim, tapanda sizə yazaram) vəziyyəti elə hala gətirib ki, indi onsuz paytaxtımızda harasa gedib çıxmaq it zülümüdür. Hara baxırsan tıxacdır, haçan qulağını açırsan, eşidirsən filan istiqamətlərdə filan qədər avtobus gecikəcəkdir. Bu da bizim yenilik, postmodernizmdir: dünyanın başqa ölkələrində avtobusun, qatarın, təyyarənin haçan gələcəyini sənə məlumat verirlər, bizdə isə haçan gəlməyəcəyini.

Həqiqətən, “Bakıda 69 marşrut ləngiyir” tipli informasiya görəsən zəhmətkeşlərin nəyinə lazımdır? Bu informasiyanı minib evə, işə, avaralanmağa getmək olmur axı. Özü də bu idiot təcrübənin əsasını, şübhələnirəm ki, Tağı müəllim qoyubdur. Onun yeraltı hakimiyyəti illərində bizim metroda dünyada analoqu olmayan informasiya sistemi qurulubdur: elektron lövhədə sənə növbəti qatarın haçan gələcəyi yox, əvvəlki qatarın nə vaxt getdiyi göstərilir. İstəyirsən dalıyca qaç, bəlkə çatdın.

Hər halda beynəlxalq axtarış sistemlərinin işləməsi müsbət hadisədir. Axı biz qlobal dünyaya sintez olunmuşuq. Bu yaxında xəbərlərdə özüm gördüm: Adriatik dənizində, İtaliya sahillərində, hardasa “ayaqqabının dabanı” tərəfdə 59 qaçqının olduğu kiçik qayıq xilas edilmişdi, 44 kişi, 8 qadın və 7 uşaqdan ibarət bu dəstə Azərbaycan, Suriya, İran, İraq, Fələstin sakinləriydi. Gəlin etiraf edək ki, qabaqlar bizi o bölgədə neftə-qaza, bir də uzağı Mixayloya görə tanıyardılar. Bizim qaçqınlar da xaricə əsasən təyyarə ilə, hansısa lotuya pul verib, saxta sənəd düzəldib gedirdilər. İndi belə çıxır bu yollar kəsilib - neçə mühacir alverçisi tutuldu, deport edildi... (Ramin Hacılıya azadlıq!) Nəticədə vətəndaşlarımız məcbur olur başqa müsəlmanlar kimi dənizdən, qayıqla kafirlər ölkəsinə varid olsun.

İnkişafımız baxımından qürurverici haldır. Vətənin adını həmişə Suriya, İraq, Fələstin-filanla yanaşı çəkmirlər ki. Biz əsl müsəlman olaraq bu kampaniyada iştirakdan məmnunluq duyuruq. Urra.

Bircə o pisdir ki, sayımız azalır. Artıq kafirlər buna nail ola bildilər. Deyir keçən il Gəncə şəhərində ölüm doğumu ötübdür. Vah-vah. Özü də fikir ver, əsl müsəlman yurdlarımızdan biridir, bütün şaxsey-vaxseylərdə avanqard rolundadır. Lakin camaat azalırmış. Bu mənfi vəziyyətə nə ad verəsən?

Ümumilikdə camaatımız azalır. Xüsusən regionlarda. Əlbəttə, qoca və qarıların qaldığı bölgələrdə artım gözləmək yəqin ki, sarsaqlıq olardı. Burada ciddi dövlət proqramlarına ehtiyac var. Əhalidə çoxalmağa maraq oyatmalıyıq. Məsələn, uşaq pulu... Zarafat edirəm, əşşi, özünüzə gəlin. Uşaq qələt eləyir, uşaq nədir, ona pul vermək nədir? Biz uşaq olanda həftədə iyirmi qəpiklə yaşayırdıq, hətta il ərzində o vəsaiti yığıb Baykal-Amur Magistralının tikintisində iştirak edirdik. Mən özüm hər ay Vyetnama yardım göndərirdim.

Bəs əhalini artırmaq üçün nə etmək olar? İlk növbədə təzədən işığı söndürmək lazımdır. Deyəsən işıq çox yanılı qaldı, camaat televizorda seriallara, Xoşqədəm xanımın, hər iki Zaur müəllimin verilişlərinə baxdı. Hələ deyir Tolik də müəllif verilişi açır. Buyur. Bundan Fatıya tuman olmayacaq. Hamımız oturub verilişə baxaq, gözləyək, uşaq da ekrandan çıxsın.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости