Свобода людям, независимость нациям!

Ürək açan dələduzluq

1988 15.06.2022 10:20 Колумнисты A A

Neçə gündür bu xəbərin təsiri altındayam: “İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi ”Niva" və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər".

Belə baxanda çox kədərli, faciəvi hadisədir. Lakin biz millət, xalq olaraq bu cür xəbərləri nə qədər gözləmişik... Arzu eləmişik ki, rayonlarımız işğaldan azad edilsin, yenidən orda maşınlarımız toqquşsun, yol qəzasında ölək. Allaha şükür, arzumuza çatdığımız gündür. Necə deyərlər, adamın bir üzünü ağladan, bir üzünü güldürən xəbərdir. Gör azad edilən ərazilərdə hərəkət necə intensivləşibdir ki, artıq maşınlar toqquşur, hansısa dərəyə aşır, kimsə ölür, kimsə yaralanır...

Hələ bu harasıdır, təzəlikcə yüzlərlə adamı elmi konfransda iştirak adıyla aldadıb Şuşaya aparmaqları haqda informasiya yayıldı. Hər kəsdən 70-100 manat arasında pul yığılmışdı. Nə gözəl əhvalatdır! Biz 28 il bunu da şiddətlə arzu eləmişik ki, kaş Şuşa geri alınsın, gedib orda dələduzluq eləyək!

Arzular çoxdur, insanı yaşadan da arzulardır. Şair demişkən: “Arzuya bax, sevgilim, tellərindən incəmi, Söylə, ürəyincəmi?!” Biz Kəlbəcərin azadlığını ona görə istəyirdik ki, orda icra başçısına rüşvət verə bilək. Zəngilan hava limanı tikilsin, inşallah, Bakıdan ora ən bahalı biletlə uçaq. Biletin biri 5 min manat olsun. Vallah. Ucuz biletin şorbası olmaz. Ümid edirəm AZAL tənqidlərdən nəticə çıxarıb tezliklə Naxçıvana uçanlardan 500 manat alsın. Vasif müəllim orda dağlar qoynunda cənnət yaradıb, faktiki İsveçrə kimi yerdir, nə üçün sən ora 40 manata, 50 manata uçmalısan? Elə bil Samuxa gedir... Naxçıvan, a kişi, Naxçıvan deyirəm sənə!

Rəvayətə görə o vaxt Nuhun gəmisinə də sərnişinləri cütü 200 manatdan yığıblar, axırda gəlib gəmi İlandağda quruya çıxıb. Nəsə, mövzudan uzaqlaşmayaq, onsuz yol pulu bahadır, qayıdıb mövzunu tapammarıq.

Mövzu isə həmişəki kimi vətənpərvərlikdir. Şəxsən mənim bu dəqiqə qəlbimin ən dərin guşələrində belə istəyim var ki, Allah qismət eləsin, Xankəndində qəzet açıb ağzıma gələni yazım. Məsələn, belə: “Qarışqa mindik, çay keçdik, yabayla dovğa içdik”. Doğru-düzgün yazı, xəbər, araşdırma, müsahibə, reportaj dərc eləməyin mənası nədir? Biz o yerləri bu məqsədlə almamışıq. Qismət olsun, Şuşada APİ-nin filialını açaq, uşağı pulla ora qoyaq. Hər ay müəllimə rüşvət versin. Laçında qoyun otarmaq üçün rəisə min manat verməyən çobana söyüş qoymuşuq. Ləzzət belə şeylərdədir. Vətən mənə noğul versə nə dərdim, Alıb bələdiyyənin cibinə tökərdim!

İnşallah, camaat kəndlərə qayıtsın, sabahlarımız xoş xəbərlərlə açılsın: “Bərpa edilmiş Yeni Qayıdış kəndində ər arvadını doğramış, balaca uşaqlar hadisəyə tamaşa eləmişdir”, “İşğaldan azad edilən kənddə camaat əkdiyi pomidoru sata bilmir”, “Kəlbəcərdə üç gündür qaz gəlmir”, “Ağdam şəhərində bazarda yer götürməyin qiyməti kəlləçarxa qalxmışdır”, “Həkəri çayı hasara alındı, camaat çimməyə həsrətdir”, “Qubadlının Mollu kəndi at yarışı səbəbindən 10 illiyinə bağlı elan olunur”, “Xocalının bələdiyyə sədri sakinlərə qışda qar vermir”, “Füzulidə rüşvət verməyənin salamını almırlar” və sairə.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости