Свобода людям, независимость нациям!

Unudulmuş lend-liz

1984 08.04.2022 09:30 Колумнисты A A

ABŞ hökuməti, parlamenti Ukraynaya hərbi yardım üçün “Lend liz” proqramı qəbul elədi, bu, İkinci Dünya savaşından sonra amerikalıların ilk belə böyük yardım aksiyasıdır. Bu yardımın cəbhədə dönüş yaratmaq üçün qəhrəman Ukrayna xalqına verəcəyi maddi-mənəvi dəstəyin miqyası təsəvvür edilməyəcək qədər ola bilər. Ortada təcrübə var deyə belə yazırıq.

Sovet adamlarının “Böyük Vətən müharibəsi” adlandırdığı o qanlı savaş SSRİ-ni az qala tam hazırlıqsız yaxalamışdı. Ölkə 1937-38-ci illərin Stalin repressiyalarından hələ özünə gəlməmişdi, peşəkar hərbçilər, generallar məhv edilmiş, bütün dövlət aparatı qorxaq NKVD siçovullarının əlində cəmləşmişdi. Planlı iqtisadiyyat səmərəsiz və darmadağın idi. Əslində Hitlerin ildırım sürətli hücum planının baş tutmamasının bircə real səbəbi var idi: yol olmadığı üçün alman texnikaları, maşınları palçığa batıb qalmışdılar. Təsadüfi deyil ki, almanların ilk yol döyüşü Moskvanın qulağının dibində olmuşdu və bu döyüş tarixə də “Volokolamsk şossesində döyüş” kimi düşüb. O vaxt SSRİ-də yeganə şosse görünür burada imiş.

Sözgəlişi, rusların o davadakı qələbəni öz adlarına çıxması da, məncə, absurddur. Milyonlarla başqa xalqların nümayəndələri sanki vuruşmayıb, ölməyib. Hara baxsan “biz ruslar almanlara qalib gəldik” deyirlər. Düzgünü belə olmalıdır: “Almanlara sovet ordusu, sovet xalqı qalib gəldi, müttəfiqlərin böyük dəstəyi ilə”.

ABŞ-ın SSRİ-yə həmin lend-liz proqramı ilə dəstəyinin nə qədər fantastik miqyasda olduğunu bir-iki rəqəmlə göstərirəm. 1941-ci ildə dava başlayanda SSRİ-nin 22 min tank və zirehli texnikası vardı. ABŞ lend-liz üzrə bütün dava ərzində SSRİ-yə 10 min tank və 51 min yüngül zirehli texnika göndərib. Dava başlayanda SSRİ-nin cəmi 10 min 45 hərbi təyyarəsi vardı, elə ilk gün almanlar onun 2 mindən çoxunu aerodromlarda məhv etmişdi. Lend-liz üzrə ABŞ 1941-1945-ci illərdə SSRİ-yə 22 mindən çox hərbi təyyarə verib. Ən böyük yardımlardan biri hərbi avtomobillər üzrə olub, çünki qoşunu, ərzağı, yanacağı geniş və keçilməz ərazilərə daşımaq üçün keyfiyyətli yük maşınlarına ehtiyac vardı, SSRİ-də belə avtomobillər yox idi. Ümumilikdə 1941-ci ilin 22 iyununda “Qırmızı ordu”nun 272 min yük və minik avtomobili vardı, ABŞ-ın dava boyunca SSRİ-yə bağışladığı hərbi yük avtomobillərinin sayı 376 min ədədə çatırdı. Həmin avtomobillərdən təkcə məşhur “Studebekker” markalısından 109 min ədəd göndərilmişdi.

ABŞ-ın sovetlərə yardımı neftdən dinamitə, lokomotivlərdən hərbi yük gəmilərinə, odeyaldan düyməyə, ayaqqabıdan (15 milyon cütdən çox hərbi botinka göndərmişdilər) traktora qədər min dənə çeşiddəydi. Mənim qarabağlı nənəm danışardı ki, kəndə müharibə vaxtı Amerika istehsalı olan konservləşdirilmiş tısbağa yumurtası gətiribmişlər. Təbii ki, camaat bu delikatesi bəyənməyib mız qoyurmuş, ancaq bu başqa temadır.

Bayaq, fikir verdinizsə, “ABŞ-ın SSRİ-yə bağışladığı” ifadəsi yazdım. Lend-liz proqramı üçün Stalin amerikanlara yalvarmışdı, bunun sənədləri var və amerikalılar bu yardımı təbii ki, müftə vermirdilər, borc sayılırdı. Lend-liz ifadəsinin ingiliscədən çevirməsi də elə “borc vermək”dir. Dava qurtaranda lend-lizin ümumi dəyəri hesablandı: 11 milyard 300 milyon dollar. 2008-ci ilin pulu ilə bunun nə qədər olduğunu hesablamışdılar: 138 milyard 25 milyon dollar. Lakin SSRİ bu vəsaitin ABŞ-a, sizcə, nə qədərini qaytardı? Faktiki qəpik-quruş. Cəmi bir dəfə neçənci ildəsə 48 milyon dollar qaytarmışdılar, ondan sonra Molla Nəsrəddinin borc qaytarmaq üsuluna keçdilər. Gah məbləği azaltmağı xahiş elədilər, gah söhbəti min cür bəhanə ilə uzatdılar, axırda da dövlət dağıldı, borc batdı. Düzdür, guya SSRİ-nin borcunu Rusiya ödəməliydi, lakin buna da baxan olmadı.

İndi bu unutqan rus xalqı nəinki faşizmə guya təkbaşına qalib gəldiyini iddia edir, həm də özü faşist rejiminə çevrildiyini danmaqla məşğuldur.

Tarixdə amerikalıların ruslara başqa yardımları da olub, qalsın başqa vaxt yazarıq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости