Rusiya Kəşfiyyat Xidmətinin bəyanatı niyə indi yayıldı, niyə nüvə silahı Mİnskə “saxlamağa” verilə bilər, amma Kiyevə yox?
“Həlledici qələbə üçün bu silahlar yetərli deyil. Ukraynaya atom bombası, ya da nüvə başlığı lazımdır! Zatən müharibə buna görə başlamışdı, bu da bitirsin. İndi adama fantastik, bəlkə də gülməli gələr, prosedur, filan boş şeydir. İndi dünyada elə dönüşlər baş verir ki, hər şey mümkündür. Məsələn, Britaniyanın baş naziri bu təklifi gündəmə gətirə bilər, onda bu zəka var...” Nə qədər qeyri-təvəzökar səslənsə də, bu başlıqla indi oxuduğunuz fikirləri müharibədən iki ay sonra, aprel ayında yazmışdım. (https://musavat.com/ru/news/ukraynaya-atom-"Flaminqo" raketləri bombasi-verin_886833.html).
İndi müharibənin 5-ci ilini saymağa başlarkən, Britaniyanın və Fransanın Ukraynaya nüvə silahı verə biləcəyi haqda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin dünya miqyasında qaldırdığı fırtınanın gerçəkliklə əlaqəsi varmı, ya bu hansısa sonrakı planın tərkib hissəsidir, hələ bilinmir.

Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, London və Paris Kiyevə nüvə silahı ötürmək üçün plan qururlar. Hətta guya Almaniya bundan imtina edib. İddia olunur ki, Britaniya nüvə başlıqları texnologiyasını Ukrayna ilə birgə istehsa etdiyi “Flaminqo” raketlərində istifadə üçün ötürmək qərarına gəlib. Fransaya da eyni ittiham var: Paris də ölkənin nüvə arsenalında olan TN75 kiçik ölçülü döyüş başlığını Ukraynaya verməyi nəzərdən keçirir. Bu raketlərin uçuş məsafəsi təxminən 1000 kilometrdir və Moskva da daxil olmaqla, Rusiyanın Avropa hissəsindəki bütün böyük şəhərləri Ukraynanın nüvə silahlı raketlərinin hədəfinə çevirir. Yazırlar ki, Starmer, Makron və Zelenski üçlüsünün fikrincə, bu anlaşma Kiyevə sülh danışıqlarında “şərtlərini diktə etməyə imkan verəcək”.
Bu məlumatın tirajlanmasından dərhal sonra Rusiya Federasiya Şurası, eləcə də Dövlət Duması Britaniya və Fransanın parlament palatalarına müraciət göndəriblər, hər iki ölkəni “qandan dönməyə” çağırıblar. XİN nümayəndəsi Zaxarova beynəlxalq konvensiyalardan, nüvə silahının yayılmaması öhdəliklərindən dəm vurub. Prezident Putinin köməkçisi Uşakov isə deyib ki, bu məsələni ABŞ prezidenti ilə müzakirə etmək fikrindədirlər.
Bəs, həşəmətli Rusiya Xarici Kəşfiyyatının hansısa sübutu varmı? Var. Bu sübut, sən demə, son günlər Zelenskinin davranışlarıdır. Rusiya iddia edir ki, son həftələrdə Zelenski açıqlamaları ilə heç nədən qorxmadığını və “şeytanın özünün onunla rəqabət apara bilməyəcəyini nümayiş etdirib”. Daha bir “arqument”: hər iki Avropa ölkəsi Ukraynanın məğlubiyyətini qəbullanmaq istəmir. Əlbəttə ki, Rusiya kəşfiyyatı ciddiliyini bu qədər itirə bilməz. Kimincə davranışına, kaprizinə baxıb,“qarğa məndə (qoz) atom bombası var” nəticəsinə gəlmək ciddi sayıla bilməz. Bu təbii ki, indilikdə və müvəqqəti də olsa, Zelenskinin işinə yarayırdı, Rusiyanı özünün yaratdığı qorxu ilə yaşamasına istəyərdi. Amma Fransanın Moskvadakı səfirliyi kimi Ukrayna XİN də iddiaları təkzib edib. Sonra Britaniya səfirliyi də təkzib yayıb: “Böyük Britaniya Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) çərçivəsindəki öhdəliklərinə və nüvə silahlarının yayılmasının qarşısının alınmasına tam sadiqdir. Biz Ukraynaya nüvə silahı və ya əlaqəli imkanlar vermirik və verməyəcəyik”.
Yeri gəlmişkən, Rusiya hələ ilyarım əvvəl Belarusda taktiki nüvə silahlarının yerləşdirib. Amma həm Moskva, həm Minsk birağızdan dedilər ki, bu, nüvə silahlarının yayılmaması haqqında müqaviləyə zidd deyil. İzahları da bu idi ki, nüvə başlıqları Belarus ərazisində yerləşdiriləsə də, onlara nəzarət Minskə verilmir. Əlbəttə ki, ucuz bahənədir...
Rusiya Kəşfiyyat Xidmətinə gəlincə, məlumdur ki, bu qurumun 71 yaşlı direktoru Sergey Narışkin 2016-cı ildən bu vəzifədə çalışır. DTX-dan başlayaraq, hökumətdə, Prezident Administrasiyasında, Dövlət Dumasının spikerinədək işləyən Nasrışkin Putinin “Leninqrad komandasına”(yəni prezidentin yerlisidir) daxildir. Son zamanlar onun istefası ilə bağlı mediada çox şayiələr yayılır. Onun 4 il əvvəl fevralın 21-də Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ukrayna ilə bağlı məsələ müzakirə edilərkən Putinlə aralarında olan dialoq çoxlarının yadındadır. Narışkin “Qərbə Kiyevi sülhə və Minsk razılaşmalarını yerinə yetirməyə məcbur etmək üçün son şans verilməsini və əks halda, Rusiya bu gün müzakirə olunan qərarı verməlidir” təklifi Putinin təəccübünə səbəb olmuşdu. Narışkindən “əks halda, dedikdə nəyi nəzərdə tutursuz, danışıqlara başlamağı təklif edirsiniz, yoxsa respublikaların suverenliyini tanımağı” soruşmuşdu. Narışkin cavabında “tanıma təkliflərini dəstəkləyəcəyəm” demişdi. Putin isə əl çəkməmişdi, ondan qondarma respublikaların gələcəkdə tanınmasını dəstəkləyəcəyini, yoxsa artıq onların tanınmasını dəstəklədiyini aydınlaşdırmasını istəmişdi. Narışkin “bəli, mən müstəqilliyin tanınması təklifini dəstəkləyirəm" deyərək canını qurtarmışdı. Onun rəhbərlik etdiyi kəşfiyyat xidmətinin savaşın 4-cü ilinin tamamında belə bəyanatla çıxış etməsi bəlkə də 4 il əvvəlki tərəddüdü tam dağıtmaq üçün bir vasitə idi...
Mənə qalarsa, savaşı dayandırarsa, bu dəfə ciddi olaraq Ukraynaya nüvə silahı verilməsinə tərəfdarıyam. Elə Belarusa verildiyi şərtlər daxilində...




