Свобода людям, независимость нациям!

Ukraynada “yorğan davası” aparanların Qarabağ həmrəyliyi – Bakının cavabı...

2942 03.04.2022 15:24 Колумнисты A A

Ukraynaya qarşı ədalətsiz müharibənin 39-cü günüdür. Rusiya bunu israrla müharibə adlandırmasa da. Belə baxanda indiyədək hansı təcavüzkar özünə təcavüzkar deyib ki? İşğalçı işğalçılığını etiraf eləməz, boynuna almağı xoşlamaz, hətta bəzən “xilaskar” deyər özünə.

Əgər Ermənistan uzun on illər ərazilərimizin ilhaqını həyasızcasına “Qarabağ ermənilərinin öz müqəddəratı təyinetmə” mübarizəsi, “milli-azadlıq hərəkatı” adlandırırdısa və hələ də eyni havada qalırsa, Rusiya da Ukraynaya hərbi təcavüzünə “xüsusi əməliyyat” adını qoyub, “işğal” sözünü yaxına buraxmır. Şimal qonşumuz ümumiyyətlə, özünü elə aparır ki, sanki bütün dünyanı ümumbəşəri “faşist-bender” bəlasından qurtarmaq kimi müqəddəs bir işlə məşğuldur.

Eləcə də Ukraynada guya Rusiya ilə mübarizə aparan, özünü “süddən çıxmış ağ qaşıq” hesab edən ABŞ ötən əsrin sonlarında nüvə silahı bəhanəsi ilə, BMT TŞ-nin sanksiyası-zadı olmadan İraqa girəndə öz qəsbkarlığına “Səhrada fırtına” əməliyyatı adını vermişdi. Halbuki kənardan hər şey hamıya gün kimi aydındır. Xəstə özünü ha sağlam hesab eləsin, həkim ki, bilir o, xəstədir...

Rusiya və Qərb beləcə, terrorçuluq kimi, işğalçılığı da sortlara, “doğma” və “yada” bölüblər. Yalnız onlara sərf eləməyəndə, özlərinə hansısa hücum və ya təhlükə olanda həmin iki anlayışın gerçək adını çəkirlər...

39 gündür bu iki qlobal güc Ukraynaya görə bir-birinə qənim kəsilib. Amma 30 illik erməni işğalı zamanı nə Rusiya, nə də Qərb (ABŞ, Fransa) rəsmiləri Ermənistanı bircə dəfə də olsun işğalçı ölkə adlandırmadılar – BMT-nin Qarabağ qətnamələri ortada ola-ola. Əksinə, ABŞ və Fransa erməni separatçılara illərlə qucaq açdı, yardımlar ayırdı və ayırır. Rusiya “sülhməramlıları”nın hazırda separatçı tör-töküntülərə davam edən havadarlığı da öz yerində.

Həmçinin 44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistana yox, öz ərazi bütövlüyünü bərpa eləməyə qalxan Azərbaycana hücum çəkdilər – başda Fransa olmaqla. Amma Qərb ikinci aydır ərazi bütövlüyü uğrunda, Rusiya işğalına qarşı çarpışan Ukraynanın yanındadır. Bütün var-yoxu ilə. Ukraynadan pul-para, silah, heç nəyi əsirgəmirlər. Rusiyaya ən ağır sanksiyaları tətbiq ediblər. Qərb ölkələrində əhali yaşayışı pisləşsə də, bahalığa tuş gəlsə də, dözür. Həmin o “ədalətli və demokratik” Qərbdə kimsə durub bağırmır ki, niyə Ukrayna Donbasa təcavüz edir, rusların “öz müqəddəratı təyinetmə” haqqını pozur?

Amma utanıb-qızarmadan Azərbaycanı “artsax”a qarşı təcavüzdə suçlayırdılar. “Dərhal müharibəni dayandırın” deyirdilər! Hədələyirdilər! 44 günlük müharibədən sonra belə, köhnə isterikadan çıxa bilmirlər. Son iki ayda Avropa Parlamentinin ard-arda əleyhimizə qəbul elədiyi qətnamələri, ABŞ Konqresinin analoji sənədini yada salmaq yetər.

İşə bax, hətta az öncə balaca Fərrux kəndində ordumuzun mövqe qurması məsələsində Rusiya, ABŞ və Fransa bu basabasda heyrətamiz yekdillik göstərdi, Azərbaycanı “Dağlıq Qarabağın ərazisinə” girməkdə suçladı, ordumuzdan “əvvəlki mövqeyə qayıtmağı” tələb elədi...

Azərbaycan da yaxşı edib, üç barmağın məlum konfiqurasiyası ilə onların hamısını hara lazımdı, göndərdi. Çünki biz daha “banan ölkəsi”-zad deyilik ki, “pık” səsi eşidən kimi qaçıb gizlənək. Keçdi o əyyamlar.

Rusiya ilə Qərb isə qoy nə qədər istəyir, bir-birini qırsınlar, didsinlər, zəifləyib taqətdən düşsünlər. Zira, onların heç birindən bizə xeyir gəlməyib. Bu, onların “yorğan davası”dır, bizim davamız deyil. İnsan haqları davası, faşizmə qarşı “xüsusi əməliyyat”-zad da deyil təbii ki!

Qarabağ məsələsi bizə artıqlaması ilə dərs oldu artıq. Kimin kim olduğunu gördük, əminlik hasil elədik. Dost-düşmənlərimizi bir daha tanıdıq. Ona da əmin olduq ki, bir işğala qarşı kor olub, digər bir işğala qarşı səmimi mübarizə aparmaq qeyri-mümkündür...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости