Свобода людям, независимость нациям!

Uğursuz sinyorun mütəxəssisliyi, yaxud sinyor mütəxəssisin uğursuzluğu

1231 29.06.2022 08:55 Колумнисты A A

 

İtaliya pitsasının bərəkətinə and olsun, futbol millimizin baş məşqçisi Canni de Byaziyə qarşı qərəzimiz yoxdur. Futbolçu deyilik, millinin heyətinə düşmək istəyək, məşqçi deyilik, onun yerində gözümüz ola.

Sadə azarkeşlərik biz, o da fanatlardan-filandan yox, orta statistik azarkeş, “El-Klaasiko”ya, finallara baxanlardan. Hərçənd “Qarabağ”ın və futbol millimizin oyunları bir başqadır. Burada bir başqa cür azarkeşlik var.

Ona görə də milli komandamızın qrupda həmişə axırıncı yeri tutması çox adama pis gəlir. Görün, iş nə yerdədir ki, bizim ülvi arzumuz komandamızın digər komandalar kimi qrupda birinci olması, mundiala getməsi, oradan qrupdan çıxıb yarımfinala qədər irəliləməsi yox, eləcə, qrupda axırıncı yeri tutmamasıdır. İllərdir, arzu edirik ki, heç olmasa, Hökməli boyda olan Lüksemburqdan, Farer adalarından bir pillə öndə olaq.

Fəqət, mümkün olmur. Ha gücənirik, bir şey alınmır. Gedib Brazilayadan Pelenin kapitanı Torresi gətiririk, tutuzdura bilmir. Varıb Almaniyadan Bekkenbauerin kapitanı Berti Foqtsu transfer edirik, əlindən bir şey gəlmir. İndi Canni de Byazini gətirmişik, o da bir qoz qıra bilmir. Hərçənd dediyinə görə, o, “getdiyi hər yerdə kapitanlıq edib, xarizması və əvvəlki təcrübələri sayəsində lider olub”.

Təsəsvvür edin, belə bir adam gəlib bizdə eləcə maaş alır. Söz-sözü gətirəndə də elə danışır, mənası belə çıxır ki, sizdə futbol oynayan... qıç yoxdur, türkün sözü.

Yaxşı ki, 2 həftə əvvəl mini-futbol oynayanlarımız Avropa çempionu olaraq göstərdilər ki, yerə gəlsə, bizdə futbol oymağa baş da var, qıç da.

Əslində, sinyor Byazi millimizin baş məşqçisi postuna təyinat alaraq, 7-8 işsiz italyanı da götürüb Bakıya gələndə bəzi dostlar demişdilər ki, bunlar burda heç zad edə bilməyəcəklər, eləcə bir-iki xaral pul aparıb gedəcəklər.

Budur, milli komandamız FİFA-nın reytinqində 128-ci yerdə qərar tutub, Byazi və komandası isə hələ də buradadır. Getmək fikirləri yoxdur və olmayacaq. Güclə iş tapıblar, hara gedirlər.

Bu günlərdə cənab Byazi deyib ki, millimizlə 2022-ci ilin sentyabrına qədər müqaviləsi var və bundan sonra uğurlu ola biləcək. "Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda”, - şəxsən belə deyib 66 yaşlı mütəxəssis.

Yəni adamın fikri budur ki, qalsın, bir az da pul qazansın. Adama deyərlər, Allah qoymasa, indiyəcən uğurlu olmusan ki, bundan sonra da olasan? 128-ci yerdə olduğumuz olmayıb indiyəcən. 22 il əvvəl, rəhmətlik Fuad Musayevin vaxtında FİFA-nın reytinqində 114-cü yerdəydik, futbol təsərrüfatımızın ətrafında bir vay-nöfsə qopmuşdu ki, Blatterin ağzı açıq qalmışdı. Azərbaycan-Portuqaliya matçının getdiyi vaxt stadionda qəsdən işıqları söndürmüşdülər, yazıq Luiş Fiqu qorxmuş, Rui Koştaya demişdi ki, irmao, dəən, qaranlığa salıb bizi öldürəcəklər. Ta demirdi ki, məqsəd Musayevi AFFA prezidenti postundan perikdirməkdir.

İndi 114-cü yerdən gedib düşmüşük 128-ə. Ermənistan 92-ci, Qırğızıstan 95-ci yerdədir. Bizimlə qonşu olan ölkələrin bəzilərində isə futbolu hind qozuyla oynayırlar.

Dediyim odur ki, bu adamın ayağında uğur yoxdur, 10 il də qalsa, eyzən Lüksemburqla dirəşəcəyik ki, heç olmasa ona qalib gələk. Sentyabrı gözləmək lazımdır ki, adamın müqaviləsi başa çatsın, durduq yerdə təzədən 1-2 milyon təzminat almasın. Bir şey qalmayıb, iyul, avqust, o da sentyabr. 66 gündən sonra Canninin getmək vaxtı çatır.

Yaxşı, onu yola salaq, yerinə kimi gətirək?

Birincisi, heç kəsi gətirməyək, öz işsiz mütəxəssislərimizə şans verək, işləsinlər. Bəd ayaqda bizimkilər fasilə zamanı oyunçulaarı motivasiya etməyin yolunu bilirlər, ən azı, pis oynayana söyüş qoya, hesabı qoruya bilərlər.

İkincisi, əcnəbi mütəxəssis gətirmək lazımdırsa, Bışovets kimi birini tapmaq lazımdır. Heç kəsin tanımadığı Bışovets ötən əsrin 80-ci illərində Kamerunda necə bir futbol məktəbi, futbol ənənəsi yaradıbsa, odur-budur, Kamerun millisi mundialların dəyişməz finalçılarındandır. Halbuki Bışovetsə qədə Kamerunda da futbolu hind qozuyla oynayırdılar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости