Свобода людям, независимость нациям!

Uğurlu mətbuat mərkəzi

1517 30.06.2022 09:50 Колумнисты A A

Biləsuvar rayonunda görünməmiş hadisə olub, vətəndaşı aldadıb pulunu əlindən alıblar. Dələduzluq edən onun dostu imiş. Deyib 15 min manat ver, səni Biləsuvar Rayon Polis Şöbəsində, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor düzəldim. Bu zaman Bakıda İqtisad Məhkəməsində hakim işləyən dayısının adından yararlanmışdır. Guya pul dayısının tanışına çatacaq, o da işi düzəldəcəkdir.

Allaha şükür, ədalət zəfər çalıb, günahkar cəzasını alıb. İndi onun ayağına elektron qolbaq bağlayıblar, 2 il 2 ay ərzində gecələr evindən çıxması, hətta çəpərin başındakı tualetə getməsi qadağan edilmişdir. Buyursun, görək oğurluğa gedə bilirmi? Qəti mümkünatı yoxdur.

Eyni zamanda zəhmətkeşlərin sadəlövhlüyü təəccüb doğurur. Bu adamlar qanunsuz işlər üçün o qədər pulu necə verirlər? Yetkinlik yaşına çatmayanların neçəsinin, həmçinin valideynlərinin qulağını dartmalısan ki, rüşvət verdiyin vəsait, vəzifənin maya dəyəri çıxsın? Uşaq-muşaq fəaliyyətidir. Ciddi olmalıyıq.

Hələ dələduzun hakim işləyən dayısının iki il qabaq öldüyü də istintaq tərəfindən müəyyən edilmişdir. Əgər bu adam ölübsə, səni öz tanışıyla necə tanış edəcək, pulu çatdıracaqdı? Bunların hamısı dərindən araşdırılmalı, təhlil edilməlidir. Hər şeyin yeri var da bə. Ölülərə imkan verin uyusunlar.

Məsələn, neçə il qabaq administrasiyada şöbə müdiri işləyən Əli Həsənov Beynəlxalq Mətbuat Mərkəzi (BMM) adında bina qayırmışdı. Düz “Azərbaycan” nəşriyyatının böyründə. Uzaqgörən hərəkət imiş. Nəyə görə? Son illərdə Əli müəllim nəyəsə görə “fıs” çıxdı (doğrusu, o da FETO-çudur, Feta pendiri azarkeşidir, İndoneziya qaçqınları təşkilatının üzvüdür, YPG üzvüdür, ya YDM sahibidir - bunlar haqda zərrə qədər informasiyam yoxdur; Kefli İsgəndərin sözü olmasın, sizin kimi oxucuların da mənim kimi yazarı olar), vəzifələr quş oldu uçdu. Əli müəllimi yalan olmasın, Əli Kərimlinin gününə salıb buraxdılar, hətta az qalmışdı arada Əli Əliyevin qonşu kamerasına getsin, nəsə daydayı güclü imiş.

Ancaq deyir tısbağanı istəyirsən öldür, istəyirsən tərsinə çevir, eyni şeydir. Hərçənd mən bu fikirlə qətiyyən razı ola bilmərəm, tərsinə çevrilmiş tısbağanın mücadilə yaparaq təzədən özünü düzəltməsini müşahidə etmişəm. Təki yaxında divar olsun, tısbağa ayağını ora dirəsin. Divarın qurtarmağı çox pis şeydir.

Mövzudan çox uzaqlaşdıq, hətta az qaldı mövzu da tərsinə çevrilsin. Sözümün canı odur ki, Əli müəllim öz mətbuat mərkəzini nəşriyyata bitişik qayırmaqda olduqca uzaqgörən, dövlətçi yanaşma etmişdir. Dünən hökumət o mərkəzin bir neçə qatlı binasını Əli müəllimin əlindən alaraq “Azərbaycan” nəşriyyatına bağışlamışdır. Sual edirəm: əgər Əli müəllim vaxtilə BMM-i nəşriyyatın böyründə deyil, haradasa başqa ərazidə, misal üçün, Çermetdə işlənmiş qara metal toplama məntəqəsində, Alabama ştatında (əvvəlcə Alatava yazmışdım, nəsə səhv düşdü, dəyişmədim - yanlış da bir naxışdır; camaat yanlışlardan xalça toxuyub satır), nə bilim, Basarkeçərdə, Şərurda, Dərələyəzdə tiksəydi, indi hökumət onu alıb “Azərbaycan” nəşriyyatına qatmaqda, türkün sözü, zorlanardı. Yani çətinlik çəkərdi. Bütün bunlar Əli Həsənovun mətbuata diqqətinin təzahürüdür, təklif edirəm, qarşıdan küləklə gələn mətbuat günü bayramında ona “Qızıl qələm” mükafatı verilsin.

Sonda Əli müəllimə qızıl balıq kababı arzu edirəm, təbii, “r” hərfi olmayan aylarda. Hərçənd bunu ikinci dəfə tutmaq üçün 15 min verməlisən.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости