Свобода людям, независимость нациям!

Tutsi xalqı üçün ədalət

1758 15.10.2022 09:40 Колумнисты A A

90-larda Ruandada soyqırım törədiləndə qırğına təhrik edən “Min təpənin azad radiosu” adlı radio çox məşhur olmuşdur. Burada işləyənlər hutu xalqının nümayəndələri idilər, onlar verilişlərdə tutsi xalqını tarakan adlandırır, öldürməyə səsləyirdilər. O soyqırımda 1 milyona yaxın insan öldürülüb. Sonralar bir alim sosioloji araşdırma aparıb, həmin radioya qulaq asan kəndlərin sakinləri soyqırım zamanı daha böyük vəhşiliklərə imza atmışlar.

Radionun yiyəsi Felisyen Kabuqa adlı biznesmen idi. O, 1994-də Ruandadan qaçıb, beynəlxalq axtarışa verilsə də 2020-ci ilə qədər Kabuqanı tutmaq mümkün olmayıb. Hətta ABŞ onun haqqında xəbər verənlərə 5 milyon dollar mükafat təyin etmişdi. Nəhayət Kabuqa tutuldu, indi Haaqada məhkəməsi gedir. 89 yaşı olsa da, elədiyi cinayətlərə görə cavab verməlidir. Prinsipcə, beynəlxalq hüquqa görə müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər üçün iddia müddəti anlayışı yoxdur. Lap yüz il keçsin.

Yüz demişkən, yayda Almaniyanın Berlin şəhərində 101 yaşlı Yozef Şuts-un məhkəməsi başa çatdı, ona 5 il həbs cəzası verildi. Şuts 1942-45-ci illərdə faşistlərin Zaksenhauzen ölüm düşərgəsində nəzarətçi işləməkdə, 3500-dən çox insanın ölümünə səbəb olmaqda suçlanırdı. Əcəb taledir. Ölməsə 106 yaşında azadlığa çıxmalıdır. Məhkəmədə absurd vəziyyət də yaşanmışdı: Şuts həmişə üzünə qovluq tuturdu, jurnalistlərin sifətini çəkməsini istəmirdi. Guya bu yaşdan və o cinayətlərdən sonra sifətini qorumaq çox vacib imiş...  

Kabuqanın məhkəməsinə qayıtsaq, bu birbaşa cinayət törədənlərlə yanaşı, onun propaqandasını aparanlara da xəbərdarlıq olmalıdır. İndi Putin Rusiyasının faşist təbliğatını aparan Solovyovlar, Kiselyovlar, Simonyanlar Felisyen Kabuqanın məhkəməsini diqqətlə izləməlidir.

O cümlədən, erməni faşizminə dil, əl verən kəslər də diqqətli olmalıdır (Bizim folklorda “ilana ağu verən” deyə bir ünvan təyinatı var. Fağır kərtənkələlər bu adla tanınıb, halbuki qəti elmi əsası yoxdur). Son günlər Fransa prezidenti Makron bu istiqamətdə çox aktivləşib. Ruslar yalan olub, indi də Qafqazda düşmənçilik toxumlarını Fransa səpməkdədir. Bizi bir-birimizə qırdırmaq məqsədi güdülür. Lakin biz Makrondan gərək soruşaq ki, Kabuqa niyə Parisin altından aşkar edildi? Niyə dünyadakı cürbəcür diktatorlar əvvəl-axır, axıb gedib Parisdən çıxırlar? (Bəlkə ölməz Hüqo öz ünlü romanında Parisin katakomba və kanalizasiya sisteminə böyük yer ayırmaqda nəsə işarə vurubdur?) Haitinin diktatoru Jan Klod Düvalye - adadakı ölüm eskadronları tonton-makut birləşmələrinin başçısı çevrilişlə yıxılanda Parisə qaçmışdı. Afrikanın adamyeyən diktatorları da adətən Parisə sığınıblar. Mobutu Sese Sekodan Loran Kabilaya, Bokassadan Qəddafiyə qədər. (Fransa prezidentləri Jiskar-ın Mərkəzi Afrika Respublikasının diktatoru Bokassa-dan brilyant, Sarkozinin isə Qəddafidən 50 milyon avro alması faktları məlumdur). Cənub qonşumuzdakı tarixi diktator-inqilabçı Xomeyni müəllim Tehrana Parisdən uçmuşdu. Görəsən çağdaş Fransa niyə “azadlıq, qardaşlıq və bərabərliyə” deyil, “intriqa, yalan və ədalətsizliyə” dəstək olmaqdadır?

Mövzu tragikomik olduğu üçün hələ Əlcəzairi də yada sala bilərdim, lakin fransız xalqına dərin hörmətimə görə əl saxlayıram. Eyni zamanda, Haaqa məhkəməsi üçün təkliflər vermək istəyirəm.

Bugünlərdə Məhkəmə Hüquq Şuramızın iclası keçirildi, bəzi hakimlərə töhmət verildi, bir-iki nəfər işdən qovuldu, 9 hakimə isə işlərində dönüş yaratmaq üçün vaxt qoyuldu. Məncə Haaqa məhkəməsi bizim o hakimləri beynəlxalq proseslərə cəlb etsə öz işində əməllicə dönüş yaradar. Bekar qalıb pis əməllərə qurşanmasınlar. Hakimlərimiz prinsipialdır, qəti yuxarıdan gələn zəng və tapşırığa baxmır, rüşvət almır, dəqiq, vicdanlı və qərəzsizdir (Bu cümlənin nöqtəsini qoymağa burnum imkan vermir, birdən uzanıb kompüterin ekranına girdi). Biz bəzən görürük, hansısa voleybol, futbol, nə bilim, güləş hakimlərimiz beynəlxalq yarışlara təyinat alır. Niyə oxşar təcrübə məhkəmə hakimlərimizə də tətbiq edilməsin? Bizdə elə hakimlər var, Kabuqanın nəinki özünə, bütün qohum-əqrəbasına cəza kəsər, uf deməz. Hələ arada imkan tapıb Kabuqadan babat pul da alarlar. Əsas odur tutsi xalqının ruhu dincəlsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости