Свобода людям, независимость нациям!

Türkiyədəki rus səfirin “Bayraktar” əndişəsi və işğaldan zövq alan toplum

1793 05.04.2022 13:17 Колумнисты A A

Məşhur bir deyim var: “Rusiyanı ağılla başa düşmək mümkünsüzdür”. Ukraynaya hərbi təcavüzdən sonra isə rusları dərk eləmək heç mümkün deyil. Bu da növbəti dəlil.

Rusiyadakı “Levada-Sentr” mərkəzinin keçirdiyi sonuncu rəy sorğusundan məlum olub ki, rusiyalıların yalnız 5%-i Ukraynadakı müharibəyə görə xəcalət hissi keçirir, 51%-i (!) isə hərbi təcavüzdən qürur duyur.

Yəni əhalinin yarıdan çoxu rusiyalı hərbçilərinin suveren bir ölkədə törətdikləri vəhşilikləri, qətlimaları, uşaqların öldürülməsini, şəhərlərin xarabazarlığa çevrilməsini nəinki təqdir edir, hətta bundan məmnundur! İndi gəl, sən bu toplumu, onun “dəyərlərini” anla görüm. İşğalçı müharibənin 40-cı günündə Putinin ölkə daxilindəki reytinqinin 80%-ə çatmasında məntiq axtar...

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov isə dünən yerli qəzetlərdən birinə verdiyi müsahibədə “Bayraktar TB 2” PUA-lardan ciddi şəkildə narazılıq ifadə edib, bu dronların Ukraynada rus hərbçilərini öldürməsinin rus cəmiyyətində “çox ağrılı qəbul edildiyini” söyləyib.

Sitat: “Burada mənə tez-tez verilən bir suala toxunmaya bilmirəm: türk “Bayraktar”larının Ukraynaya tədarükünə münasibətimiz necədir? Tam səmimi olacağam. Siz təsəvvür belə eləməzsiniz ki, bu silah tədarükü Rusiya cəmiyyətində necə ağrılı qəbul edilir. “Biznes biznesdir” kimi izahatlar burada kara gəlmir, axı sizin dronlarınız əsgərlərimizi öldürür. Onları bunun üçün alırlar”.

Əcəb işdir. Əvvəla, Türkiyə “Bayraktar”ları Ukraynaya müharibə başlayan kimi verməyib. Xeyli öncə iki ölkə arasında silah tədarükü ilə bağlı ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində və tam beynəlxalq hüquq normalarına uyğun surətdə imzalanmış saziş əsasında Ukraynaya təhvil verilib və yerdə qalan partiya da hissə çatdırılır.

Bayraktar TB2 — Википедия

İkincisi və ən mühümü, rus əsgərlərinin, zabit və generallarının Ukraynada nə işi var, nə iti azıb ki, orada “Bayraktarlar”ın zərbəsinə, ucuz ölümə tuş gəlir, rus ictimaiyyəti də bunun ağrısını yaşayır? Bildiyimiz qədər ukraynalılar rus ordusunu öz vətənlərinə dəvət-zad eləməyiblər.

İşğalçıya, təcavüzkara qarşı isə bir xalqın istənilən yolla mübarizə aparmaq haqqı var. “Bayraktar”lar da məhz elə işğalçıların, terrorçuların qənimidir, dinc insanların yox, cənab səfir! Qarabağdakı kimi, Suriyadakı kimi!..

Yəni yenə həmin problemin – Rusiyanı anlamaq məsələsinin üzərinə gəlirik...

Üçüncü yandan, sizin Ermənistana verdiyiniz öldürücü silah sistemləri, qadağan edilmiş qanadlı və taktiki raketlər də 44 günlük Vətən savaşı zamanı Gəncədə, Bərdədə, Tərtərdə bizim dinc sakinləri, uşaqları qanına qəltan eləmişdi. Hətta müharibənin sonuna yaxın Bakı, Şuşa, Mingəçevir şəhərləri “İsgəndər” uzaq mənzilli raketlərlə atəşə tutulmuşdu. Niyə onda səsiniz çıxmadı? Nədən rus toplumunun tükü belə tərpənmədi? Sizin canınız candır, azərbaycanlıların, ukraynalıların, məsum körpələrin yox?!

Amma belə baxanda bir dövlətin əhalisinin 51%-i başqa ölkəyə qarşı işğalçılıqdan, orada törədilən qırğından zövq alırsa, “Bayraktar”ların nə günahı? Əksinə, bu PUA-ların gördüyü işdə böyük bir savab var. Fəqət bunu rus cəmiyyəti anlamaz. Deyildi axı, “Rusiyanı ağılla başa düşmək mümkünsüzdür...”



Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости