Свобода людям, независимость нациям!

Türkiyədə qürur duya-duya “mühbirəm” demək...

1878 01.09.2022 21:22 Колумнисты A A

 

Yekə çıxmasın, bizim sektorda yanlış anlaşılmalar və bununla bağlı məzəli əhvalatlar çox olur. Yəqin ki, belə şeylər başqa sektorlarda da olur, amma jurnalist tayfası elədir ki, olayı həm yaxşı bəzəyir, həm də babat tirajlayır.

Aşağıda oxuyacağınız məzəli əhvalatı srağagün jurnalist həmkarımız Mirsəməd paylaşmışdı. Gerçəkdən də, həm məzəli hadisədir, həm də ibrətamiz.

Təxminən 20 il öncə azsaylı telekanallardan birinin, yəqin ki, “Speys”in xəbər müxbiri özüylə bir operator götürüb gedir rəsmi tədbirə. Tədbirdə o zamanların kənd təsərrüfatı naziri də iştirak edirmiş. (Nazirin adını gərək araşdıraq, tapaq). Müxbirlər naziri əhatəyə alırlar, hərə bir sual verir. Nazirlə üzbəüzdəki yerlər cəld tərpənən gözəgirən jurnalistlər tərəfindən tutulduğuna görə yazının qəhrəmanı olan müxbir nazirin böyründə durmalı olur və növbə ona çatanda belə bir sual verir: “Cənab nazir, kənd təsərrüfatı sahəsində rüşvət varmı?”

Bu yerdə yeni bir abzas açaraq izahat vermək lazımdır ki, bəli, bizdə elə dönəmlər də olub: jurnalistlər nazirlərə belə solaxay suallar verə bilirdilər. Ta indiki kimi deyildi ki, hansısa qurumun müdiri xoşuna gəlməyən sual verən jurnalisti dərhal qara siyahıya saldırsın, mətbuat xidmətinin böyüyünə tapşırsın ki, bir daha o yaramazı brifinqə çağırma.

Xüləs, görünür, jurnalist bu nisbi azadlıq mühitinin yaratdığı başgicəllənmədən yararlanaraq belə sual verib. Amma əlbəttə ki, cənab nazir ona deməyəcəkdi ki, bəli, bizim nazirlikdə də rüşvət halları var, rayonlardakı işçilərimiz rüşvət pullarını yığır, gətirib idarə rəislərinə verirlər, onlar da toplayıb mənə çatdırırlar, mən də lazımi yerlərə ötürürəm, bölürəm, necə lazımdır, xərcləyirəm, müğənni xanımlar saxlayıram, lüks avtomobillər alıram, ərəb şeyxlərinin saraylarından seçilməyən villalar tikdirirəm və s.

Reallıq belə olsa da, nazir üzünü həmin jurnalistə çevirir və böyük səmimiyyətlə deyir: “Xeyr, bizdə elə şey yoxdur”.
Bayaqdı ha, həmin müxbirin nazirlə üzbəüz dayanmış operatoru dillənir: “Cənab nazir, zəhmət olmasa, düz danışın!”
Nazir gözləmədiyi bu replikadan, dürüstlüyə qaba çağırışdan bir neçə saniyəlik şoka düşür, gözü alacalanır, amma özünü o yerə qoymur, operatora tərəf dönüb deyir: “Necə yənı, düz danış?”
Gənc operator tez düzəliş verir: “Müəllim, üzünüzü o tərəfə çevirib danışırsız, kameraya yaxşı düşmür, ona görə deyirəm ki, düz danışın”.

Yəni üzünü kameraya tut, mənə düz bax, danış.

Beləcə, tərəflər qalmaqal yaranmadan, salam-səfa ilə ayrılırlar. Hərçənd onun yerində qanacaqsız amerikalı jurnalistlərdən biri olsaydı, deyərdi ki, hara baxıb danışırsan, özün bilərsən, amma dürüst danış, gopa basma.

Jurnalistlərlə bağlı yanlış anlaşılmalardan danışarkən daha bir bənzər əhvalatı mənə bir neçə gün əvvəl əməkdaşımız danışıb.

Bildiyiniz kimi, qardaş Türkiyədə jurnalistə “qazeteçi”, müxbirə “mühabir” deyirlər, bir də onlar rusların “suka”, bizim “çuğul”, “casus” (bəzən də “işverən”) adlandırdığımız peşə adamlarına isə “mühbir” deyirlər. Bizim əməkdaş Türkiyədə səfərdə olarkən bunu Batman vilayətinə, əksəriyyət etibarilə kürdlərin yaşadığı kəndə aparıblar. Bir xeyli adam toplaşıbmış. Məclisin şirin yerində yerli ağsaqqallardan biri əməkdaşımızdan soruşub ki, sənin məsləyin nədir, ay oğul, nə işə baxırsan. Bu da “X” hərfinin işlənmədiyi Türkiyədə olduğunu bildiyindən qürur duya-duya deyib ki, mühbirəm mən, amca. Bu sözü eşidən kimi amcanın da, məclisdəki adamların də üzü çönüb, pərt-pərt baxışıblar. Nəhayət, biri deyib ki, biradər, bu qədər məslək var, bir şərəflisini tapa bilmədinmi. Öz peşəsinin vurğunu olan əməkdaşımız dirəşib, deyib, mühbirlikdə nə var ki, bu, bizdə çox şərəfli məsləkdir. Ağsaqqallar və qarasaqallar təzədən, “orası nasıl bir yer ya” deyə baxışıblar və bəlkə də həssas bölgəyə sızmış “mühbir”i cəzalandırmaq fikrinə düşüblər. Birdən onların içində daha fəhmli birisi çıxıb, belə bir sual verib: “Sən harada çalışırsan, arkadaş?” Əməkdaşımız deyib, qəzetədə. “Qazeteçimisin?” “Əvət”. “Yani mühabir”. “Əvət”.

Yalnız bundan sonra məclis əhlinin kefi açılıb, yoxsa əməkdaşımızı sözün ortasındakı bir “a” hərfinə görə MİT-in gizli “mühbir”i, “ajan”ı sayıb birtəhər edəcəkmişlər.

Yəni yanlış anlaşılma pis şeydir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости