Свобода людям, независимость нациям!

Tör-tökerlər və ya ictimai məsələ

1174 12.04.2024 17:24 Колумнисты A A

“Nə tökərsən aşına, o çıxar qaşığına”

(ata sözü)

Deyirlər şanlı orqanlarımız tiktokerləri tutub içəri basmağa başlamışdır. Bu haqda hər hansı fikrim yoxdur, çünki Tik-tok adlı üfunət bataqlığından heç istifadə etməmişəm. Niyə oranı pis damğaladım? Axı adama deyərlər, baxmamısansa, necə qiymət verirsən? Lap Sovet vaxtı Pasternakın müzakirəsindəki kimi. Pasternakın “Doktor Jivaqo” romanı gizli yolla SSRİ-dən xaricə çıxarılmışdı, yazıçıya buna görə Nobel mükafatı verilmişdi. Partnomenklatura isə bu faktla fəxr eləmək yerinə, həm yazıçını, həm Nobel komitetini tənqid-təhqir atəşinə tutmuşdu. Yazıq Pasternak məcbur olmuşdu ödüldən imtina eləsin. Bax, həmin vaxt “Pravda” qəzetində sovet zəhmətkeşlərinin Pasternak əleyhinə yazılarında adətən belə cümlə olurmuş: “Mən heç o Pasternakdı, nədir, onu oxumamışam, lakin şiddətlə pisləyirəm”.

Tik-tok haqda isə mənim müəyyən təsəvvürlərim var. Ordan linkləri paylaşırlar, Youtube, Vatsap kimi platformalarda qarşıma çıxır, bu baxımdan qiymətləndirirəm və adətən iyrənc şeylər paylaşılır. Amma təbii ki, hər kəsin istədiyi zibilliyə tamaşa eləmək imkanı da olmalıdır, qanunlar çərçivəsində. Buna nə mənim, nə sənin, nə onun burun soxmağa ixtiyarı yoxdur.

Heç Martin Niemöller müəllimin ötən əsrdə yazdığı məşhur cümlələri də burda sitat vermək istəmirəm - ən azı, kişinin ruhundan ayıbdır. Gələr adamın yuxusuna girər, deyər, alə, utanmığdan ölmürsən bəgəm, sən məni “Tik-tok Maqerram”la (məsəl üçün – vallahi, heç birinin adını bilmirəm) qarşılaşdırır, eyni söz və gözlə müqayisə edirsən?

Sadəcə, indi tiktoker adlanan o məxluqatın cəzalanması “milli-mənəvi dəyərlərin qorunması” adı altında, bu cür reklam edilərək aparılırsa icazə verin buna gülüm. Çox yox, icazənizlə. Yəni, icazə verilən qədər gülüm.

Sanki yalan danışmaq, yaltaqlıq eləmək, rüşvət alıb-vermək, xalqın malını əkişdirmək, yetimin çörəyini əlindən qapmaq bizim milli-mədəni, mənəvi-əxlaqi, insani-bəşəri, tarixi-coğrafi dəyərlərimizə daxil imiş, Tik-tok isə yox. Türkiyə türkcəsində çox bəyəndiyim bir söz var: kandırmak. İki anlamda işlədilir. Bir kimisə qandırmaq, başa salmaq, bir də aldatmaq mənalarında. Necə ola bilər ki, eyni söz həm aldatmağı, həm başa salmağı ifadə eləsin? Fantastikadır. İndi mən də burda yazıram: siz kimi kandırırsınız?

Guya ictimai olan telekanalda bir kino, serial verməyə başlayıblar. Adını yazıb bir də burda reklam etmək istəmirəm, onsuz ölkəmizdə belə şit şeylər əla gedir. Biabırçılığın zirvəsidir. Siqaretin tüstüsü az qalır ekrandan evə dolsun. Biri o birini otağa salıb qazı açır ki, evi partladacaq. Üçüncüsü borca görə girov götürüb qulaq kəsməklə hədələyir. Dördüncüsü qarşısına çıxan istənilən qadını yatağa salmağı fikirləşir. Beşincisi ona söz atan oğlanın ayağına bıçaq soxur. Söyüşün biri bir qəpikdən, ləhcə, vulqar ifadələr, qurşaqdan aşağı, tualet yumoru zibil kimi. Bu qədər zir-zibili 45-50 dəqiqəyə sığışdırmaq da ustalıq tələb edir. Məsələn, bu düşük “filmin” bir “zarafatını” burda yazım, özünüz qiymətləndirin. Oğlanlar hansısa məsələni həll etməyə gedir, qız da onlara qoşulmaq istəyir. Deyirlər sən getmə, qızsan. Qız deyir nə fərqimiz var, oğlanın biri deyir: “Bir-iki fərqimiz var da”. Təxminən belə bir bambılı zarafat. Guya bu film komediya janrındandır. Sizə etiraf edirəm, yalnız filmin sonunda güldüm: o da nəhayət bitdiyi üçün. Ancaq serialdır, yuxarıda yazdığım kimi. Azərbaycan xalqını hələ nə qədər işgəncə gözləyir.

Özəl kanalda nə qədər istəyirsən belə kino ver. Olmaya Azərbaycan ictimaiyyətinin, necə deyərlər, sosial sifarişi hazırda budur? Mən xalqımız haqda belə aşağı fikirdə deyiləm.

İndi mən, türkün sözü, yetkililərdən soruşmaq istəyirəm ki, bu serial və bunun tipli “efirləriniz” uca millətə hansı dəyərləri aşılayır? Hansı insanlığı öyrədirsiniz? Onlara nəyi başa salmaq, hansı zövqü formalaşdırmaq fikrindəsiniz? Tik-toker adlanan tör-töküntülərin bunlardan fərqi nə imiş?  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости