Свобода людям, независимость нациям!

Timsahlar ağlaşmağa başlayıb

2013 08.06.2022 10:00 Колумнисты A A

Yaxud müharibə əlilləri üçün nə etməliyik

Müharibə veteranlarımızın vəziyyəti nazirliyin qapısı sınana qədər cəmiyyəti çox da düşündürmürdü. Ağlamayana məmə yoxdur məntiqiylə. İndi isə orada-burada tədbirlər, konfranslar, yığıncaqlar düzəldilir. Hamı guya veteranların halına yanır. Timsah göz yaşı axıdan şairlər, deputatlar, jurnalistlər, məmurlar... növbəyə düzülüblər.

Təbii ki, növbəti təpiyə və qapı sındırılmasınacan bu saxtakarlıq davam edəcəkdir. Və yenə ağlaşma-şivən başlayacaq. Yenə müharibə veteranlarının adından qurulan “gongo-QHT”lər (qonqo - hökumətin tabeliyində olan, hakimiyyətin qurduğu saxta QHT-lərin beynəlxalq adıdır) yağışdan sonrakı göbələk kimi pırtlayacaq, zəvzəyib dağılışacaqlar. Araba isə batdığı yerdə qalacaq.

Bəs vəziyyəti düzəltmək üçün nə etməliyik? İlk növbədə, problemin adını düz qoymalıyıq. Bu dini termin olan “qazi” sözünü işlədirik, lakin bizim qanunlarda qazi söhbəti yoxdur. Müharibə əlilindən, veteranından bəhs olunur. Adını təyin eləmədiyin problemi necə düzəldəcəksən?

İkincisi, insan amili, insan taleyi gündəmə gəlməlidir, bizdə isə hökumət rəqəmlərdən danışır. Filan qədər ev tikdik, filan qədər əlilə protez taxıldı, pullar verildi... Ortada rəqəmlər dolaşır. Elə bil 2020-ci ilin 44 günlük davasına da adamları yox, rəqəmləri, riyaziyyat dərsliyini göndəriblər. “Bu gün 60 ayaq və əl itirdik, 40 rəqəminin sayəsində 500 metr yüksəkliyini aldıq, 1 metr 80 santimetrlik 5  qurban verildi, vətən torpağına 35 litr qan axmışdır” və sairə. Belə müharibə informasiyası olsa, xoşunuza gələrdimi? Bəs o zaman ƏƏSMN-in oxşar hesabatlarına niyə dözürük? İş rəqəmlə düzəlirsə, bir vedrə 100 rəqəmini tökərdiniz o qazinin cibinə, çıxıb gedərdi, qapı da salamat qalardı. Elə qarı da.

Sözgəlişi, deyir imam üçün ağlayanda, Yezid üçün də ağlamaq lazımdır, hamı nazirliyi söyür, lakin heç deyən yoxdur ki, bəs bu nazirlik müharibə veteranlarının üstünə hansı silahla gəlir. O silahın patronunu axı Milli Məclis doldurub! Vaxtilə qəbul elədikləri biabırçı qanunla. Həmin qanun əlilliyin müəyyən edilməsi üsulları haqdadır. Bir qazinin dilindən oxudum, deyir mənə deputat Musa Quliyev özü etiraf eləmişdi ki, biz həmin qanunu oxumadan qəbul etmişik. Yuxarıdan necə gəlibsə, düyməni də elə basıblar, çıxıb gedib. Nəticədə indi ayağını 4 santimetr itirən əlil sayılır, 3 santimetr yarım itirən yox.

Sovetin vaxtında Böyük Vətən müharibəsi veteranları və əlilləri də eyni çətinliyi yaşayırdılar. Təsəvvür edin, SSRİ-də əl-ayağını itirən veteranlara təhqiramiz formada “samovar” deyirdilər. 1980-ci illərdə, orta əmək haqqı 180 manata çatanda SSRİ-nin 1-ci qrup müharibə əlili 70 manat, 2-ci qrup 45 manat, 3-cü qrup isə 21 manat pensiya alırdı (o pulla da faktiki almağa ərzaq-filan yox idi, lakin bu başqa temadır). 1945-50-ci illərdə dolana bilməyən müharibə əlilləri küçələrdə, vağzallarda dilənirmiş. Buna son qoymaq üçün Stalinin əmri ilə bir gündə bütün dilənçi əlilləri küçədən yığıb qapalı rejimli, faktiki həbsxana olan “əlil evləri”nə yerləşdiriblər. SSRİ-də xəstəxanalar, ictimai məkanlar, nəqliyyatda əlillər üçün heç bir şərait yaradılmırdı. Onlar faktiki təcrid edilib ölməyə məhkum idi. Bu haqda ətraflı oxumaq istəyənlərə sovet dissidenti, əlil Valeri Fefelovun 1986-cı ildə Londonda çapdan çıxan “SSRİ-də əlillər yoxdur!..” kitabını oxumağı tövsiyə edərdim.

Yazımı isə biləsuvarlı şəhid mayor Əhməd Abdullayevin qardaşı, daimi oxucumuz və əziz dostumuz Elnur Abdullayevin bugünlərdə göndərdiyi məktubdan parça ilə bitirirəm: “Bir layihə üçün imkansız qazi və şəhid ailələrini müəyyənləşdirmək lazım idi. Onlardan bir qazi ailəsi o qədər pis vəziyyətdə idi ki, indi də yadıma düşəndə dəhşətə gəlirəm. Ana və ata uşaqlarını çiyələk sahələrində işləməklə böyütmüşdülər. Uşaqlarda müharibədən tərxis olunduqdan sonra ruhi pozuntu yaranmışdı və bunlar nə etmək lazım olduğunu belə bilmirdilər. Uşaq divara başını o qədər vurmuşdu ki, qanı divarda qalmışdı... Anası fəxrlə çərçivəyə (çərçivəni özləri almışdılar) salınmış kağız gətirdi ki, balama fəxri fərman da veriblər.  Gördüm səliqəsiz, hərf səhvləri ilə, keyfiyyətsiz katriclə adı bir kompüter salonunda hazırlanmış kağız parçasıdır. Bu elə vəziyyət idi ki, mən bunu yazmağa da çətinlik çəkirəm. Bu nə münasibət idi anlaya bilmirəm. Nə üçün bunu eləmişdilər, eləmişdilərsə də niyə daha yaxşısını etmək üçün çalışmamışdılar? Elə bil, gətirib adi kağız parçasını veriblər ki, bəs sənin oğlun qəhrəmandır, bəsindir, bundan sonrası Allah Kərimdir. Həmişə qazilərlə bağlı hər hansı narazılıq oxuyanda həmin kağız parçası yadıma düşür”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости