Свобода людям, независимость нациям!

Təzəbəylərin qorxulu röyası

4438 05.07.2023 20:15 Колумнисты A A

 

Əslində, hamımız hər gün azı 1440 zəlzələ yaşayırıq. Zarafat eləmirəm. Bu andır hər dəqiqə baş verir.

Sadəcə, bu, Bakı şkalası ilə götürsək və azərbaycanlı ritorikası ilə desək, zəlzələdir. Başqa yerlərdə buna yeraltı təkan deyirlər.

Bax, bu yazının iki cümləsinin yazıldığı zaman ən azı 4 yeraltı təkan oldu. Niyə 4? Çünki mən 1-ci və 2-ci cümlənin arasında pauza verdim və o pauzaya iki təkan yerləşdi.

Bəs biz bunu hiss etdikmi? Etmədik. Çünki 3 baldan az olanda adam Yer səthindəki permanent titrəyişləri hiss etmir. Bizdə, maşallah, bu titrəyişlər hələm-hələm 3 balı aşmır.

O gün 3-dən çox olmuşdu deyə, paytaxt əhalisinin təxminən 30 faizi bunu hiss etmişdi, yerdə qalanları Feysbukdan, Votsap qruplarından, həyəcanlı telefon zənglərindən xəbər tutmuşdu.

Yaponiyada orta titrəyiş balı 5-dir ona görə də yaponlar il on iki ay titrəşirlər, amma veclərinə deyil, dərhal şortikdə, maykada qaçıb həyətə düşmürr, 3 saat açıq havada qalmırlar, evlərində oturub başqa mövzularda göft-gu edirlər. Çünki onlar o balda titrəyişlərə vərdiş ediblər.

İndi baxıram ki, çox adam iyulun 4-də, saat 00.02-də baş verən haqq-hesabı “Bakı zəlzələsi” adlandırırlar. Əslində düz söhbət deyil. Zəlzələ Xaçmaz tərəfdə olub, episentri də dənizə düşüb, sadəcə, Şabranda, Siyəzəndə, Xızıda, bir sözlə, keçmiş Quba xanlığının ərazisində hiss edilib. Camaatın gül kimi zəlzələsini niyə özəlləşdirək ki?

Mən özüm indiyədən 4-5 hiss edilən zəlzələ görmüşəm. İkisi uşaq vaxtıma düşüb, tarixləri yadımda deyil. Amma ən yaddaqalanı Spitak zəlzələsiydi. O vaxt məni Gəncəyə ixtisasartırma kursuna göndərmişdilər, auditoriyada idik, qəfildən parta sağa-sola yelləndi, bədahətən dedim ki, qorxmayın, zəlzələ oldu, amma bitdi. Bizim otaqdan heç kəs bayıra çıxmadı, sonra gördük ki, bütün məktəb əhli bayırdadır, arlandıq, biz də çıxdıq ki deməsinlər, bunlardakı gönüqalınlığa bax.

İkinci yaddançıxmaz zəlzələ 2000-ci ildə olandır. 23 ildir o barədə danışırıq, qurtarmır. O zəlzələdə uçqun altında qalıb ölən olmamışdı, amma sonradan deyirdilər ki, bir-iki nəfər özlərini qorxudan eyvandan atıb, xəsarət alıb. Bir də başı fatalı, üzü duvaqlı gəlini toy salonunda qoyub qaçan təzəbəylər olmuşdu. (Bu da işdirmi, siz Allah, 40 ildə bir dəfə evlən, o da gəlsin, yer ayağının altından qaçsın). Başqa zəlzələ gülməcələri də yaza bilərəm, amma ayıbdır, yazmıram.

Ona görə ki, zəlzələ gülməli pəstəha deyil. Hətta başqa ölkələrdə çox faciəvi, ağlamalı hadisədir. Bizdə isə o, maşallah, pozitiv notlar üzərində anılır, inşallah, həmişə belə alınar, zəlzələdən danışanda Cem Yılmaz pozası alarıq.

Amma bir az küyçü olmağımız, panikaya tez qapılmağımız adama pis gəlir. Görürsən ki, bir zəlzələnin episentri çox uzaqlarda olub, təkanı güclə hiss etmişik, afterşokundan heç xəbərimiz olmur, amma camaat ev-eşiyinə yığışmır. Elə bilirlər ki, əgər yer yerindən oynayıbsa, dəli dana kimi oynaqlaya-oynaqlaya gedəcək. Elə olmur. Mütəxəssislər bu işi bilir, and içirlər ki, ən qorxulusu ilk təkandır. Əgər ilk təkanda bir şey olmadısa, ikinci təkan bir az zəif olacaq, ondan sonrakılar da düşəcək 3 balın altına.

Bu, görməmişlk əlamətdir. Zəlzələ görməmişliyi.

Yadıma gəlir, 30 il öncə müharibənin qızğın vaxtı aprel qaçaqaçında bir tay-tuşumuz ailəsi ilə birlikdə cənub rayonunda yaşayan əsgər yoldaşıgilə pənah aparır. 26 yaşında olan sürücü qardaş orda farağat durmur, dostunun bacısına aşiq olur və ailələr məsələni uzatmadan gəncləri qovuşdurmaq qərarına gəlirlər. Bir-iki aydan sonra artıq ara sakitləşdiyi üçün toy öz kəndimizdə olur, qızın qohumları da 4-5 maşına doluşub kəndə gəlirlər. Hər şey yaxşı ötüşür, amma qonaqların yatmaq vaxtı gələndə (bəyin atası gecə vaxtı onları uzaq yola çıxmağa qoymayıbmış) və qonşular paylarına düşən qonaqları evlərinə aparmaq istəyəndə yaramaz Ohanyanın gədələri artilleriya döyüşü başladırlar, bizimkilər də cavab verir. Tərs kimi, top gurultusu kəndimizdə yaxşı eşidilirdi. Xüsusilə də gecə vaxtı. Elə bilirdin, səngərdəsən. Biz vərdiş eləmişdik, amma qonaqlar ilk dəfə idi belə şey görürdülər. Ona görə də heç biri yatmağa getmir, stulları düzüb həyətdə otururlar. Gecə saat 3 olur, atışma kəsmir ki, kəsmir. Axırda qonaqların ağsaqqalı deyir ki, yox e, quda, biz getsək yaxşıdır, nə olar, nə olmaz. (Deyilənə görə, təzəbəy qorxub ki, birdən qızı da özləri ilə apararlar, tez özünü verib içəri).

Əlbəttə, onlar daha 2-3 gün kənddə qalsaydılar, gurultuya vərdiş edəcəkdilər, qorxmayacaqdılar.

Ona görə də zəlzələdən qorxanlara lağ edilməsi düzgün deyil. Birincisi, biz yapon deyilik. İkincisi, bu, can hövlüdür. Ən iradəli, ölümdən-filandan qorxmayan adamlar belə zəlzələdən qorxurlar. Nədən? O səbəbdən ki, panelin altında qalmaq ləzzət eləmir, üstəlik, telefonda xilasedicilərə “filan yerdəyəm” mesajı yazmağa da imkan olmaya bilər.

Belə söhbətlərin axırı adətən “Allah uzaq eləsin”lə bitir, amma bu da yersizdir. Hara uzaq eləsin? Biz o xroniki şəkildə titrəyən müstəvinin üstündəyik.

P.S. Bu yazını yazıb qurtarana qədər 60 “Bakı zəlzələsi”, yəni yeraltı təkan yaşadım, qədrimi bilin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости