Свобода людям, независимость нациям!

Təvazökar təklif

1939 01.03.2023 09:25 Колумнисты A A

Rayonlardan, ət dükanlarından, milli qəssablarımızdan həyəcan dolu xəbərlər almaqdayıq. Deyir dana və qoyun ətinin qiyməti qalxmışdır. Sitat: “Artıq kənd yerində mal ətinin kilosunu 13 manata deyil, 14 manata alırıq. Qoyun əti isə 14 manatdan 15 manata qalxmışdır”.

Zəhmətkeşlərimiz bunu bir çox amillərlə izah edirlər. Məsələn, Ukraynadan ət gətirilirmiş, ta o kanalı ət-ot üzünə həsrət qalası Putin bağlayıbdır. İkincisi, örüş sahələri azalmışdır, cünki hər yerdə danalar otlayan ərazilərdə göydələnlər və hava limanları  ucalıbdır. Üçüncüsü, camaat kənddən qaçıb şəhərə doluşmaqdadır, çünki şəhərdə qəşəng qızlar daha çoxdur, həmçinin paytaxtda YAP-a üzv olmaq asandır. Dördüncüsü, toyuq əti bahadırsa, niyə dana və qoyun əti ucuz olmalıdır? Kəndli bir kilo əti yetişdirmək üçün danaya ildə nə qədər ot verir... Otun bağlaması bəzi rayonlarda 6-7 manata qalxmışdır.

İrandan da bizə ot gəlir, ancaq onu danaya vermək çətindir. Adamı tuta bilərlər. Bəlkə də əlaqədar orqanlar İrandan gələn otu ucuzlaşdırsa, dana ətinin qiyməti düşəcəkdir. Beşincisi, deputat Vahid müəllim demişkən, bizdə həyat özü bahalıdır. Baha həyat yaşayırsansa, baha ət yeməlisən. Qanunda yazılmışdır, deyir hər kəs antrikot gəmirməsə, günah onun özündədir.

Altıncı arqument də var idi, ancaq yazmıram, ət qədər arqumentlər də bahalaşmalıdır. İndən belə hər yazıda maksimum beş arqument, üç fakt, iki ekspert rəyi, dörd-beş şayiə, bir-iki iftira, yarım böhtan olmasına yol verəcəyik. Heç kimə borcumuz yoxdur. Müftə arqumentlərə öyrəşmisiniz. Hamı, xüsusilə qəssablar elə zənn edir biz burda yazını klaviaturanı sorub yazırıq. Xeyr. Köşə yazarları da ət yeməlidir. Alimlərin rəyinə görə, ət yeməyən müəlliflərin yazısı sümüksüz olur, tökülüb gedir, ələ gəlmir.

Bəs problemi necə aradan qaldırmaq olar? Düşünürəm ki, biz yalnız tənqid etmək, yalnız ağ-qara rəngləri tündləşdirmək yerinə şanlı hökumətimizə müvafiq təkliflərimizi verməliyik. Sözü uzatmadan dərhal təklifimi yazıram: ət qıtlığının həlli yolu adam ətinə keçməkdir.

Bəli, yanlış oxumadınız. Təklif edirəm bir-birimizin ətini yeyək. Çoxdandır bu istiqamətdə siyasi, ictimai, sosial, mədəni, dini, pedaqoji, ekoloji, psixoloji, hətta deyərdim geopolitik hazırlıqlar aparılmışdır. Biz adam yeməyə tam hazır vəziyyətdəyik. Qalır bircə kulinariya hissəsinə keçmək. Gül kimi ət ortada batır gedir.

Məsələn, bu yaxında Bakıda bir gəlini atası, qayınatası və əri döyə-döyə maşına basıb rayona aparmaq istədilər. Gəlin yolda düşüb qaçıb, indi hökumət sığınacağa yerləşdirib. Bəs milli mentalitet? Gərək hökumət bu işə qarışmazdı. Ya atası, ya qayınatası o gəlini basıb yesəydi, milli dəyərlərimiz qorunardı.

Yaxud görürsən başqa bir məkanda ana və oğul birləşib atanı öldürmüşdür. Sonra doğrayıb zibilliyə atırlar. Nəticədə rejissorların başı xarab olur, bu mövzuda serial çəkirlər. Nəyə lazımdır? Niyə o cür ət batıb getsin? Atanı, ananı, gəlini, əri, baldızı (təsərrüfatdan asılıdır) öldürmüsənsə, bunu yemək olmazmı? Dini kitabda yazılan kimi, insan kainatın əşrəfidir, bəzəyidirsə, niyə bunun əti heyif olsun?

Hələ bəzilərini tutub zindana salırlar, orada aclıq aksiyası keçirdir, arıqlayır. Gərək hökumət proqram hazırlasın, siyasətçiləri yaxşı bəsləyib axırda kəssinlər, seçicilər yesin. Bəlkə bu yolla müxalifətin də xalqa xeyri dəyərdi.

Özü də sizə bir sirr açım, əslində bu təklif mənə məxsus deyil. Hələ 200 il qabaq, konkret yazsam, 1729-cu ildə ingilis yazıçısı Conatan Svift “Təvazökar təklif” pamfletində yazıb: “Vətənini səmimiyyətlə  sevən və tamamilə hörmətli bir şəxs mənə dedi ki, centlmenlərimiz son zamanlar az qala bütün maralları ovlayıb qurtarıblar və maral əti qıtlığını çox gözəl şəkildə 14 yaşdan kiçik, 12 yaşdan isə böyük yeniyetmələrin, oğlan və qızların əti ilə əvəzləmək olar. Onsuz da hər iki cinsdən olan adamları bütün dünyada yaxın zamanlarda işsizlikdən, aclıqdan ölmək təhlükəsi gözləyir və valideynləri də əgər sağdırsa, bu uşaqlardan qurtulmağa sevinərlər”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости