Свобода людям, независимость нациям!

Tərsə gedən bir uşaq...

1935 11.04.2023 09:39 Колумнисты A A

 

Aktyorların böyüyü ölüb, bu münasibətlə cəmiyyət iki yerə bölünmüşdür. Bir qrup deyir rəhmətliyin teatrımızın inkişafında müstəsna xidmətləri olmuşdur, gəlin yalnız ağlaşaq, ölünün dalınca danışmayaq. İkinci qrup isə ona rəhmət düşmədiyini bəyan edir. Deyirlər teatr sənətimizi zibil gününə salmışdı, aktyorları işdən qovurdu, korrupsioner idi, canım sənə desin, fəxri adların və təqaüdlərin hamısını özünə götürürdü.

Mən bu dartışmada neytral qalmağa borcluyam, çünki işimizin xarakteri belə tələb edir. Jurnalistikadır, neyləyək... Lakin burada dövlətçilik mövqeyindən məsələyə yanaşmaq borcumuzdur. O mövqe isə belədir ki, əgər dövlət rəhbərliyi adama xalq artisti adı veribsə, indi üstünə əklil göndərirsə, sizin rəhmət oxuyub-oxumadığınız nəyi dəyişir? Heç zadı.

Əsas odur adama rəhbərlik rəhmət oxusun. Qalanı, necə deyərlər, təfərrüatdır. Hansısa dılğır aktyor sənə rəhmət oxumayacaqmış... Bah. Gözümüz aydın. O cupbulu rəhmətlərini özündə saxla, məhəllə yasında-filanda lazım olar.

Bizdə tarixən böylə olmuşdur. Əgər hökumət sənətçiyə rəhmət oxuyubsa, onun bu dünyası da, o dünyası da xoş keçibdir. Məsələn, xalq şairi var, hökumətin sayəsində indi cənnətin ən yemək-içməkli guşəsində, hər böyründə bir huri-mələk, səhərdən axşama əylənir. Qış gələndə də yerini cəhənnəmə yaxın dəyişir, çünki orada isti olur, kombidə qazın limitində gözün qalmır. Ancaq hökumətə müxalif çıxan yazıçı vardı, onu cəhənnəmdə zəqqutun ağacından asıblar, əcinnələr Nazirlər Kabinetinin sərəncamına əsasən gündə üç dəfə üzünə tüpürür. Bəs nə, hökumətlə hökumətlik eləməyəcəksən ki?!

Sözgəlişi, bizdə hökumətə asi çıxmağın uzaq gedən nəticələri olur, bəzən hökumətə tərəf keçəndə də xeyrini görmürsən. Çox qarışıq işlərdir. Məsələn, bizim görkəmli müğənnimiz Akif İslamzadə bir zamanlar yolunu azıb AXCP-yə qoşulmuşdu. (Sabir necə yazmışdı? “Bu isə pəs o Iəinin də işi qullabıdır, Dinü-imanı danıb, yoldan azıbdır, babıdır!”)  Müxalifətin mitinqlərinə qatılırdı. Hətta bir dəfə mitinqdə polis Akif bəyi yerdə sürüyərək döyəndə sənətkar birtəhər başını qaldırıb ona etirazını bildirmişdi: “Məni niyə döyürsən, tanımırsan?” Polis demişdi tanıyıram. Akif bəy deyib o zaman niyə döyürsən, polis şedevr cavab vermişdi: “Nə olsun, indi oxumursan ki!” Sonra Akif müəllim cəbhəçilərdən uzaqlaşdı. Lakin indi deyir Mədəniyyət Nazirliyində məni tanımırlar. Sitat: “Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz?” Görünür, hökumətlə əlaqələri vaxtında və möhkəm qurmaq lazımdır. Əks halda, sənətkarın nə ölüsünə, nə dirisinə rəhmət düşmür.

Bu arada psixiatrların cəmiyyətimizdə rolu artır, bəlkə də narahat olmağın vaxtıdır. Bakıda bir gənci maşını tərsinə sürdüyü üçün tutub psixi xəstəxanaya salmışlar. Yəqin hamınız o qeyri-adi mənzərəni müşahidə eləmisiniz: yol polisi paytaxt küçəsində tərsinə avtomobil sürən gənci qovur. Deyirlər bu gənc kimya ixtisasına yüksək balla qəbul olunmuş bir tələbədir. (“Biz də oxusaq başımız xarab olar” - hazırda qəbul imtahanından az bal toplayan gənclər üçün yaxşı stimuldur).

Ancaq maşını tərsinə sürən gənci tutub dəlixanaya salmaq bizə - Formula yarışlarını artıq 70-ci dəfə keçirən paytaxtımıza yaraşmır. Adam açıq-aşkar istedaddır, bunu niyə maşın yarışına buraxmırsınız? Güman edirəm acığından tərsinə maşın sürmüşdür.

Ölkədə nə düz gedənə hörmət qoyurlar, nə tərs gedənə.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости