Свобода людям, независимость нациям!

Terror məsafəsi

1540 23.03.2024 20:10 Колумнисты A A

“Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi?

İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi?”

(Məhəmməd Hadi, “Ey zavallı bəşər” şeirindən, 1919-cu il)

Hər hansı terror hadisəsini şiddətlə qınayırıq. Yerindən-yurdundan asılı olmayaraq. Ancaq “məntiq” bizə belə başa salır ki, əgər sən ballistik raketi atıb 500 kilometr aralıdakı körpələri öldürsən, bu terror sayılmır, yaxından, bir-iki metrdən adamı tüfənglə vurub öldürsən terror sayılır.

Məsafə “önəmliymiş”. Türkcə sevməyən dostların diliylə yazsaq, vacib. Müharibədə iştirak eləmiş adamlar bu “məntiqi” yaxşı bilirlər. Üzbəüz gəldiyin adamı vurmaq çətindir, sonra yuxularına girər, kabusun olar, necə deyərlər. Lakin səngərdən əlini qaldır, avtomat tüfəngdən gülləni qarşı tərəfə səpələ. Kimə dəyər-dəyər. Öldürdüyün adam görünmürsə, vicdan əzabını niyə çəkəsən?

Araik müəllim Bərdə bazarına raket atanda müharibə qanunlarını pozmurmuş, ancaq indi ondan Bakı türməsində intervü almaq demokrasiyə ziddir, eləmi? Əsirdi axı. Konvensiyalar var. Müharibə qanun-qayda ilə aparılmalıdır. Müharibə qanunları – həyatda eşitdiyim, oxuduğum, öyrəndiyim ən qara yumorlu ifadələrdən biridir.  

Alman xalqı da, deyilənə görə, 2-ci dünya savaşı zamanı qəti vicdan əzabı çəkmirmiş. Doğrudan da, Berlində son binaya, Reyxstaqın dəhlizlərinəcən müqavimət göstərən, hətta Hitler gəbərəndən sonra döyüşən bir xalqın savaşdan guya peşman olmasına necə inanmaq mümkün idi? Mümkün deyildi. Ona görə ABŞ və başqa müttəfiqləri salamat qalmış, “dinc” alman qadınlarını və kişilərini 1945-ci ildə Osvensim, Buhenvald, Daxau kimi ölüm düşərgələrinə aparır, bir növ “vicdan əzabı ekskursiyası” yapırmışlar. Atalarınız, oğullarınız, ərləriniz hansı rəzaləti törədib, görün – məntiqiylə. Yenə deyilənə görə, alman xalqı bu acı mənzərələrə inanmayıb, saxta, qurama səhnələr olması qərarına gəlibmiş. Hər halda, Almaniya Federativ Respublikasının kansleri (hökumət başçısı) Villi Brandt 1970-ci ildə Polşa səfəri zamanı Varşava gettosunda soyqırıma uğradılan yəhudilərin xatirə abidəsi önündə diz çökəndə savaşın bitməsindən 25 il keçmişdi. 25 il antropoloji, sosioloji baxımdan bir insan nəslinin dəyişməsi müddətidir. Alman xalqına günahlarını anlamaq, katarsis, təmizlənmə üçün 25 il lazım gəlmişdi. Rus xalqı Ukraynada törətdiyi əməlləri neçə ilə anlaya biləcək?

Hərçənd, indiki sürət dövründə səhvini tez başa düşənlər də olur. Örnək üçün, amerikalılar yüksək sürətlə şələ-külələrini yığışdırıb Əfqanıstandan əkildilər. O cümlədən, İraqa “barmaq eləməyin” yanlış olması heç 5 il çəkmədən məlum idi.   

Dünya əcaib-qəraib adamlar, sistemlərlə doludur. Mən indi belə olub yazmıram. Elə həmişə bu cür olub. Canlıları incitməyi yasaqlayan populyar Şərq inanclarından birinin banisi haqda tragikomik fakt oxumuşdum: yazmışdılar ki, peyğəmbər statuslu bu adam ət yeməzdi, lakin kəsilməsini görmədiyi heyvanların ətindən yeyərdi!

Nə qədər “humanistik” yanaşmadır. Biyət eləmək istəyirsən. Qardaş Türkiyədə bir dəfə heyvansevərlər cəmiyyətinin yeni ofisinin açılış törənində qurban kimi qoyun kəsmişdilər.

Təbii ki, qoyun adi heyvan deyil. Onu göydən göndəriblər.

Şimalda qanlı terrordan çox az öncə yerli hökumət və deputatxana LGBT-ni terror təşkilatı sayan qanun qayırmışdı. Sanki o boyda imperiyanın başqa dərdi-səri yoxdur. Hələ bu LGBT-nin nəsə xüsusi təşkilatının, bir növ rəhbərliyinin olmadığı cəhənnəmə, siz indiyəcən hansısa cinsi azlığın törətdiyi terrorla rastlaşmısınız? Nə qədər fikirləşdim, yadıma sala bilmədim. Əksinə, terroru adətən çoxluqlar törədir. Hər mənada. Bədbəxt cinsi azlıqların günü orada onsuz xoş keçmirdi, indi üstlərinə bir terror yarlıqı da yapışdırılıb. Eyni zamanda şimalda əhali azalır, mənasız müharibədə nə qədər kişi qırılıb, bunların yerini doldurmaq üçün hər cür tiplərə, banditlərə, şəxsiyyəti naməlum adamlara, radikal dini terrorçu ünsürlərə vətəndaşlıq verirlər, bu prosedurları asanlaşdırırlar.

Nəticəsini bilirsiniz

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости