Свобода людям, независимость нациям!

Tərbiyəçi və Cırtdanın nağılı

1332 17.07.2024 08:13 Колумнисты A A

Uşaq bağçasından növbəti horror-triller-vampir filmi janrında video yayılmışdı. Kimsə bağçanın açıq pəncərəsinə telefonu tutub içəridən gələn səsləri gizlicə lentə almışdı. Hansısa balaca yatmaq istəmirdi, tərbiyəçi də onu təhqir edir, bəlkə döyürdü - bu hissələri görmək vətəndaşlarımıza nəsib olmadı. 

Tərbiyəçi adlanan o məxluqatın çıxardığı akustika həqiqətən iyrənc idi və pis çıxmasın, həmin səslərə qulaq asmaq nəinki uşaqlara, böyüklərə də ziyanlıdır. Ancaq hansımız məsumuq ki... Günahsız olan birinci daşı atsın. Bir çox hallarda həyat insanı o cür səslər çıxarmağa vadar edir. Hindistan cəngəlliyinə düşən adama “Bayatı-Şiraz” oxumaq yaramaz (burada Şiraz və şir sözləri üzərində söz oyunu ola bilərdi, oxuculara rəhm etdim, qiymətimi bilin). 

Bəlkə tərbiyəçini vaxtilə məhz bu kimi üsullarla tərbiyə ediblər. Həmin söyülən, amansız təhqirlərə məruz qoyulan uşaq da Azərbaycanda hamı yatarkən oyaq qalmağın necə axmaq hərəkət olduğunu başa düşəcək, ömrü boyu yıxılıb yatacaqdır, xorultusu asimana bülənd olacaqdır. İnşallah. 

Hazırda Məhərrəm ayıdır, aktual misal çəkirəm: İmam üçün ağlayanda bir az Yezidə də ağlamaq lazımdır. Tərbiyəçini qınamaq, işdən çıxarmaqla, həmin bağçaya müxbir desantı atmaqla və müdirin dalına düşüb mikrofonu ağzına soxmaqla iş düzəlmir. Heç düzəlmir. Səbəblər daha ciddidir və bizdə uşaq bağçalarının, zəhləmgetmiş rəsmi ifadə ilə yazsam “məktəbəqədər təhsil müəssisələrinin” ümumi vəziyyətinin bərbadlığı ilə bağlıdır. 

Hərçənd ilk baxışdan elə görünür ki, guya bizdə uşaqlar, uşaq bağçaları dövlət himayəsi altındadır. O cümlədən 2026-cı ilədək bağça tərbiyəçilərinin sertifikasiyası olacaqmış. Vaxtaşırı yoxlamalar aparılır, filan qədər direktora töhmət, behman qədərinə şiddətli töhmət verilir, bəziləri sonuncu xəbərdarlıq alır, işdən qovulur və sairə. 

Lakin bunlar problemin görünən tərəfidir. Cırtdanın nağılından, orada yatmayan uşağın qəhrəmana çevrilməsindən yanaşsaq, işıq gələn tərəfdir (guya). Məktəbəqədər təhsilimizin “it hürən tərəfi” daha acınacaqlıdır. 

O tərəfə baxanda ilk növbədə 320-700 manat arası maaş alan ac-yalavac, valideynlərin əlinə baxmağa məcbur tərbiyəçilər görəcəyik. Bu şəxslər həmin maaşla öz uşaqlarını necə böyütməlidir? Niyə bunu düşünən yoxdur? Gilasın 8 manat olduğu ərazidə 400 manat maaş alan adamdan hansı səslər çıxmalıdır ki? 

Dünya normativlərinə görə, hər qrupda 5-10, uzağı 15 uşaq olmalı halda dövlət bağçalarımızın qruplarına təpilib doldurulmuş 30-40 uşağa tərbiyəçi necə baxmalıdır? 

1991-ci ildə, SSRİ dağılanda Azərbaycanda 2185 uşaq bağçası var idi. 2023-cü ildə onların sayı 1844-ə düşüb. Əhalinin ümumi sayı 3 milyondan çox artdığı şəraitdə. Uşaq bağçasına gedən uşaqların sayı da 181 mindən 118 minə düşüb. 

1-5 yaşlı uşaqların ümumi sayından bağçalara cəlb edilənlərin nisbəti 1991-ci ildə 22 faiz idi (Hər 100 uşağın cəmi 22-si bağçaya gedirdi). 2016-cı ildə bu faiz biabırçı şəkildə aşağı düşüb 15 olmuşdu. Son illər bir az artıb, 2023-də 35 faizə çatıb. Ancaq yenə bərbad rəqəmdir, çünki sivil dünyada uşaqların bağça təminatı 80-90 faizə çatır. 

Uşaqlarımıza bağça çatışmır! Bu acı reallıqdır. Şəhər yerləri üzrə 974 dövlət, 146 özəl bağça var. Kənd yerlərindəki 724 bağçanın, sizcə, neçəsi özəldir? Təxmin edin. Əlbəttə, tapa bilməzsiniz, çünki mən də Statkomun hesabatında bu rəqəmi görəndə heyrətə gəlmişdim: 2! Kənd yerlərimizdə cəmi 2 özəl bağça var. Bütün ölkə üzrə. 

Niyə özəl sektor bu cür gəlirli, vacib sahəyə maraq göstərmir? Bəlkə dövlət də maraq göstərmir deyə? Bəlkə heç bizdə özəl sektor yoxdur? Ritorik suallardır. Yazıdakı başqa suallar kimi. 

Hələliksə tərbiyəçinin boğazına dəyirman daşı asıb çayda boğduq. Gurultulu alqışlar. Qalır Cırtdana qayğanaq və su vermək. Acqarına yatmayacaq. İlan vuran yatar, ac yatmaz. 

Axtarsan həmin bağçanın həyətindən ilan da çıxar, ancaq bu başqa nağılın mövzusudur. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости