Свобода людям, независимость нациям!

Təhsil nazirini Müdafiə naziri aparmasalar...

6986 12.06.2021 12:12 Колумнисты A A

(Bir qapalı görüş barədə yazılmayan yazı)

Emin Əmrullayevi tanıyırsınız.

Nazirdir.

Hamımızın şikayətçi olduğumuz təhsilimizin naziri.

Bir çoxumuz unutmuşuq konkret nələrdən, təhsil sistemimizin hansı sahələrindən narazıyıq.

Lakin bizə elə gəlir ki, vəziyyət çox pisdir. "Təhsilimiz bərbaddır, batıb, düzəlməyəcək..." düşüncəsi stereotip olaraq hissiyyatımıza oturub.

Hansı ki, illərdir, təhsilin düzəlməsi üçün mücadilə verən fədakar bir qrup var.

Onlar narazılıq yaradan bir sıra neqativləri aradan qaldıra biliblər.

2013-cü ildən heç durmayan bir çalışma var.

Bunu hər kəs bilmir, problem elə bundadır.

Obyektiv olsaq, hər kəs həm də hiss etmir - valideyn olaraq, cəmiyyət üzvü olaraq...

Problem dərindir, çoxdur, ağırdır...

Amma biz, media çalışanları proses getdiyini bilirik.

2013-cü ildən - Mikayıl Cabbarovun təyinatından başladı hər şey.

Həmin vaxtdan etibarən təhsil sistemi uzun vədəli islah prosesinə cəlb olunub.

O zaman indi haqqında yazacağımız, ilk cümlədə adını çəkdiyimiz Emin Əmrullayev 30 yaşında idi.

Kolumbiya universitetində magistr təhsilini tamamlayıb islahat meydançası kimi açılan, Misir Mərdanovun korrupsioner caynaqlarından alınan Təhsil nazirliyinə sadə bir məmur işinə, baş məsləhətçi postuna gətirilmişdi.

Ona şərti olaraq "İslahat müəllim" desək, Təhsil Nazirliyində gedən islahatların sürətini və keyfiyyətini ölçə bilərik.

7 ilə nazir oldu "İslahat müəllim".

***

Bu gün onu 3 saata yaxın dinlədim.

Müəllimlər uzun danışar.

Alışdıqları model budur, missiyaları belə tələb edir.

Hər saatın 45 dəqiqəsi onlarındır - öyrətməli, məlumatlandırmalı, maarifləndirməlidirlər...

Bizdə üç 45 dəqiqə oldu...

Çünki "İslahat müəllim"lə, müəllimlərin naziri ilə oturmuşduq...

Mən uzun danışan adamları çox dinləmirəm.

Bütün (klassik) redaktorlar belədir.

Bizə nəyisə izah etmək, üstəlik, bunu zamana yaymaq işgəncədir.

Biz yazılı mətnləri sevirik.

Bu da bizim alışdığımız model, dünyadakı missiyamızdan irəli gəlir.

Düşüncəmizin sürəti də şifahi nitqə deyil, yazı sürətinə uyğundur.

Yazaraq tapır, düşünür, kəşf edir, yaradırıq.

Müəllifləri qəbul edəndə onların "yazdığımı oxuyum, qulaq asın" təklifini sevmərik.

Amma və lakin...

Əmrullayev yaxşı danışırdı.

Uzun mətnlərdə tirajlı başlıqlar qoyulacaq çoxsaylı və əhəmiyyətli məlumatlar vardı.

Sistemi və problemi anladırdı.

Bacardı.

Məni və redaktor dostlarımı saatlarla özünü dinləməyə vadar edə biləcək çox az adam ola bilərdi.

Üstəlik, nəzərə alın ki, biz də ağzımızı açırdıq...

Açaraq heyran pozada dinləmirdik - danışır, sual verir, sıxışdırır, zarafata salırdıq. Hikmət Babaoğlu kimi mübahisə açanlarımız da vardı...

f01a3952-9bc4-4338-b9d8-0f7a9d78dbd8.jpg (137 KB)

MHP-nin Şuşada məktəb tikməmə qərarında adının hallanmasından tutmuş, bütün məqam və problemlərə dair sorğular, suallar...

Elə gözəl bir söhbət ki...

Məhz bu format və açıqlıqla kaş ki ölkə televiziyalarının birində bu cür verilişlər başlaya.

Nazirləri çıxaraq meydana və ...

Hətta orada da dedim, kaş bu görüşü efirə vermək imkanı olardı...

O zaman ölkə əhalisi də bizim kimi suallara cavab alardı, proses barədə məlumatlanardı, içində fikir formalaşardı. 2013-cü ildə baş məsləhətçi kimi işə başlayan "İslahat müəllim"in niyə 7 ilə təhsilin naziri olmasını anlamağa çalışardı.

Dövlətdə aparılan işlərin hamısı belədir.

Təqdimat və görülən nəhəng işlərin müdafiəsi zəifdir.

Şuşanı alan bir Komandana onun siyasi rəqibləri haqzsız və allahsız qaydada dil uzadır, erməniləri (uduzduqları müharibədə) qalib elan edirsə və cəmiyyət onları daş-qalaq etmirsə, demək ki, hakimiyyətin informasiya siyasəti və təqdimat texnologiyası axsayır...

***

...2013-cü ildən bu yana 3 islahatçı təhsil nazirinin üçünü də dinləmişəm – sonuncu bu gün (11 iyun) olmaqla.

Emin Əmrullayevə verdiyim tərs suallardan biri də elə bu mövzuda oldu.

"Mikayıl Cabbarovu, Ceyhun Bayramovu da üz-üzə dinlədim, sizin də söhbətlərinizi bayaqdan izləyirəm. Razıyam, proses gedir, islahat davam edir. Sələfləriniz olan təhsil nazirləri özlərini o cür yaxşı göstərdirlər ki, buradan daha yuxarı postlara, daha kritik olan sahələri düzəltməyə göndərildilər. Mikayıl Cabbarov ‘’super nazirliyin’’ və ölkə iqtisadiyyatının başına gətirildi, bu sahədə struktur və mahiyyət üzrə islahatlara başladı; Ceyhun Bayramov Məmmədyarovdan bərbad gündə təhvil aldığı XİN sistemini reanimasiya, daha sonra da rekonstruksiya prosesi üçün aparıldı... İkisi də çox uğurlu fəaliyyət göstərir, ictimai rəydə müsbət imiclə xarakterizə olunurlar. Cənab Bayramov isə 44 günlük müharibənin qəhrəmanlarından biri kimi yaddaşlara yazılıb... İndi də siz təhsilin başındasınız. Dinlədik, maraqlı və gözəl danışırsınız. Dilimizi mükəmməl bilirsiz. O biri nazirlərimiz də çox yaxşı, mahiyyət üzrə danışır, qarşılarındakıları inandırırdılar. Lakin gözlə görünən, əhatəli və hər kəsin hiss edə biləcəyi şəkildə islahatdan danışmaq mümkün deyil... Riyazi modelləşdirmə üzrə mütəxəssissiniz, bu modellə, gələcəyi hesablaya bilirsiniz; sizcə, bu sistem və sürətlə, neçənci islahatçı nazirdən sonra təhsil sistemində islahatlar bitəcək və biz onların nəticələri haqqında danışacağıq? Bütün yeni nazirlər 150 minlik müəllim ordusunun təfəkkür, vərdiş və davranışlarından şikayətçidir. Siz də dediniz, Təhsil Nazirliyi kontenti dəyişsə də, bu ordunun davranış və öyrətmə vərdişlərini dərhal dəyişdirə bilmir... "

***

Cavabları buraya yazsam, bizdə də uzun alınar.

Həm də bizə edilən bir xahişi pozmuş olarıq...

Amma bir sistem izahı, bir diaqnoz idi cavablar. Mənim üçün maraqlılıq hər şeyin ötəsindədir. Həm də elə idi.

Uzun söhbətin qısası...

Təhlillər, araşdırmalar, modelləşdirmələr doğrudur.

Cabbarovun təhsil komandası da estafeti bir-birinə ötürə-ötürə düz yolda gedir.

Millidirlər, ölkələrini və təhsili sevirlər.

Bir az da idealist tərəfləri var.

Bir az da məhkumdurlar.

Yeni nazir də - islahat prosesinin nazir etdiyi baş məsləhətçi də yerindədir.

Müdafiə naziri aparmasalar, böyük işlər görəcək...

***

Amma ən əsası...

Dövlət büdcəsindən təhsil sahəsinə daha çox vəsait ayırmaq lazımdır.

İslahatların sürətinin zəif olmasının tək səbəbi budur.

İki dəfə deyil.

4-5 dəfə indikindən daha çox vəsait lazımdır, islahat prosesinin sürətlə nəticələr verməsi üçün.

...Orada Eynulla Fətullayev dedi ki, Qarabağı da almışıq, silahlara az pul verək, pulları yönəldək təhsilə...

Emin Musəvi dedi ki, təhsil də elə silahdır...

Mirşahin təhsil naziri kimi danışdı, təhlil etdi, proqnoz verdi, təklif irəli sürdü...

Hamısı doğrudur.

Hamısı düzdür!

Bircə şey çatmır...

İndi ayrılan vəsaitlə təhsili tam və qısa zamanda ayağa qaldırmaq mümkün olmayacaq...

"İslahat müəllim" hətta Baş nazir də ola bilər...

Amma və lakin pulsuz-parasız, təhsili islah edib, tamamlamağa onun da, bizim də həyatımız yetməyəcək.

***

Qeyri-rəsmi görüş idi.

Hər kəsdən xahiş olundu ki, çəkməsinlər, yazmasınlar.

Çəkmədik, amma fotolarımız oldu.

Nazir deyənləri yazmadıq, amma qeydlərimiz oldu.

Bu da bizim işimiz, bu da bizim məhkumluğumuz.

Həm də fərqimiz...

Müəllifdən: Sonda çay süfrəsi arxasında aparılan qeyri-rəsmi müzakirədən bəzi fotoları təqdim edirəm.

e787cd5f-6db8-4168-95de-861713fa652e.jpg (143 KB)

a35627be-3a77-443f-9956-36014a4fe5b7.jpg (180 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости