Свобода людям, независимость нациям!

TƏBRİZLİNİN GƏLİŞİ VƏ YAZISI HAQQINDA

9858 25.02.2009 02:08 Колумнисты A A

***

Çox düşündüm; əcəba, ilin-günün bu vaxtında Sirus Təbrizli nədən yazar görəsən? Onun media qarşısında son çıxışı iqtidar düşərgəsini, partiyasını əməllicə silkələmişdi; elə özünü də. Necə üsyan püskürdüsə, ölkə bir-birinə dəydi, proseslər zəncirləndi; onu da, dəstəkçilərini də qurucu üzv olmaqlarına rəğmən YAP-dan çıxardılar, deputat Hüseyn Abdullayevin başına torba keçirib tutdular... Təbrizli geri çəkildi, üsyan da yatdı...
Davammı edəcək, görəsən? Artıq onun yazısının manşet variantlarını da düşünməkdəydim. “YAP-ın qurucusu iqtidara üsyan püskürdü”, “Sirus Təbrizli çox özəl sirləri açdı”, “Heydər Əliyevin silahdaşı rejimə qarşı yazdı”... Daha nələr...
Amma indi oxuyacağınız, ya da artıq oxuduğunuz varianta inanamazdım. Neçə il sonra qələmə qayıt və bunu yaz...

***

Mən bu adamı çox dəyərləndirirəm. O, sıradan birisi deyil; mənfi adam da sayılmaz. Sirus Təbrizli savaşların adamıdır, mübarizədən, qarşıdurmadan, risklərdən çəkinməz. O, yaddaşlarda həm də cəsur və obyektiv bir mətbuat naziri kimi qalıb.
Heydər Əliyevin ən yaxın arxadaşı, indiki hakim partiyanın Dədə Qorqudu (bu təşkilata “Yeni Azərbaycan” adını Sirus bəy verib - R.A.), sabiq informasiya və mətbuat naziri, üsyançı YAP-çı, akademik Cəlal Əliyevin üstünə bağırmaq qədər böyük cəsarət sahibi... Başqa nələr...

Ekskurs-1

1998-ci il noyabrın sonları, Müsavatın qərargahı. Ölkə tarixində ilk dəfə olaraq 20-dən artıq qəzet redaktoru aclıq aksiyası keçirir. Dünyanı silkələyən və ATƏT, ABŞ Dövlət Departamenti səviyyəsində dəstək alan bir olay. İnsanlar ziyarətimizə axın-axın gəlir. Hakimiyyət TV-ləri isə hər gün əleyhimizə açıq oturumlar təşkil edir, bizi lənətləyir və söyür...
O, gələndə çoxumuz hələ yuxudan oyanmamışdıq. Ölkənin informasiya və mətbuat naziri səhər işə gedərkən aclıq aksiyası keçirən redaktorlara baş çəkmək qərarına gəlir və aksiya otağına daxil olur! Yuxudan oyanan ac redaktorlar ona heyrətlə baxırdılar...
Nə o zaman, nə də indi heç bir nazir, vəzifəli şəxs belə bir addıma cəsarət edə bilməz! O, bunu nəinki etdi, bizə söylədi ki, haqlısınız...

Ekskurs-2

Bakı, 2000-ci ilin əvvəlləri. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müxbirimiz Elbəyi Həsənlini küçədən oğurlatdırıb, öz xanlığına apartdırıb. Çaşqın durumdayıq. “Press-klub”a yığışdıq ki, “vedrələri” döyəcləyək. Və birdən o gəldi - Sirus Təbrizli. Nazir. Eşidib maşınını sürdürmüşdü “Press-klub”a. Elbəyi ilə telefon əlaqəsi qurdu. Nazirlə qatı müxalifət qəzetinin müxbirinin son dərəcə ilginc telefon dialoqunu ANS-in kamerası qeydə alırmış. Dəfələrlə efirə getdi. Təbrizli də prezidentə müraciət etdi. Gecəykən qaytardılar Elbəyini...

***

Başqa fraqmentlər də var

Nazir olduğu dövrdə yazdığım bir köşəyə görə məni kabinetinə dəvət edərək saatlarla fikir mübadiləsi aparıb. Parlamentdə jurnalistləri söyən ümummilli Əmiyə olduqca sərt sözlər deyib...
YAP-a Simasız Quldurlar Partiyası kimi tərif söyləyib və bu ifadəni tarixə keçirib...
Ən son olaraq səhnəyə rejimi tənqidlə, üsyanla çıxdı... Və təbliğlə, tərif və dəstəklə qayıtdı...

***

İştə, bütün bunları ən istedadla, ən səmimi və ən inanılmış şəkildə ancaq Sirus Təbrizli edə bilər. O, bütün çətin dönəmlərdə Əliyevlərin yanında olub. Hamı geri çəkiləndə, qorxub tərəddüd edəndə Heydər Əliyevi üsyanda və meydanda tək qoymayıb. İndi də ortadadırsa, indi də səhnəyə çıxıb, Oğul Əliyevə dəstək verirsə, deməli, İlham bəy üçün durum çətindir. Ya da Təbrizli hesab edir ki, çətindir.
İqtidardakılar onu heç vaxt sevməyiblər; amma ondan vaz keçməyi, onu bitirməyi də istəməyiblər. O, Əliyevlərə sevgisində və dəstəyində səmimidir; onu qoruyan bu fakt və bir də Ziya Bünyadov kimi manevrsiz olmamasıdır. Təbrizli həm də manevr ustasıdır; hətta bəzən elə kəskin dönüşlər yapır ki, bunu maşınla etsəydi, arabası mütləq və mütləq aşardı...

***

Özünün dediyi kimi, yazısını nöqtə-vergülünə toxunmadan çap edirik. Baxmayaraq ki, burada sıravi müsavatçılara, hərəkatçılara həqarətlər var; liderlərə nə deyilsə belə əlimi qabağa verəsi deyiləm; amma fədakar hərəkatçılara bunları kiminsə söyləməsi də, onların qəzetimizdə dərc olunması da məni ağrıdır.

***

İçində nə yazmasından asılı olmayaraq Təbrizlinin bizə öz məqaləsini təqdim etməsi yaxşı haldır; o, inanır ki, verdiyimiz sözə, çağırışımıza, elan etdiyimiz kursa sadiqik. “Yeni Müsavat” hər kəsin qəzeti olmaya bilər, amma hər kəsin üzünə açıqdır. Demişdik və dəvət etmişdik ki, qəzetimiz bütün düşərgələrdən yazılar, mövzular gözləyir. Doğrusu, məni narahat edən bu idi ki, indiyə qədər də kimsə iqtidar düşərgəsinin maraq və mövqeyindən çıxış edən bir yazı təqdim etməmişdi. Hansı ki, siyasi və düşüncə müxalifətinin təmsilçiləri hər gün bizdə çap olunurlar.

***

Sirus bəy özü təkid etdi ki, onun bu yazısı ilə polemikaya girilsin. Konret adlar da çəkdi: “Qoy onlar da yazsınlar”- dedi. Onun bu mesajı hesab edin ki, hamıya aidddir; kimlər ki, bu mövzuda söz yazmaq iqtidarını özündə hiss edir, buyursunlar. Böyük məmnuniyyətlə həmin yazıları dərc edərik.

***

Sirus Təbrizlinin redaksiyaya gəlişindən və yazı təqdim etməsindən xəbər tutan dostumuz Pənah bəy operativ olaraq təklifini də verdi: “Sirus bəyə deyin, “Yeni Müsavat”ın redaksiyasında onunla debata hazıram...”
İnanırıq ki, Sirus bəy bu çağırışı boş buraxmayacaq.

Sirus Təbrizlinin adıçəkilən yazısını buradan oxuya bilərsiniz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости