Свобода людям, независимость нациям!

ŞUŞAYA DƏYİB, DURULAN AZƏRBAYCAN

1642 08.06.2022 23:12 Колумнисты A A

Şuşaya hər gedişimiz ilk gediş kimi, həyəcanlı və sevincli olur.

Bu dəfə də beləydi.

Yeni Müsavat Media Qrupunun Şuşa ilə bağlı yeni layihəsi üçün Bakıdan Qala şəhərə yol alanda, qrupumuzdakı hər kəsin ortaq hissi yenə də sevinc və həyəcan idi.
İçimizdə ilk dəfə gedənlər də vardı - sən demə, onlar gecəni heç yatmamışdılar...

Biz jurnalistlər əslində Şuşaya hər dəfə işləməyə, yazıb-yaratmağa, çəkib-göstərməyə gedirik.
İş duyğusu, işgüzar hiss, məsuliyyət nədir, bütün jurnalistlər bilirlər.

Məsuliyyət, işgüzarlıq həm də məcburiyyətdir - Şuşa səfərləri bunların üstündə bir anlayışdır...
Ezamiyyətin mahiyyətcə ziyarətə çevrildiyi ünvandı Şuşa.

‘’Zəfər yolu’’ ilə Şuşaya getmək, Şuşaya dəyib, durulmaq...

28 illik həsrətin əlini orada buraxıb, ‘’Cıdır düzü’’ndə tavaf edib, xoşbəxtcə Topxana meşəsinə baxmaq, Xankəndinə boylanmaq...

Şuşanı yaşamaq...

Qarşından gələn, rastına çıxan hər kəs sənə doğmadır. Şuşada kimsə bir birinə salam vermədən keçməz...
**
Şuşanın Daşaltıdan tam girişində, ‘’İrəvan qapısı’’ adlandırılan nöqtədə Xankəndi və Laçın dəhlizi ovuc içi kimi görünür. İlk çəkilişlərimizi orada həyata keçirdirik. Təkəm-seyrək maşınlar keçir - Xankəndi səmtinə gedənlərdən daha çox, oradan çıxıb, Ermənistana səmt götürmələri diqqətimizi çəkir.

Türkiyədən gələn MHP üzvü, qədim dostumuz Ali Yıldırım mənzərənin sehrinə düşüb. Açıqlama verir: “Durmak yok, ta İrevana kadar…”

**
Şuşada qaynar quruculuq işləri gedir.

Hər yerdə bərba, inşaat fəaliyyətləri var. Bu detal günümüzdəki Şuşanı xarakterizə edən ən önəmli ayrıntıdır.

Burada çalışan fəhlələrdən bir neçəsinə yaxınlaşırıq. Onlar məhz Şuşada işləməklərinə görə qürur duyurlar.

**

Şuşaya gedənlərin sayları hər gün artır. İndi böyük, rahat avtobuslarla, ‘’Yolumuz Qarabağadır’’ portalından qeydiyyatdan keçərək, Zəfər yolu ilə Şuşaya getmək hər bir vətəndaş üçün də mümkündür.

Biz orada həmin vətəndaşları gördük, danışdırdıq.

**

Şuşada köhnə avtovağzalın yerində ‘’Qoç ət’’ restoranlar şəbəkəsinin yerli filialı fəaliyyət göstərir. Şuşaya ezamiyyətə gələnlər də, avtobus turları ilə Şuşanı ziyarət edənlər də mütləq burada ayaq saxlayırlar. Yeməklər dadlı, xidmət gözəl, personal mehriban. İstəyən ayaqüstü, atışdırmalıq yeməklə qarnını doyurar, istəyən evindən götürdüyü yeməkləri burada açıb yeyər, kim də istəsə, oturub daha çox yemək çeşidi seçib, üstündən də cayını içib, Şuşa havasından və mənzərəsindən ləzzət alar.

**
Şuşaya dəyib, durulmaq, paklaşmaq, Yuxarı Gövhərağa məscidində namaz qılmaq...

Bir dini – mənəvi ziyarətə bərabər sayılır, Şuşaya getmək. İllərdir niyyət ünvanına çevrilib, Şuşa. ‘’Gələn il bu zaman Şuşada inşalllah’’, ‘’Allah qismət etsin, Şuşada, İsa bulağında görüşək, yeyib-içək’’, ‘’Şuşa məscidində ibadət nəsibimiz olsun’’, ‘’Allah bizə Şuşanı bir daha görməyi nəsib etsin’’...

İllərdir millət olaraq bu duaları etməkdəyik. Bu dua və xəyalların bir zaman gerçək olacağına isə hər zaman inandıq. Yaşlılarımız, böyüklərimiz də inandılar - özləri görməsələr də, övladlarının mütləq Şuşaya dönəcəklərinə, oranı ziyarət edə biləcəklərinə hər zaman inandılar.

Allah istədi, dövlətimiz və ordumuz bu inamı gerçəyə çevirdi. Biz də Şuşaya bu gerçəyin filmini çəkməyə getmişdik. Həm də neçənci dəfə.

**

Şuşanın hər yerində olduğu kimi, Yuxarı Gövhərağa məscidində də köklü bərpa işləri gedir. Bu səbəbdən məscidin içindən görüntüləri verə bilmədik. Lakin Şuşanı, bu tarixi məscidi ziyarət də ibadətdir deyib, yol aldıq İsa bulağına – daha bir ziyarət ünvanına.

*

İsa bulağı üçün Rusiya sülhməramlılarının və Laçın dəhlizinin üstündən keçib, gedirik. Bu da bizə olduqca maraqlı gəlir.

Bulaqsa...deyilənlərin, öyülmələrin daha üstündə olan bir məkandır. Suya təşnələr kimi, İsa bulağının suyundan doyunca içib, Şəhidlərimizə, qazilərimizə dua edir, Allahımıza şükürlər oxuyuruq.

**

"İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biridir.

İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub". (Vikipediya)

**

Bizi müşayiət edən Şuşa Dövlət Qoruğunun ictimaiyyətlə əlaqələr və mətbuat üzrə məsul əməkdaşı Zaur Həsənovun diqqəti qədər verdiyi məlumatlar da önəmli idi.

İsa Bulağından çıxışda, Laçın dəhlizinin Şuşanın altından keçən hissəsində sözün həqiqi mənasında tıxaca düşürük. Xankəndindən yüklü çıxan bir neçə ağır tonnajlı maşınlar diqqətimizi çəkir. Rus sülhməramlılar gəlişdə olduğu kimi, çıxışda da bizə ‘’salamalyekum’’ söyləyirlər. Gənc əsgərlər şikayətlənirlər ki, isti onları birtəhər edib. ‘’Dərimiz ağdır, günəş bizi tez yandırır’’, deyə, sülhməramlılardan biri qollarını göstərib, şikayətlənir. Bir az da minnətə bənzəyir- sanki onlara burada durmağı biz xahiş etmişik. Erməni keçikşiləri olan bu sülhməramlılar Xankəndindən çıxan maşınları demək olar ki, heç yoxlamadılar. Prosesi təxminən 5 dəqiqə müşahidə etdik və bəzi məqamları da çəkdik...

**

Şuşada iki hötel, bir pansionat var. "Qarabağ" və "Xarıbülbül" hotellərində qalmaq bahalıdır. Ona görə də "Xarıbülbül" hotelinə bağlı ucuz pansionatda qalmağa qərar verdik. Gecənin ortasına qədər "Xarıbülbülün" eyvanında oturduq, çay içdik, söhbət etdik və Şuşada qalacağımız bir gecə heç bitməsin istədik.

*

Dünyada Şuşanın sübhü qədər gözəl bir sübh yoxdur, yəqin! Gecəni yaxşı yatmışdıq - yaxınlıqdakı tikintidən gələn səslər bizə layla kimi təsir etmişdi. 24 saatlıq rejimdə işləyən inşaatçıların, bir də quşların səsi Şuşanın aydınlığını daha da gözəlləşdirirdi.

*

Şuşanın ən yüksək zirvəsindən baxanda, təkcə Xankəndi deyildi gördüklərinmiz. Bir ümiddi, böyük bir ümid. Millətimizin və Azərbaycanın aydınlıq gələcəyi, Ali Baş Komandanın müzəffər ordusunun yazdığı ən yaxın və möhtəşəm tarix, bir də işıqlı, Şuşa kimi milli gələcəkdi.

Biz artıq Şuşanın ən yüksək nöqtəsində özünə və Paşinyana ev tikdirmiş arutyunyanlara , çığal və namərd haylara, onların hər cür iddialarına gülə-gülə baxırdıq.
Azərbaycan artıq 20 aydır ki, Qarabağ boyda böyüyüb, Şuşa qədər ucalıb. Millətimiz də, onun qüruru ilə bərabər, hədəf və istəkləri də böyüyüb.

Durmaq yoxdu, bundan belə. Azad etdiklərimizi abad edəcəyik, düşməndə qalanları azad edəcəyik.

Ta ...İrəvana, Göyçəyə, Zəngəzura qədər. Bizim olan bizim olmalıdır! Allaha "bizdən hərəkət" çox xoş gedirmiş - o da bizə bərəkət olaraq Şuşanı, Hadrutu, Ağdamı, Füzulini, Laçını, Kəlbəcəri, Qubadlını, Zəngilanı, Cəbrayılı verdi.

**

Hərəkətimiz - hərəkatımız davam edir.

Şuşa haqqı, Zəfər yolu haqqı, Şəhidlərimizin ruhu haqqı...

Rauf Arifoğlu

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости