Свобода людям, независимость нациям!

Sünilik mövsümü

1563 17.02.2023 12:02 Колумнисты A A

Baş Prokurorluq İTV-nin sponsorluğu ilə çəkilən “Əqrəb mövsümü” teleserialının kollektivini qəbul elədi, onlara gördükləri yaxşı işə görə mükafatlar verdi.

Məni elə də serial azarkeşi saymaq olmaz, ancaq son illər kriminal süjetli bəzi seriallara baxmışam. Bunların içində dünyada tanınan “Breaking Bad” (Vikipediyada bizim dildə adını “Çətinliyə baş vurmaq” kimi tərcümə ediblər, nə dərəcədə düzdür, heç bir anlayışım yoxdur), “Kaleydoskop”, “Ozark”, “Dinləmə” (“The Wire”), “Dekster”, “Narkos”, “Farqo” kimi filmlər var. Ona görə siyahı verirəm ki, tənqid eləməyə hansısa haqqımın olmasına, kriminal seriallar mövzusunda müəyyən təsəvvürlərimin varlığına şübhə edilməsin. Yoxsa bizdə adətən tənqidə düşmənçilik kimi baxırlar, “qayğanağın dadını qiymətləndirmək üçün mütləq yumurtlamaq lazımdır” düşüncəsində olan zümrə var. Ən pisi isə bu zümrə təkcə qara kütlə arasında yox, elə özünü kino sənətkarı sayan bölmədə də sıxdır.

Bayaqkı qısa siyahıya gələndə, xüsusilə “Dinləmə” serialının yüksək peşəkarlıqla çəkildiyini qeyd edərək dönürəm “Əqrəb mövsümü”nə.

Ötən köşələrimdən birində bu serialdakı guya hər tikinti işinin tenderlə olmasına ötəri töxunmuşdum. Doğrudan da, Azərbaycan reallığında tender mövzusunu kinoya bu cür ciddi daşımaq anekdotdur. Lakin yenə hesab edək kinodur, rejissorun fantaziyasıdır. Tək bununla bitmir ki?

Mən orta məktəbi 1980-ci illərdə bitirmişəm, o vaxt ədəbiyyat dərsliyində saxta bir prokuror obrazı vardı, Süleyman Rəhimovun “Mehman” romanını keçirdilər. Kinosunu da yəqin görmüsünüz. İndiyədək yüzlərlə kitab oxumuşam, yəqin “Mehman” onların içində ən əttökəni, saxtasıdır. Guya prokuror rüşvət almırmış, guya ədalət, qanun uğrunda ailəsini, canını qurban verməyə hazırmış. Sovet vaxtı bütün sistemdə bir dənə belə damazlıq prokuror tapmaq mümkün deyildi. İndi “Əqrəb mövsümü” serialındakı prokurorluğun müstəntiqləri də başdan-ayağa saxtadır. Uydurmadır. Təsəvvür edirəm Rüstəm Usubov buna baxanda necə gülürmüş.

Azər Aydəmir, Hikmət Rəhimov və Abbas Qəhrəmanov özlüyündə çox yaxşı aktyorlardır, ancaq bu serialda süni, könülsüz görünürlər. Sanki elə axırda prokurorluqdan mükafat almaq üçün oynayırlar.

Yeri gəlmişkən, guya kontrast yaratmaq üçün müstəntiqin birinin həddən artıq şən (Aydəmir), o birinin ölüvay təsviri (Rəhimov) qətiyyən alınmayıb. Şit görünür. Bəzən tamaşaçıya elə gəlir ölüvay müstəntiq artıq gerçəkdən ölüb, şən müstəntiq isə prokuror yox, “Komedixana” verilişində işləyir.

Bu hər mövzuya “... mövsümü” adı qoşmaq da artıq gülməli klişedir. “Çaqqal mövsümü”, “Ov mövsümü”, nə bilim, “Toy mövsümü”... Bəlkə mən də “Köşə mövsümü” elan edim.

Serialın süniliyi haqda baxa-baxa bəzi qeydlər etmişəm. 7-ci bölümdə tikinti maqnatının ikinci oğlunu da doğrayıb zibilliyə atıblar. Maqnat infarkt olub, xəstəxanada yatır. Polislə prokuror isə maqnatın bacısının uydurma şikayət ərizəsini (çünki onu guya döyürlər, lakin döyülmə bizə göstərilmir, bacı da sappasağ ortada şingilim atır) böyük həyəcanla müzakirə edirlər: “Nə danışırsan? Şikayət edib?” Hələ bir-birindən inciyirlər: “Mənə hər şeyi de!” Pah. Rəhmətliyin uşağı, o tərəfdə qırğın olanda niyə həyəcanlı deyildiniz?

Göstərmə demişkən, kriminal seriallar üçün vacib olan əsas gərgin anlar - dava, ölüm, atışma, təqib və sairə - burada göstərilmir. Sanki teletamaşaya baxırıq.

Hansı seriyada idi unutmuşam, zindanda dindirmə gedir, məhbus müstəntiqə deyir: “Məni bağışlayın, getməliyəm”. Və həqiqətən durub gedir! O yerdə mən xeyli güldüm.

Başqa epizodda müstəntiqin otağında maqnat müttəhimi şillələyir, söyür, prokuror isə xahiş eləyir ki, lazım deyil. Belə prokurorluqdan biz də istəyirik.

Qurbanın birinin maşını guya “Quba yolu”nda (hamı bilir ki, Quba yolunda elə yer yoxdur) tapılıb, müstəntiq gəlir, baxış keçirmədən çıxıb gedir. Üstəlik, kiməsə zəng vurub “Kərimin avariyaya düşdüyünü” deyir. Kərim yox, maşın salamat, avariya haradan çıxdı? Həmin epizod ümumiyyətlə anekdot idi. Yol polisi prokurora məlumat verir: “Biz gələndə maşın işlək vəziyyətdə idi”. Heç on saniyə keçmir, prokuror təzədən soruşur: “Siz bura gələndə maşın işlək vəziyyətdə idi?” Əlbəttə. Efiri sözlə doldurmaq lazımdır, söz isə yoxdur. Başa düşürəm. Uydurmaq həmişə çətindir.

Bu sünilik hər epizoddan fışqırırdı. Məsələn, sevgililərin dialoquna baxın:

“- Dəlisən sən? Sən olmasan ölərəm mən.

- Səni sevirəm

- Mən də səni sevirəm".

Hə, biz də prokurorluğu sevirik...

Prokuror tikinti maqnatından ifadə almalıdır, vaxtı maqnat təyin edir. Yaxud əlinin altında milyonlarla vəsait fırlanan maqnatın evində qulluqçu yoxdur, çay-çörəyi arvadı şəxsən verir.

Yəqin qulluqçu çəkməyə büdcə çatmayıb, anlayışla qarşılayıram.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости