Свобода людям, независимость нациям!

Sumqayıt avtobuslarında qaynar həyat

1702 01.07.2022 09:10 Колумнисты A A

Hazırda “canlanır hər qarış yer Sumqayıtda”. Yayın qızmarına baxmayaraq, gənclik şəhərimizdən hər gün qaynar, maraqlı, ekzotik xəbərlər almaqdayıq. Bəzən gündə ikisi gəlir, xalq baxmağa, oxumağa çatdırmır. Məsələn, mən srağagün bir məclisdəydim, məlum oldu ki, orada iştirak edən yoldaşlardan biri Sumqayıtda avtobus sürücüsü ilə qadın sərnişinin davası barədə şort-filmi, yəni qısa filmi izləməyibdir. İnsafən, dedi buna vaxtı olmayıb, yoxsa vətənimizdəki proseslərə elə laqeyd vətəndaşlardan sayılmaz. Vaxtlı-vaxtında vatsapına girir, feysini düzəldir, tik-tokunu eşələyir.

Biz onu qınadıq, əlbəttə, o da üzr istədi, dedi bir də bu kimi hallara yol verməyəcəkdir. Hal dedim, yadıma düşdü, bizim zəhmətkeşlər, arasında xüsusən media aləmində yaşlı qadınları “xala” adlandırmaq dəbdədir. Buna yol vermək olmaz. Bəyəm o qadın sizin ananızın bacısıdır? Mədəni forması “arvad”, “zənən xeylağı”, uzağı “ay arvad” müraciətləridir.

Doğrudan da sumqayıtlı sürücünün vətənimizin övladı olan bir xanımı açıq qapıdan yola atması mənfi haldır. Savaşmaq yerinə, bir-birimizi sevsək nə olar? Məhəbbət artar. Hərçənd buna da mız qoyanlar tapılır. Dünən xəbər vardı, yenə Sumqayıtda, yenə avtobusda bir gənc oğlan telefonda pornofilm açıb yanında əyləşənlərə də göstərirmiş. Xalq şikayət edir, deyir hüquq-mühafizə orqanları tədbir görsün.

İndi nə edək? Bunu da polis tutub türməyə atsın? Halbuki əksini düşünün: əgər iki gün qabaqkı hadisədə avtobusun sürücüsü sərnişin xanımla birgə uyğun filmləri izləsəydi, bütün sərnişinlər də nümayişə qoşulsaydı, elə ağır, travmatik hadisələr törənərdimi? Savaşmayın, sevişin. Dünyadakı bir çox problemlərin səbəbi sevişmələrin azlığı üzündəndir.

Hərçənd sevişmə işində ağını çıxarmaq da ziyanlıdır, bu işin iki başı var, biz bunu Rusiyanın timsalında görürük. Xoşqədəm xanımın verilişlərindən də xalqımıza məlumdur ki, Rusiyada məhəbbət azaddır, hətta çox azaddır. Nəticədə dünyanı işğal edirlər. Gərək dövlət hər yerə öz yatağı gözü ilə baxmasın. (Bu yazının axırı hara gedib çıxacaq, heç özüm də bilmirəm. Allah xeyirə calasın).

Vətəndaşların bütün problemlərin həllində dövlətdən yardım istəməsi də özü-özlüyündə maraqlı situasiyadır. Sanki vətəndaş təşəbbüsləri yoxdur. Halbuki qabaqlar bizdə belə şeylərin zəngin təcrübəsi olmuşdur. Bunu “Yeni Müsavat”ın dünən dərc elədiyi möhtəşəm sənəddən - baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovun 2003-cü ildəki istintaq ifadəsindən açıq görmək mümkündür.

Əhvalatın qısa məzmunu belədir ki, 2000-ci illərin əvvəllərində Rəna Nəsibova adlı qadın polis polkovniki Hacı Məmmədovun başçılıq etdiyi quldur dəstəsi haqda prokurorluğa öz təşəbbüsü ilə informasiya verir. Banda adam, maşın oğurlayırdı, girov saxlayırdı, baş və qulaq kəsirdi, əsl qanqster qruplaşma idi. O baxımdan, Rəna xanımın ifadələri çox mühüm idi. Lakin baş prokurorluq ifadəni yoxlamaq, cinayət işi açmaq, dəstəni tutmaq əvəzinə, sizcə, nə eləyib? Oğurlanacağı ehtimal edilən növbəti biznesmenlərin ofisinə gedir, onlara... xəbərdarlıq edirmişlər! Ki, a kişi, bir az ehtiyatlı ol, səni girov götürmək istəyən namərdlər var. Tam da bu sözü deyirmişlər: “Ehtiyatlı ol”. Hətta məsləhət görürmüşlər axşam evə tək getməsin, arvad-uşaqla yola çıxsın, qapını daldan bağlasın və sairə.

Mən baş prokurorun və MTN-in birinci müavinlərindən “ehtiyatlı ol” məsləhəti alan o bədbəxt biznesmenlərin vəziyyətini təsəvvür eləməyə çalışıram, alınmır. Ehtiyatlı olub nə etmək lazım imiş, əgər dövlətin iki zırpı qurumu səni guya qoruya bilmirsə?

Hərçənd, deyəsən, biznesmenlər sağ qalıb, xəbəri gətirən Rəna xanımın isə ölüsü tapılıb. Buna kim cavabdehdir? Bəlkə Rüstəm müəllim? Xeyr. Avtobus sürücüləri suçludur! 

Sözümün canı odur ki, Sumqayıtda avtobusa minən xalalar ehtiyatlı olsunlar. Biri təpik atır, başqası porno izlədir... Dəli yığıncağıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости